İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın hərraca çıxarılan tarixi əşyaları, müəmmalı dəfinələr: “Bəs qızıl hanı?”

Azərbaycanda onlayn şəkildə fəaliyyət göstərən hərrac resurslarında tarixi dəyəri yüksək olan əşyaların, eləcə də pulların satışı həyata keçirilir. Bu səhifələrdə hətta yaşı az qala min ili haqlayan eksponatların adi bir əşya kimi, ucuz satıldığını görə bilirik. Məsələn, bir müddət əvvəl belə səhifələrdən birində 1344-56-cı illərdən qalan gümüş sikkə cəmi 25 manata, Hülakü xan dönəminə (1256-65) aid gümüş sikkə isə 50 manata satılıb.

Əsrlərlə yaşı olan bu sikkələrin və digər tarixi əşyaların belə ucuzlaşdırılmasına səbəb nədir? Bunlar necə və kimlər vasitəsilə hərraca çıxarılır? Belə hərraclar qanunvericiliklə necə tənzimlənir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, istənilən formada hərraclar keçirilə bilər:

EKREM.jpg (30 KB)

“Hərraclar əyani və onlayn şəkildə keçirilə bilər. Hər kəs özünə məxsus əşyaları hərraclarda satışa çıxara bilər. Bununla bağlı qanunvericilikdə hansısa məhdudiyyət yoxdur. Burada əsas olan - vergilərin ödənilməsidir”.

Mütəxəssis qeyd edib ki, burada əşyaların təsnifatına görə məhdudiyyətlər mümkündür:

“Əşyaları müxtəlif şəkildə qruplaşdırmaq olar. Məsələn, silah və narkotik vasitələr dövriyyədə olması qadağan edilən əşyalara aiddir. Məhdud dövriyyəsi olan məhsullara bir sıra tibbi preparatlar daxildir ki, bunların dövriyyəsi üçün xüsusi icazə lazımdır.

Tarixi əşyalar isə satıla bilər, amma ölkədən çıxarıla bilməz. Yəni əcnəbiyə satıla bilər, amma ölkədən çıxarıla bilməz”.

Tarixçi alim, dosent Zaur Əliyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur:

“Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına uyğun qorunur. Ölkəmizdə qanunlar tarixi, arxeoloji və milli-mədəni dəyərləri olan əşyaları, pulları, qabları və sairi qoruyur. Lakin bu qanunlar işləyirmi?

Sosial şəbəkələrdə müxtəlif hərrac səhifələri var, bunlar Azərbaycanın tarixinin müəyyən dövrlərinə aid olan dəyərli əşyaların, tapıntıların satışını rahat surətdə həyata keçirirlər. Bir ay öncə Azərbaycanda erkən orta əsrlərə aid çox dəyərli üzük satışa çıxarılmışdı, üzərində Qobustan qayalarında rəsmi olan Kayı boyunun damğası ilə. Elə qiymət dedilər ki, yaxın durmaq olmadı. İstəyirdim, alım, yad əllərə düşməsin.

“Facebook” sosial şəbəkəsində analoji hərrac səhifələri var. Bir neçə dəfə onlardan soruşdum ki, tarixin müxtəlif dövrlərinə aid pullar, sikkələr və digər tarixi əşyaların hansısa naməlum şəxslər tərəfindən bu səhifədə hərraca çıxarılması nə dərəcədə doğrudur? Yaxud sadaladıqlarım onların əlinə necə keçib? Təsəvvür edin, satışa çıxarılanlar arasında sovet dövründə və müstəqilliyin ilk illərində kitabxanalar üçün böyük pullar hesabına alınmış çox nadir kitablar var idi. Özü də üzərində kitabxanaların möhürü ilə.

Mən bir neçə dəfə müəyyən qurumlardan məsələ ilə bağlı məlumat istədim, verdikləri cavaba diqqət edin: “Bu əşyalar şəxsi kolleksiyalara aid olduğundan ölkə ərazisində dövriyyəsinə məhdudiyyətlər tətbiq olunmur”. Ölkənin tarixini və milli kimliyi təmsil edən əşyalar şəxsi kolleksiyada necə ola bilər? Sabah mən gedib xəzinə tapsam, onu tutub dərhal əlimdən alacaqlar ki, dövlət malıdır. O zaman bu əşyalar haradan tapılıb və şəxsi kolleksiyalara verilib? Bunlar məgər xəzinə və sərvət axtaran qara arxeoloqlara məsuliyyət yaratmır?”

Tarixçinin fikrincə, şəxsi kolleksiyada olan əşyaların da pasportu olmalıdır:

“Ölkə ərazisində aşkarlanan hər bir arxeoloji tapıntı niyə dövlət qurumlarına təqdim edilib sertifikat alınmır və dərhal hərraca çıxarılır? Şəxsi kolleksiyada olan tarixi əşyaların da əldə edilməsi barədə rəsmi sənəd olmalıdır. Şəxs bunu hüquqi çərçivədə əldə edibsə, buyursun, şəxsi kolleksiyada saxlasın. Yoxsa qara arxeoloqlardan alınan əşyalar dövlətin sərvəti sayılır.

Əşyaların orijinallığı Mədəniyyət Nazirliyinin Ekspert Komissiyasında baxıldıqdan sonra müəyyənləşdirilə bilər. Bu halda ekspertlər tərəfindən həmin əşyaların tarixi əhəmiyyət kəsb edən mədəni sərvət olması barədə qərar qəbul edilir. Ekspert Komissiyasının müvafiq icazə sənədi (sertifikat) olmadan maddi mədəniyyət nümunələrinin gömrükdən keçirilərək ölkə xaricinə daşınması mümkün deyil. Hesab edirəm ki, bu qayda ölkə daxilində də tətbiq edilməlidir”.

Z.Əliyev qeyd edib ki, Azərbaycana məxsus tarixi əşyalar xaricdə keçirilən hərraclara da çıxarılır:

“Böyük Britaniyada əntiq əşyaların hərracı ilə bağlı çox məşhur veb-səhifə var. Orada auksiona çıxarılan əşyalar arasında Azərbaycan xalçalarına da rast gəlmək mümkündür. Dəyəri minlərlə dollar olan Qarabağ xalçalarının Böyük Britaniyaya qədər gedib çıxması və satışa qoyulması ciddi suallar yaradır. Eynilə Avstriyadakı məşhur hərrac saytında qədim Azərbaycan xalçalarının qiyməti 2-5 min avrodan başlayır.

Yaxud Berlin Etnologiya Muzeyinin müdiri İnqrid Şindlbek 1992-ci ildə Azərbaycana gəlib və buradan 120 ədəd qədim əşyanı alıb aparıb. Buxara papaq, milli geyim nümunələri, çarıq, kilim, xalça, mütəkkə, kəlağayı və digər baş örtükləri, Quran üçün altlıq, siqarqabı, lampa, gülabqabı, camlar və sair kimi dəyəri milyonlarla ölçülən bu əşyalar ondan niyə geri alınmır?

Bakıda qədim əşyalar satılan dükanlara niyə nəzarət edilmir? Sonra bizə məxsus əşyalar xarici muzeylərdə, hərraclarda erməni-fars mədəni irsi adı altında nümayiş etdirilir, satışa qoyulur. Bunu kimlərin etdiyi sual doğurur - ermənilər, yoxsa azərbaycanlılar özləri? İstənilən halda, hüquqi cəhətdən araşdırılmalıdır.

Sadəcə, bir misal çəkəcəyəm, ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış və əvəzsiz tarixi-mədəni dəyər kəsb edən eksponatlardan şüşə qab (b.e.ə. II əsr), tunc qolbaq (b.e.ə. V-IV əsrlər), tunc boyunbağı (b.e.ə. V-IV əsrlər), tunc xəncər (b.e.ə. IX-VIII əsrlər), gil qab (b.e.ə. IV-I əsrlər), tunc maral fiquru (b.e.ə. V-IV əsrlər), küp (b.e.ə. VIII əsr), eyni zamanda, eramızın XIII əsrinə aid edilən müxtəlif ölçülü daş kitabələrlə yanaşı, xalq sənətkarlığının nümunəsi olan satıl (XIX əsr), dolça (XIX əsr), məcməyi (XIX əsr), manqal (XIX əsr), həmçinin sikkələr, qızıl əşyalar, gümüş məmulatları və sairə niyə hərrac yolu ilə xarici muzeylər tərəfindən alınır?

Fransanın məşhur Luvr muzeyinın “X” hesabında yazılıb ki, orada Azərbaycanda tapılmış küp nümayiş etdirilir. Qeyd olunub ki, müasir Azərbaycanın ərazisində tapılmış küp 1000-1300-cü illərə aiddir. Eksponat hazırda muzeyin İslam Mədəniyyəti bölməsində nümayiş etdirilir. Özü də on il bundan öncə aparılıb. Kim izn verir bunları ölkədən çıxarmağa?”

Zaur Əliyevin diqqətini çəkən maraqlı məqamlardan biri də yerli muzeylərimizin heç birində qızıldan hazırlanmış məmulatlara rastlaşmamasıdır:  

“Azərbaycanda əksər muzeylərdə olmuşam. Ancaq deyə bilərəm ki, ölkəmizdəki muzeylərdə, demək olar ki, qızıldan əşyalar yoxdur. İllərdir ölkədə qazıntılar aparılır, bu qədər pullar xərclənir arxeoloji araşdırmalara, amma ortaya çıxan dəmir-dümür, kəllə sümükləri, bürünc, uzaqbaşı gümüş pullardır. Azərbaycanda qızıl yataqları var, Böyük İpək Yolunun üstündə olmuşuq, qədim inanclarda insan dəfn ediləndə yanında qızıl əşyalar qoyulub. Bəs necə olub ki, son yüz ildə arxeoloji qazıntılar zamanı qızıl pullar, zərgərlik əşyaları tapılmayıb? Belə çıxır ki, ta qədimdən xanlıqlar dövrünə qədər elə gümüş və dəmir istifadə ediblər?

Niyə kurqanlarda, qədim şəhər qalıqları içərisində bir qram belə qızıl tapılmayıb? Tapılıbsa, niyə muzeylərdə yoxdur? Elə təkcə Nadir şah dövründə Hindistandan tonlarla qızıl gətirilib Azərbaycana, nə əcəb onların biri belə arxeoloji qazıntılar zamanı ortaya çıxmayıb? Ölkəmizin tarixinin qədim və orta əsrlər dövründə istifadədə olmuş bir qızıl sikkə belə, ortada yoxdur. Bəs hanı bunlar? Amma antik qızıl əşyalar rahatlıqla hərraca çıxarılır.

Qeyd edim ki, Azərbaycanda təkcə son illərdə antik dövrə aid 10-dan çox dəfinə tapılıb. Onlardan cəmi iki-üçü Tarix Muzeyinə təhvil verilib. Təsəvvür edin ki, 2 300 il bundan öncə basdırılan dəfinələr, qızıl sikkələr bizim dövrə qədər gəlib çatıb. İndi görün, əvvəlki illər ərzində nə qədər dəfinələr aşkar olunub?! Nə qədər dəfinə də hələ yerin altındadır! Bu dəfinələr axtarmaqla yox, təsadüfən tapılır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada dəfinə tapılmasın. Amma həmin tapıntıları muzeylərimizdə görə bilirikmi? Bu tarixi cinayət edənləri tapıb cəzalandırmaq lazımdır ki, digərlərinə də görk olsun”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR