İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın baş diplomatının kritik Moskva səfəri - Rusiya atdığı “daşları” yığacaqmı

3+3 əməkdaşlıq formatı da müzakirə olundu; Lavrov: “Tərəflər sülh müqaviləsinin Almatı Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya işgüzar səfər edib. Hələ görüşdən öncə Xarici İşlər Nazirliyi Bayramov-Lavrov görüşündə müzakirə olunacaq mövzuları açıqlamışdı.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılırdı.

XİN qeyd etmişdi ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir: “Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Görüş xüsusən də Lavrovun iki gün öncə Qarabağla, statusla bağlı söylədiyi və erməniləri qəzəbləndirən fikirləri fonunda diqqət çəkirdi. Bununla belə, Bakının da Moskvaya xeyli sualları yığılmışdı. İlk növbədə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin separatçılara dəstəyi ilə bağlı (əraziyə silah-sursat keçirilməsi, Vardanyan layihəsi, maddi sərvətlərimizin xaricə daşınması, Rusiya Müdafiə Nazirliyinin Bakının etirazına səbəb olan təxribatçı bülletenlər yaymağa davam eləməsi və s.) Moskva Bakının haqlı narazılıqlarını, nəhayət, ciddiyə alacaqmı, “daşları” yığacaqmı?

Görüşdən öncə ən çox bu suallar ətrafında müzakirələr gedirdi.

APA-nın Moskva müxbirinin məlumatına görə, XİN rəhbərimiz səfəri çərçivəsində ilk öncə Aleksandr Bağında “Naməlum əsgər”in məzarı önünə əklil qoyub. Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq”, - Lavrov vurğulayıb.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir.

“Bundan başqa, regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB-də əməkdaşlıq və digər proseslər də gündəlikdədir”, - Rusiya XİN başçısı əlavə edib.

Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında fəal dialoqun sübutudur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu C.Bayramov Lavrovla görüşün protokol hissəsində çıxışında bildirib.

Azərbaycan XİN başçısı qeyd edib ki, bugünkü müzakirələrin mühüm mövzusu münaqişədən sonrakı məsələlər və üçtərəfli razılaşmaların icrası olacaq.

Görüşün yekununda Azərbaycan və Rusiya arasında sənədlərin imzalanması mərasimi keçirilib. Hər iki ölkə arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr planı imzalanıb.

Nazirlər arasında görüşün yekunları ilə əlaqədar mətbuat konfransı da keçirilib.

“Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Bunu Lavrov mətbuat konfransında bildirib.

Rusiyalı nazir azərbaycanlı həmkarı ilə görüşünü müsbət qiymətləndirib. O qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafına ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir.

Lavrov onu da bildirib ki, Ceyhun Bayramovla görüşündə 3+3 əməkdaşlıq formatı da müzakirə olunub. O, artıq bu formatda bir dəfə görüşün keçirildiyini söyləyib. Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan var: “Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almatı Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir”.

Lavrov fikirlərinə bu cür davam edib: “Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bugünkü görüşündə Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti müzakirə olunub”.

“Azərbaycanın dövlət strukturları yerdə Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır. Azərbaycanlı qonşularımızda, həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur”, Lavrov deyib.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir.

APA xəbər verir ki, bu fikirləri də Ceyhun Bayramov mətbuat konfransında səsləndirib.

Nazir Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatlarını tam icrasının vacibliyini bildirib və əlavə edib ki, Ermənistan hələ də üçtərəfli bəyanatları tam icra etmir.

XİN rəhbəri qanunsuz erməni hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmadığını vurğulayıb.

“Azərbaycan tərəfi sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistan tərəfinə təqdim edib”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür: “BMT Nizamnaməsi və Almatı Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır”.

XİN rəhbərimiz bəyan edib ki, Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir: "Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib".

C.Bayramov bəzi qüvvələrə mesaj da ünvanlamağı unutmayıb: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə birtərəfli qaydada müdaxilələrin olunmasını qeyri-məhsuldar hesab edirəm”.

Nazirin sözlərinə görə, Azərbaycan danışıqlar prosesində iştirak edərək hər zaman Cənubi Qafqazda vəziyyətin gərginləşməməsinə, qarşıdurmaların yaranmamasına çalışır.

“Azərbaycan rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara minnətdardır”.

“Report” xəbər verir ki, bunu Ceyhun Bayramov mətbuat konfransında deyib.

“Əlavə təşəbbüslər və təkliflər haqqında danışarkən, təbii ki, bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara çox minnətdarıq. Biz, əlbəttə ki, fundamental normaları və beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Yəqin ki, bütün iştirakçılar, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edənlərin hamısı Azərbaycan tərəfinin mövqeyinin çox ardıcıl, sistemli olduğunu təsdiq edə bilər.

Mənə elə gəlir ki, birincisi, tarixi ədalətə, ikincisi, beynəlxalq hüquqa söykənən mövqe qurmaq və səsləndirmək asandır. Biz bundan sonra da bu yola sadiq qalacağıq", - Azərbaycanın xarici işlər naziri bildirib.

Deputat Azər Badamov – “Buraxılış imtahanları yenidən keçirilsin”

Azər Badamov: “Bu gün Rusiya üçün tərəfdaşları itirmək yox, əksinə...”

Deputat Azər Badamov şimal qonşumuzun davranışlarında dəyişikliklər edəcəyini istisna etmir: “Azərbaycanın Rusiya ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsi ölkələrimiz arası qarşılıqlı investisiya yatırımlarının və ticarət dövriyyəsinin artmasına gətirib çıxarır. Ceyhun Bayramovun Moskvaya səfəri çərçivəsində ölkələrimiz arası ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi istiqamətində məsələlər müzakirə olunub. Amma əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı məsələlər olub. Çünki baş verən hadisələr Qərbi Rusiyadan ayrı salıb. Bu gün Rusiya üçün tərəfdaşları itirmək yox, əksinə, tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi vacibdir. Çox təəssüf ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyəti ilə bağlı açıqladığı hesabatlarda ədalətsiz mövqedən çıxış edir. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə dəfələrlə öz etirazını bildirib. Bu məsələ XİN rəhbərlərinin müzakirəsi mövzusu da olub. Hesab edirəm ki, Rusiya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək və regionda sülhün yaranması istiqamətində öz davranışlarında dəyişiklik edəcək”.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC

Elçin Mirzəbəyli: “Ceyhun Bayramovun Moskva səfəri önəmli bir zaman kəsiyinə təsadüf etdiyi üçün...”

Siyasi analitik Elçin Mirzəbəyli isə real görüntünün proseslərin inkişaf dinamikasından asılı olduğunu düşünür: “Ceyhun Bayramovun Moskva səfəri önəmli bir zaman kəsiyinə təsadüf etdiyi üçün diqqət mərkəzində idi. Bölgədə artan hərəkətliliyin fonunda Azərbaycan və Rusiya XİN rəhbərlərinin mesajları, həmçinin iki ölkənin diplomatik idarələri arasında məsləhətləşmələr planının imzalanması, Bakı və Moskvanın bir sıra fikir ayrılıqlarına baxmayaraq, intensiv dialoq içərisində olacaqlarından xəbər verir. Bu xüsusda Sergey Lavrovun bir neçə gün öncə verdiyi açıqlamada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlərini, həmçinin Ceyhun Bayramovla birgə mətbuat konfransında iki ölkə arasındakı əməkdaşlıq vektorunun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ilə müəyyən edildiyi barədə bəyanatını nəzərə almağın vacib olduğunu düşünürəm. Əgər həqiqətən də Rusiya Cənubi Qafqazdakı proseslərə sözügedən bəyannamədə yer alan öhdəlikləri çərçivəsində yanaşacaqsa, o zaman sülhməramlıların fəaliyyəti və digər məqamlarla bağlı məsələlərin narahatlıq doğurmayacağını düşünürəm. Qənaətimə görə, iki ölkənin XİN-ləri arasında imzalanan Məsləhətləşmələr Planı 2023-cü ildə həyata keçirilməsi vacib olan bir sıra mühüm məsələlərin, o cümlədən sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin açılması, sülh müqaviləsi və digər istiqamətlərin ikitərəfli münasibətlər müstəvisində intensiv müzakirəsini nəzərdə tutur. Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundunun ilin sonuna qədər baş tuta biləcəyi ilə bağlı deyilənlər isə rəsmi Moskvanın zəmanətçi və vasitəçi tərəf kimi fəaliyyətini aktivləşdirmək niyyətində olduğunu nümayiş etdirir. Hər halda, bugünkü mənzərə belə düşünməyə əsas verir, real görüntü isə proseslərin inkişaf dinamikasından asılı olaraq özünü büruzə verəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR