İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın müstəqilliyinə təhlükə vəd edən iddialar

Moskvadan sonra Pekin rəsmisi də hesab edir ki, SSRİ-dən ayrılmış respublikaların “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”

Çinin Fransadakı səfiri Lu Şayenin Fransanın “LCI” kanalına verdiyi müsahibəsində  keçmiş Sovet İttifaqının dağılmasından sonra yaranan yeni müstəqil dövlətlərin milli suverenlik hüququnu inkar etməsi beynəlxalq qalmaqala səbəb olub.  Diplomat Krım yarımadasının Ukraynanın bir hissəsi olub-olmaması sualına cavab olaraq bildirib: “Krım yarımadasının suverenliyini müəyyən edən və təsbit edən heç bir beynəlxalq müqavilə yoxdur. O cümlədən keçmiş Sovet İttifaqının parçalanmasından yaranan müstəqil ölkələrin”.

Onun söylədiyi fikirlər  Azərbaycana da aidiyyəti olan mövzunu gündəmə gətirib. Rəsmi Pekinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Amma indi Çin səfiri keçmiş Sovet İttifaqından müstəqil olmuş ölkələrin milli suverenlik hüququnu belə inkar edir. Xatırladaq ki, dağılmasından əvvəl Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Baltikyanı üç ölkə (Estoniya, Latviya və Litva) daxil olmaqla, Sovet İttifaqı federativ dövlət idi.

Aparıcı səfirə “Krım kimindir” sualı ilə müraciət edib. Çinli diplomat Krımı “tarixi rus ərazisi” adlandırıb. Çin səfiri müsahibəsində “irəli gedərək”, ümumiyyətlə, müstəqilliyini qazanan keçmiş sovet ölkələrinin “beynəlxalq hüquqda effektiv statusunun olmadığını” bildirib. Çinli diplomatın sözlərinə  görə, müstəqilliyini qazanan dövlətlərin “suveren ölkə statusunu reallaşdıracaq heç bir beynəlxalq müqavilə yoxdur”.  Çinli səfirin “məntiqinə” görə Ukrayna, Gürcüstan, Azərbaycan və SSRİ-nin tərkibindəki keçmiş respublikaların müstəqillikləri nominal xarakter daşıyır.

Səfirin iddiaları xüsusilə Baltikyanı ölkələrin qəzəbinə səbəb olub. Latviya, Litva və Estoniyadan ibarət üç ölkə Çinin bu ölkələrdəki səfirini XİN-ə çağıraraq, onlardan məlum bəyanata dair izahat istəyiblər.

Фёдоров, Евгений Алексеевич — Википедия

 Yevgeni Fyodorov

Maraqlıdır ki, bir neçə gün əvvəl Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib ki, “beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan qeyri-qanuni olaraq SSRİ-dən çıxıb. Belə ki, o, proseduru başa çatdırmayıb”. Onun sözlərinə görə, bu səbəbdən də İrəvanın Moskvanın müttəfiqi hesab olunması üçün heç bir hüquqi əsası yoxdur. “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan SSRİ-dən çıxmayıb, deməli, Sovet dövlətinin hüquqi varisi kimi Rusiyadan da ayrılmayıb. Bu səbəbdən də Moskva və İrəvan münasibətlərini bu statusa əsaslanaraq davam etdirməlidirlər. Ermənistan müstəqil olmalıdır, lakin nəzərə alınmalıdır ki, bu ərazi beynəlxalq hüquq baxımından mübahisəli ərazidir”, - deyə Fyodorov qeyd edib. Bu mövqeyi Rusiyanın İrəvandan narazılığı kimi də izah etmək olar. Amma belə görünür ki, Çinin Moskvanın gündəmə gətirdiyi məsələni daha da böyütməsi, postsovet ölkələrinin müstəqilliyinə şübhə toxumunu səpməsi təsadüfi deyil.  Moskva və Pekinin Sovet İttifaqından müstəqil olmuş ölkələrin milli suverenlik hüququnu inkar edən bu mövqeyinin Azərbaycan üçün də təhlükəsi varmı?  Söhbət hansı “hüquqi prosedur”lardan gedir? Rusiyadan sonra Pekinin də bu mövzunu gündəmə gətirməsinin səbəbləri nədir?

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva bildirdi ki, Fransadakı səfirin bu mövqeyi Çin dövlətinin hazırkı xarici siyasətində elan etdiyi nə prioritetlərlə, nə strategiya ilə uyğun gəlir: “Çin bu gün dünyada qlobal səviyyədə nizamlayıcı və tənzimləyici rolu üzərinə götürən ölkə kimi çıxış etməyə çalışır. İstər Ukrayna mövzusunda, istər digər mövzularda Çin özünü qlobal oyunçu kimi təqdim edir, özünü təsdiqləməyə çalışır. Çinin regionlara yönəlik siyasətində isə fərqliliklər var. Bu siyasətində də ümumi bir prioritetlər mövcuddur. Məsələn, Avropa İttifaqı və ABŞ-a yönəlik siyasətində Çin hesab edir ki, Avropa İttifaqı ABŞ-dan iqtisadi asılılığını azaltmalıdır və Avropa İttifaqı Qərb dünyasından ayrıdır. Əslində bu, Qərb dünyasını bölmək cəhdidir. Fransa prezidenti Makronun Çin səfəri zamanı elan etdiyi mesajlar da bu istiqamətdədir. Fransadakı Çin səfirinin məlum açıqlamalarını da bu istiqamətdə şərh etmək lazımdır. Çin səfirinin bu müsahibəsi Çinin xarici siyasətindəki real məramlarının elan olunmasıdır. Bu müsahibə onu göstərdi ki, Çin Ukrayna müharibəsində və digər regionlar arası məsələlərdə nizamlayıcı rolu oynaya bilməz. Fransadakı həmin səfiri Çin diplomatiyasının qırğısı adlandırırlar. Onu Avropaya-Fransaya təsadüfən səfir göndərməyiblər. O, əslində Fransada oturaraq Avropa İttifaqının bütövlüyünü şübhə altına alır. Pribaltika ölkələrinin müstəqil ölkələr olmadığını hesab etməsi Avropa İttifaqının bütövlüyünə qarşı çıxmaqdır. Düzdür, hazırda Çin hökuməti Fransadakı səfirlərinin açıqlamalarındakı fikirlərdən imtina edir və bu müsahibənin səfirliyin səhifəsindən yığışdırılmasını təmin edib, amma buna rəğmən səfir Lu Şayenin Çin diplomatiyasının əsl üzünü göstərdi. Çin nə fikirləşir səfir onu səsləndirdi. Çin postsovet respublikalarının hamısını Rusiyanın maraq dairəsinə daxil hesab edir. Səfir məlum açıqlaması ilə sanki bir xəbərdarlıq mesajı da verir bu respublikalara. Çin səfiri BMT-nin üzvü olan müstəqil respublikaların müstəqilliyini mübahisələndirir, şübhə altına alır. Bununla həm də BMT-nin bütövlüyünü şübhə altına almış olur. Bunu təsadüfi müsahibə adlandırmaq olmaz”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, təkcə Azərbaycan yox, bütün keçmiş sovet ittifaqı respublikalarının böyük əksəriyyətində Çin səfirinin bu çıxışı təxribatçı bir çıxış kimi dəyərləndirilib. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən respublikaların suverenlik hüququnun inkar edilməsi təbii ki, beynəlxalq hüquq normalarına, BMT-nin qəbul etdiyi sənədlərə ziddir: “Rusiyada da son dövrlər bəzi təxribatçı "siyasətçilər"in Ermənistanı misal göstərməklə keçmiş sovet ittifaqı respublikalarını ittifaqdan ayrılmasını qeyri-qanuni adlandırması həmin respublikaların hər biri üçün təhdid və onların suveren hüquqlarının pozulmasıdır. Bu dövlətlərin hər biri SSRİ dağıldıqdan sonra Almatı bəyannaməsi ilə özlərinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı deklarasiyanın qəbul edilməsi ilə müstəqil dövlətlər olaraq fəaliyyətə başlayıblar, BMT üzvlüyünə, digər beynəlxalq təşkilatlara qəbul olunublar. Onda belə çıxır ki, Çin səfirinin açıqlaması həm də BMT başda olmaqla, digər böyük beynəlxalq təşkilatların atdıqları addımlara qarşıdır. Çin-Rusiya yaxınlaşmasının sürətləndiyi bir zamanda Çin səfirinin belə bir açıqlama verməsi təsadüfi deyil. Bu, daha böyük gələcək problemlərin əsasını qoya biləcək fikirdir. Beynəlxalq hüququn tam hüquqlu subyekti olan respublikalara qarşı o cür sərsəm fikirlərə dövlətlərin hər biri izahat istəməlidir".   

 Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR