Onlayn ictimai-siyasi qəzet
Rusiya və İran Qərbin Xəzərə daxil olacağından narahatdır
“NATO Qara dənizdə öz imkanlarını genişləndirməyə çalışır və Xəzər dənizinə çıxış əldə etməyə çalışır”. Bu barədə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında bildirib.
Politoloq Elxan Şahinoğlu Bortnikovun dediklərini şərh edərkən bildirib ki, Xəzərsahili ölkələrdən yalnız Azərbaycan və Qazaxıstan NATO ilə əməkdaşlıq edir və bu təşkilatın bir sıra proqramlarında iştirak edir. Ancaq Azərbaycanın və Qazaxıstanın NATO ilə əməkdaşlığı Şimali Atlantika Blokunun Xəzərə çıxışına imkan yaratmır. Azərbaycanın və Qazaxıstanın NATO ilə əməkdaşlığının Xəzərə aidiyyəti yoxdur.
O da sirr deyil ki, Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı - NATO ilə əlaqələrə xüsusi önəm verib və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edib. Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası 1994-cü ilin mayında “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. İki gün əvvəl isə Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş konfrans çərçivəsində alyansın baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bəs Bortnikovun eyhamı nə deməkdir? Rusiya və İran kimi dövlətlər Bakının NATO ilə əməkdaşlığından niyə narahat olurlar?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, NATO artıq Qara dənizə əlini uzada bilib. Çünki Ukrayna ilə NATO-nun, ABŞ-ın hərbi-siyasi əməkdaşlığının sürətlə dərinləşdiyi bir vaxtda bunun perspektivdə daha ciddi reallığa çevriləcəyini unutmaq olmaz: “İndinin özündə Ukraynanın hərbi strukturları vasitəsilə Amerikanın və NATO-nun müəyyən proqramları Qara dənizdə işləyir. Lakin əlbəttə, Şimali Atlantika Blokunun uzaq planlarından biri Qara dənizin hüquqi rejiminin dəyişdirilməsinə nail olmaq, Qara dənizdəki boğazların rejiminin müəyyənləşdirilməsinə nail olmaq, NATO-nun hərbi gəmilərinin Qara dənizə istənilən vaxt daxil ola bilməsi imkanının təminidir. Ən azından Ukraynanın Qara dənizdə mövcud donanmasının NATO sisteminə transferi və dolayısı ilə bu donanma vasitəsilə Qara dənizdə möhkəmlənmək imkanları artıq bu hərbi blok üçün açılıb. Hər şey gələcəkdə Rusiya-Ukrayna müharibəsinin taleyindən asılı olacaq. İstisna deyil ki, bu, müharibənin Qərb sxemləri üzrə başa çatacağı təqdirdə Qara dəniz həm də NATO-nun dənizinə çevrilə bilər. Eyni zamanda NATO üzvü olan digər ölkələrin də Qara dənizdə hərbi bazaları var. Bunlar Rumıniyanın hərbi bazasıdır. Rumıniya NATO-nın şərq cinahında ən böyük dayaqlarından biri sayılır. NATO Rumıniya vasitəsilə də adıçəkilən dənizdə möhkəmlənməyə cəhd göstərir. Bir sözlə, Qara dəniz NATO sistemi üçün qapalı dəniz deyil. O ki qaldı Xəzər dənizinə, burada hazırkı şəraitdə yalnız gələcək planlardan danışmaq mümkündür. Aydın məsələdir ki, Rusiya rəsmilərinin NATO-nun Xəzər regionuna can atması ilə bağlı söylədikləri gələcəyə yönəlmiş təhlükələrdən xəbər verir. Ona görə ki, istənilən bir strateq bu gün Şimali Atlantika blokunun həm də Xəzər dənizində möhkəmlənməyə cəhd göstərdiyini görməyə bilməz”.
A.Quliyevin fikrincə, indiki şəraitdə bunun baş tutmasının nə qədər qeyri-real görünməsinə baxmayaraq unutmaq olmaz ki, müəyyən müddət sonra gerçəkləşə bilər. Rusiya və İran da bundan narahatdır: “İndiki şəraitdə NATO-nun, eləcə də Avropa Birliyinin və ABŞ-ın Cənubi Qafqazda daha möhkəm nüfuz dairələri uğrunda mübarizə apardığı şəksizdir. Bu nüfuz dairələrini ona görə yaradırlar ki, birinci növbədə Cənubi Qafqazda NATO-nun, Avropa strukturlarının hərbi, siyasi mövcudluqlarını təmin etsinlər. Əgər Ermənistan qərbyönümlü siyasəti tam şəkildə dərinləşdirməyə nail olsa, eləcə də Gürcüstanın Qərblə inteqrasiyası tərəfdarları olan siyasi cərəyan qalib gəlsə, NATO-nun Cənubi Qafqaza doğru irəliləməsi üçün yeni imkanlar açıla bilər. Bu zaman isə istər-istəməz Xəzər hövzəsində yerləşmək imkanları açması demək ola bilər. Aydın məsələdir ki, Azərbaycanın mövqeyi həm özünün, həm də bölgənin maraqlarından yanadır. Kənar, uzaq hərbi sistemlərin Xəzər dənizinə gəlişi ilə bağlı Azərbaycan tərəfdən narahat olmaq üçün əsas yoxdur. Amma məsələ burasındadır ki, bu gün Ermənistanın siyasəti və müəyyən qədər Gürcüstanda bəzi dairələrin apardığı siyasət həqiqətən NATO-nun Xəzər regionuna gəlişini gələcəkdə açılmış imkanlardan birinə çevirə bilər. Ancaq indiki şəraitdə NATO-nun Xəzər dənizində peyda ola bilməsi hələlik mümkünsüz görünür. Gələcəkdə mövcud ola biləcəyini istisna etmək olmaz”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ