İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın 7 universiteti bu səbəbdən beynəlxalq reytinqdə yer ala bilib -DETALLAR

Məlum olduğu kimi COP29 çərçivəsində reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Siyahıda Azərbaycanın 7 ali təhsil müəssisəsi yer alıb. Onlar aşağıdakılardır:

Bakı Dövlət Universiteti
UNEC
ADNSU
BMU
AZMİU
AzTU
Xəzər Universiteti

Bakı Dövlət Universiteti (BDU) 941-950, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1081-1100, Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) 1351-1400, Bakı Mühəndislik Universiteti ( BMU) 1451-1500-cü, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU), Azərbaycan Texniki Universiteti (AzTu) və Xəzər Universiteti 1500+ yerdə qərarlaşıb.

"Azərbaycanın bu cür nailiyyətləri ali təhsil sahəsində daha böyük hədəflərə çatmaq üçün stimul yaratmaqla yanaşı, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasının və inkişafının vacibliyini göstərir".

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı bildirib. Ekspert qeyd edib ki, Azərbaycan universitetlərinin dayanıqlılıq prinsipləri çərçivəsində dünya reytinqlərində yer alması ölkənin gələcəkdə daha güclü təhsil mərkəzinə çevrilməsinə xidmət edəcək:

1589192278_kamran4 (1).jpg (74 KB)

"Bu nəticələr Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə tanındığını, dayanıqlılıq prinsiplərinə uyğun fəaliyyət göstərdiyini və qlobal standartlara yaxınlaşmaq üçün mühüm addımlar atdığını göstərir. Reytinqə daxil olan universitetlərin hər biri təhsildə müasir yanaşmaların tətbiqi, elmi tədqiqatların inkişafı və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət göstərməklə böyük bir uğura imza atıb.

Bakı Dövlət Universitetinin 941-950-ci pillələrdə yer alması Azərbaycanın təhsil tarixində ənənəyə malik olan bu ali təhsil müəssisəsinin yüksək səviyyəsini bir daha sübut edir. BDU-nun elmi tədqiqatları, beynəlxalq əməkdaşlıqları və tədris keyfiyyəti onun bu cür reytinqlərdə irəlidə yer almasına imkan yaradır. Universitetin qlobal dayanıqlılıq təşəbbüslərində iştirakı və bu sahədəki fəaliyyətləri Azərbaycanın təhsil sisteminin inkişafında lider mövqeyini gücləndirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin 1081-1100-cü pillələrdə yer alması iqtisadiyyat və idarəetmə sahəsində lider universitetlərdən biri olaraq dayanıqlı inkişaf məqsədlərinə töhfəsini göstərir. UNEC-in beynəlxalq proqramlara inteqrasiyası, innovativ iqtisadi modellərin tədrisi və tələbələrin dünya iqtisadiyyatı ilə bağlı biliklərinin artırılmasına yönəlmiş təşəbbüsləri onun bu mövqedə yer almasını təmin edib. Bu, UNEC-in müasir tədris yanaşmalarını və beynəlxalq əməkdaşlıq potensialını təsdiqləyir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1351-1400-cü pillələrdə qərarlaşması mühəndislik və texnologiya sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən birinin dayanıqlılıq prinsiplərinə uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir. ADNSU-nun enerji sektorunda müasir texnologiyaların tətbiqi, ekoloji problemlərin həllinə yönəlik tədqiqatlar aparması və bu sahədə beynəlxalq əməkdaşlıqları onun təhsil sahəsində önəmli rol oynadığını sübut edir.

Bakı Mühəndislik Universitetinin 1451-1500-cü pillələrdə yer alması Azərbaycanın ali təhsil sistemində texniki elmlərin inkişafına olan xüsusi diqqəti əks etdirir. BMU tələbələrin texnoloji yeniliklərə inteqrasiyasını təmin edən müasir laboratoriyalar, STEM proqramları və layihələrlə yanaşı, innovativ tədris metodlarını tətbiq edir. Bu da universitetin beynəlxalq səviyyədə tanınmasına və dayanıqlılıq göstəricilərində irəliləməsinə şərait yaradır.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin 1501+ kateqoriyasında yer alması memarlıq və inşaat sahəsində Azərbaycanın öncül ali təhsil müəssisələrindən biri olaraq fəaliyyətini təsdiqləyir. ADMİU-nun şəhərsalma, yaşıl infrastruktur və dayanıqlı memarlıq sahələrində gördüyü işlər yalnız yerli deyil, beynəlxalq səviyyədə də əhəmiyyətli təsir yaradır.

Azərbaycan Texniki Universitetinin 1501+ pilləsində yer alması texniki təhsil sahəsində Azərbaycanın potensialını bir daha göstərir. AzTU tələbələrin elmi-tədqiqat fəaliyyətlərində iştirakını artıran, müasir texnologiyalarla işləmə bacarıqlarını gücləndirən bir ali təhsil ocağıdır. Universitetin dayanıqlı enerji, avtomatika və digər texniki sahələrdə innovativ yanaşmaları bu uğurun əsasını təşkil edir.

Xəzər Universitetinin 1501+ pilləsində olması Azərbaycanın özəl ali təhsil müəssisələrinin də qlobal miqyasda rəqabət aparmaq gücündə olduğunu sübut edir. Xəzər Universiteti beynəlxalq əlaqələri, tələbə mübadilə proqramları və dayanıqlı inkişaf prinsiplərinə uyğunluğu ilə seçilir. Universitetin elmi tədqiqatlara və sosial məsuliyyət layihələrinə verdiyi önəm onun reytinqdəki yerini əsaslandırır.

Bu reytinqin ən vacib aspektlərindən biri Azərbaycanın universitetlərinin sayının çoxluğu və onların müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə tanınmasıdır. Bu, ölkənin ali təhsil sistemindəki potensialını, genişlənmə imkanlarını və dünya ilə ayaqlaşmaq bacarığını nümayiş etdirir. Azərbaycan universitetlərinin dayanıqlılıq sahəsində əldə etdiyi bu uğur ölkənin təhsil sahəsinə olan investisiyaların, həyata keçirilən islahatların və strateji yanaşmaların nəticəsidir. Bu göstəricilər həm də təhsil sahəsində çalışan mütəxəssislərin və tələbələrin səylərinin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR