Onlayn ictimai-siyasi qəzet
Əbu-Dabi şirkəti ölkənin ikinci böyük qaz yatağından pay aldı
Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) də iştirak edəcək. Bu barədə SOCAR-ın yaydığı məlumata görə, avqustun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Fransanın TotalEnergies şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında “Abşeron” yatağının işlənməsi layihəsindəki payların alqı-satqısına dair müqavilənin imzalanma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, TotalEnergies şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz, ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov sazişin əhəmiyyətindən bəhs edərək sənədin “Abşeron” layihəsinin gələcək inkişafında mühüm mərhələ olacağına inamını ifadə edib. Azərbaycanın enerji sənayesinin ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini bildirən nazir Azərbaycana xarici sərmayələrin daxil olmasında təbii resurslarla yanaşı, yaradılan əlverişli investisiya mühitinin xüsusi rol oynadığını vurğulayıb.
Daha sonra SOCAR, TotalEnergies və ADNOC şirkətləri arasında Abşeron qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payı əldə edəcək, SOCAR və TotalEnergies şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 faiz təşkil edəcək.
Azərbaycan hökumətində hesab edirlər ki, ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda apstrim (hasilat) layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkədə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür: “Saziş Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcək və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcək”.
İmzalanan müqavilə, həmçinin ADNOC-un “Masdar” vasitəsilə günəş, quru və dəniz küləklərindən və yaşıl hidrogendən 10 GVt bərpa olunan enerji tutumunun inkişaf etdirilməsi üçün SOCAR ilə əməkdaşlıq edərək, hər iki ölkənin ümumi enerji keçid gündəmini dəstəkləmək üçün investisiyasını tamamlayır.
Müqaviləni şərh edən ADNOC-un Aşağı Karbon Həlləri və Beynəlxalq İnkişaf üzrə İcraçı Direktoru Musabbeh Al Kaabi bildirib: “Qlobal qaz tələbatının qarşıdakı onilliklərdə davamlı olaraq artacağı gözlənildiyi üçün ADNOC dünyanın enerji ehtiyaclarını məsuliyyətlə qarşılamağa davam edəcək. ”Abşeron" kimi dünya səviyyəli obyektlərdə təbii qazın çıxarılması, SOCAR və TotalEnergies ilə bu strateji tərəfdaşlıq Xəzər regionunun gələcək onilliklər üçün potensialını açır və BƏƏ ilə Azərbaycan arasında daha geniş enerji əməkdaşlığını tamamlayır ki, bu da hər iki ölkənin qlobal bərpa olunan enerji sektorunun artımını sürətləndirəcək. Çünki hər iki ölkə enerji sektoruna keçid üçün cəsarətli addımlar atır".
SOCAR prezidenti Rövşən Nəcəf isə bildirib ki, Azərbaycanın əlverişli investisiya mühiti enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradır: “Bu xüsusi sövdələşmə bizim tərəfdaşlarımızla əlaqələri gücləndirmək öhdəliyimizi vurğulayır və Azərbaycanın enerji sektorunda etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir. Biz ümumi vizyonumuza və bir-birini tamamlayan güclü tərəflərimizə əsaslanaraq, TotalEnergies ilə birlikdə ADNOC ilə bu səyahətə çıxmaqdan məmnunuq”.
Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz ehtiyatlarının həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır.
“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. 2011-ci ilin sentyabrında “Total” şirkəti “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
“Abşeron” yatağından ilkin hasilata iyulun 10-da başlanıb. “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılması nəzərdə tutulur.
“Abşeron”dan ilkin mərhələdə ildə1,5 milyard kubmetr, ikinci mərhələdə isə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata 2027-ci ildə başlanması planlaşdırılır.
Maraqlıdır, dünya bazarında qaz qiymətləri kifayət qədər əlverişlidir. Neft qiymətləri isə daha yüksəkdir. Bu şəraitdə hasilatın başlanmış olduğu yataqda işlərə üçüncü tərəfin cəlbi hansı zərurətdən irəli gələ bilər?
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, ilk dəfədir ki, bir ərəb şirkəti Azərbaycanın hasilat layihəsinə daxil olur: “Fikrimcə, bu ona görə baş verib ki, ”TotalEnergies" və SOCAR “Abşeron-2" layihəsi üzrə nəzərdə tutulan daha iri həcmli kapital qoyuluşları üzrə RİSK dərəcələrini azaltmaq haqda razılığa gəliblər. Və Birləşmiş Ərəb Əmirliklərinin 90 faizdən çox neftini hasil edən Abu-Dabi Əmirliyi şirkətinin Xəzərin qaz layihəsinə yatırım etməsi ondan irəli gəlir ki, əvvəla, onun kifayət qədər kapitalı var. İkincisi, ADNOC Qərb şirkətləri kimi özünün inkişaf strategiyasında ”yaşıl enerji" ilə əlaqədar ənənənvi enerji daşıyıcıları layihələrinə yatırımlarla bağlı hansısa limitlə çərçivələnməyib. Nəhayət, üçüncüsü, BƏƏ-nin Azərbaycanla siyasi, iqtisadi münasibətləri kifayət qədər yüksək səviyyədədir, bu isə “Abşeron” kimi layihəyə yatırımlarına görə narahatçılığın minimum təşkil etməsi deməkdir".
Onu da bildirək ki, TotalEnergies ADNOC-la uzun müddətdir müxtəlif layihələrdə birgə işləyir. Azərbaycandakı layihədə payını azaltsa da, Fransa şirkəti Qərbin ən ağır sanksiyalarına məruz qalan Rusiyadakı layihədən çıxmayacağını açıqlayıb. Bu barədə şirkətin prezidenti Patrik Puyanne telekonfrans zamanı məlumat verib. O bildirib ki, şirkət Rusiyadan maye qaz - LNG alışını davam etdirəcək və bunu Rusiyadakı “Arktik LNG-2" layihəsindən qaz alışına dair müqavilədəki öhdəliklərlə izah edib.
Şirkət prezidenti bildirib ki, Rusiyadan əlavə qaz alınmayacaq: “Heç bir spot, əlavə həcmlər alınmayacaq. Biz Rusiyada bütün fəaliyyətləri uzunmüddətli müqavilələr əsasında həyata keçirirdik. Əgər ”Arktik LNG-2" layihəsi üzrə istehsal başlanacaqsa, bizim burada öhdəliklərimiz var". Puyanne həmçinin əlavə edib ki, şirkət müqavilə öhdəliklərinə Rusiyadan LNG alışına sanksiya qoyulana qədər əməl edəcək.
Bundan əvvəl Total Energies bəyan edib ki, Rusiyanın “Novatek” şirkətindəki 19,4 faizlik payını hesabatlılığa daxil etməyəcək. Bu, şirkətə 3,7 milyard dollarlıq dəyər itkisinə səbəb olacaq. Lakin Fransa şirkəti 20 faizlik paya sahib olduğu “Yamal LNG” layihəsindən çıxmağı planlaşdırmır.
İyul ayında məlub olub ki, “TotalEnergies” Türkiyədə bərpa olunan mənbələrdən enerji istehsalına başlayacaq. Türkiyə mətbuatının yazdığına görə, Fransa şirkəti yerli Renosans Enerji şirkəti ilə onun səhmlərinin 50 faizini əldə etməsinə dair müqavilə imzalayıb.
Renosans Enerji Türkiyədə ümumi gücü 166 MVt olan 6 Su Elektrik Stansiyasına sahibdir. Şirkətin 700 MVt gücündə akkumulyatorlardan günəş və külək elektrik enerjisi istehsalını nəzərdə tutan layihələri var. Renosans Enerji 2030-cu ilədək bərpaolunan mənbələrdən enerji istehsalı gücünü 2 GVt-a çatdırmağı nəzərdə tutur.
“TotalEnergies” və Renosans Enerji birgə istehsal etdikləri enerjini açıq hərraclarda, yaxud istehlakçılarla birbaşa müqavilə əsasında satacaqlar.
2023-cü ilin martında Fransa şirkətinin bərpa olunan mənbələrdən enerji istehsalı gücü 18 GVt təşkil edib. 2030-cu ilədək bu gücün 100 GVt-a çatdırılması planlaşdırılır.
Yeri gəlmişkən, “TotalEnergies”in xalis gəliri 2023-cü ilin ikinci rübündə illik ifadədə 28 faiz azalaraq 4,088 milyard dollar təkil edib. Analitiklər 5,12 milyard dollarlıq gəlir proqnozlaşdırmışdılar.
Baxmayaraq ki, ikinci rübdə şirkətin hasilatı “Novatek” xaricində 2 faiz artıb, gəliri ötən ilki 74,774 milyard dollardan 56,271 milyard dollara qədər azalıb.
Azərbaycan hökuməti Fransa şirkəti ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. M.Cabbarovun avqustun 4-də Tvitter hesabında yazdığına görə, Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə energetika sahəsində həyata keçirilən layihələri və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib: “SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ”TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən layihələr və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq",- deyə M.Cabbarov qeyd edib.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ