Onlayn ictimai-siyasi qəzet
İran və İsrail səfirlərinin söz atışması Azərbaycan cəmiyyətinə necə təsir edir?
İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin Tvitterdəki hesabında İsrailin ünvanına təhdidlər yağdırması, İsraili Aralıq dənizində dəfn etməyi vəd etməsi barədə xəbər vermişdik. “Turan” agentliyi mövzu ilə bağlı yazır ki, İran məmurlarının bu cür ifadələri yeni olmasa da, bu halda İran səfiri bütün diplomatik əndazəni aşaraq təhdidlərində Azərbaycanın adından danışmaq qərarına gəlib.
Səfir çox pis ingilis dilində belə yazıb: “Hazırkı mərhələdə sizə təkcə HƏMAS-ın cəsur döyüşçüləri kifayətdir. Siz hörümçək torundan daha zəifsiniz. Unutmayın, bir dəfə İran müdaxilə etsə, sizi Nildə yox, Aralıq dənizində dəfn edər. Çıxış yolunuz yoxdur! İndi bütün dünya sizə qarşıdır! Bütün dünya kimi, müsəlman, cəsur və qeyrətli Azərbaycan xalqı da sizə, irqçi işğalçılara nifrət edir”. Səfir öz postuna İran, Fələstin və Azərbaycan bayraqlarını əlavə edib.
Musəvi Tvitter hesabında İsrail səfirinə yenə cavab yazıb: “Hey..! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu şəbəkə sizin ölümünüz üçün bizim əllərimizlə ilgəyə çəkiləcək".
Azərbaycan XİN və rəsmi şəxslərinin səfirlərin söz atışmasına reaksiyası bəlli deyil.
“İranın və İsrailin Azərbaycandakı səfirlərinə ölkəmizi mübahisə poliqonuna çevirməmələri üçün xəbərdarlıq etmək lazımdır. Bu iki ölkə səfirinin sosial şəbəkələr üzərindən söz atışmasına çıxması ilk dəfə deyil. Lakin bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq və görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibə ilə bağlı başqa ölkənin səfirini hədələməməlidir”. Bu sözləri politoloq Elxan Şahinoğlu İran səfiri Abbas Musəvinin son atmacası və İsrail səfiri Corc Dikin cavabı barədə qeyd edib.
O bildirib ki, bir səfirin digər ölkənin səfirini hədələməsi çalışdığı ölkəyə qarşı hörmətsizliyidir: “Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər. İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə İsrailin Azərbaycandakı səfiri Corc Diki təhdid edib, İsrail səfiri isə cavab yazıb. Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, bu "dialoqa" son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır".
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərqdəki müharibə, müharibənin yaratdığı vəziyyət artıq bütün dünyaya təsirini göstərməkdədir. Hər kəs öz mövqeyində haqlı olduğunu sübut etməyə çalışır. Avropa ölkələrində belə, İsrail-HƏMAS savaşına münasibətdə fikir ayrılıqları var. Artıq cəmiyyətlərdə bu özünü açıq göstərir. Çox təhlükəli qarşıdurmalar dünyanı cənginə götürə bilər: “Kəskin fikir ayrılıqları, söz atışmaları hətta insanların arasında silahlı qarşıdurmalara çevrilə bilər ki, bunun qarşısını almaq çox çətin olacaq. Təəssüf ki, Azərbaycanda da həm səfirlər arasında, həm də cəmiyyətin müxtəlif kəsimləri arasında bu məsələ ilə bağlı get-gedə sərtləşən polemika müşahidə edilməkdədir. İsrail-Fələstin məsələsinə münasibətdə cəmiyyətdə bir bölünmə var. Səfirlər özlərini ölkələrinə daha çox sadiq olduqlarını göstərməyə çalışırlar. Lakin onların söz atışması hazırda fəaliyyət göstərdikləri ölkənin də xeyrinə deyil. Eləcə də cəmiyyətdə gərginliyə səbəb olur. Ona görə də Xarici İşlər Nazirliyi səfirlərin diqqətinə müəyyən məsələləri çatdırmalıdır, onları təmkin nümayiş etdirməyə çağırmalıdır. Diplomatik normalar çərçivəsində hərəkət etmək lazımdır. Səfirlərə deyilməlidir ki, onların davranışları bizim cəmiyyətimizdə qarşıdurmaya yol aça bilər. Eləcə də cəmiyyəti sakitləşdirən, kəskin söz atışmalarının qarşısını alacaq tədbirlər həyata keçirilməlidir. Təbliğat aparılmalıdır ki, məsələlərə münasibətdə bir-birinin mövqeyinə az qala düşmən mövqeyi kimi yanaşmaq zərərlidir və bundan çəkinmək laızmdır. Kütləvi informasiya vasitələri bu məsələlərdə çox diqqətli olmalıdır, bir tərəfin mövqeyinin qatı müdafiəçisinə çevrilib, o biri tərəfi düşmən kimi qələmə vermək kimi hallara yol verilməməlidir. Orta, loyal mövqe tutulmalıdır. Dövlətimizin mövqeyi əsas götürülməlidir. Bu sahə özfəaliyyətlə məşğul olunması, hansısa mərkəzlərin sifarişlərini yerinə yetirmək üçün uyğun sahə deyil”.
Abutalıb Səmədov
Siyasi şərhçi Abutalıb Səmədov isə bildirdi ki, İsrailin və İranın Azərbaycandakı səfirlərinin arasında gedən söz atışmasına Azərbaycan hökumətinin və konkret olaraq Xarici İşlər Nazirliyinin müdaxilə etməsi mümkün deyil. Xarici İşlər Nazirliyi səfirləri nə danışıb-danışmamaq məsələsində yönləndirə bilməz. Əgər onlar ərazisində yerləşdikləri dövlətin əleyhinə və qanunlarına qarşı bəyanatlar vermirlərsə...
Azərbaycan cəmiyyətinin İsrail-Fələstin məsələsinə görə münasibətdə fikir ayrılıqlarının sərtləşməsinin qarşısının necə alınmasına gəlincə, siyasi şərhçi hesab edir ki, burada görüləcək əsas iş maarifləndirmə istiqamətində olmalıdır: “İnsanlara Azərbaycan dövlətinin son illər qazandığı qələbələrdə bu və ya digər dövlətin hansı rol oynadığı izah olunmalıdır. Söylənilməlidir ki, 44 günlük müharibə dövründə Azərbaycanı bir neçə dövlət dəstəklədi-qardaş Türkiyə, Pakistan, Əfqanıstan. İsrail isə hərbi, siyasi yardım etdi. Ona görə də qələbəmizdə İsrailin payı var. Təsadüfi deyil ki, 44 günlük müharibədə Ermənistan yalnız bir dövlətdən səfirini geri çağırdı. Həmi ölkə İsrail idi. Bu, İsrailin tutduğu mövqeyə Ermənistanın etirazı idi. Sonrakı dövrdə də İsrail Azərbaycanın yanında olub. Biz bunu xalqımıza izah etməliyik. Və onu da izah etməliyik ki, bunu xatırlatmaq heç də Fələstinə düşmən olmaq, Fələstinə qarşı olmaq deyil. Sadəcə olaraq, reallığın nədən ibarət olduğunu, həqiqətləri çatdırırıq. Baxmayaraq ki, Fələstin də bir sıra müsəlman dövlətləri kimi ermənilərin mövqeyini müdafiə edib. Onu da cəmiyyətə çatdırmalıyıq ki, uzun illərdir yaranmış böhranın əsas günahkarı Fələstin dövlətinin yaranması barədə qərarı icra etməyən dünya birliyidir. Son böhranın yaranmasına isə HƏMAS səbəb oldu. Təbii ki, hansı tərəfdə olmasından asılı olmayaraq günahsız insanların, uşaqların öldürülməsi bizim hər birimizi çox ciddi narahat edir və biz əməliyyatların dayandırılmasında maraqlıyıq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ