İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan “ağ xalatlılar” Almaniyaya axışır

Rəsmi rəqəmlərdən də görünür ki, bu ölkəyə təkcə müalicə olunmağa deyil, müalicə etməyə  gedənlərin sayında da ciddi artım var

“2023-cü ildə Almaniyaya üz tutan, burada sığınacaq axtaran əcnəbilərin əksəriyyəti yenə Suriya vətəndaşlarıdır. Bu proses son illərdə belə davam edib”. Bu barədə Ayna.az-a Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. Ukraynadan gələn miqrantlara gəlincə, onun sözlərinə görə, hazırda Almaniyada bir milyondan çox ukraynalı müharibə qaçqını var.

Onun dediyinə görə, əmək miqrasiyası ilə gələnlər də var: “Onlar təbii ki, öz ixtisaslarına uyğun olan işlərdə çalışırlar. Yüksək ixtisas sahibləri arasında əsasən həkim və tibb işçilərinə tələbat böyükdür. 2021-ci ilin məlumatına görə, Almaniyadakı həkimlərin 14 faizini xaricdən gələnlər təşkil edir. Eyni məlumatda Azərbaycandan Almaniyaya işləmək üçün gələn həkimlərin sayının 1359 nəfər olduğu göstərilir. Yəqin ötən illər ərzində də bu say artıb”.

Beləliklə, rəsmi rəqəmlərdən də görünür ki, Almaniyaya təkcə müalicə olunmağa deyil, müalicə etməyə də gedənlərin sayında ciddi artım var. 

Almaniyada səhiyyə ilə bağlı tələblər yüksəkdir. Azərbaycanda həkim çatışmazlığı var, xüsusilə  bölgələrdə. Almaniya mediasında gedən statistikaya əsasən, 2021-ci ilin əvvəlində Almaniyada 1028 nəfər azərbaycanlı həkim çalışıb. 2019-cu ildə isə həmin göstərici 877 nəfər olub. Beləliklə, göründüyü kimi, ildən-ilə Almaniyaya işləməyə gedən azərbaycanlı həkimlərin sayı artır.

Azərbaycanda isə vəziyyət əksinədir, xaricdə çalışan həkimlərimizin sayı artır, ölkədə isə həkim çatışmazlığı artır. Son statistik məlumata görə, hazırda ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür. Həkimlərin 31,3 faizini terapevtlər, 25,3 faizini digər sahələrdə ixtisaslaşan həkimlər, 2,5 faizini epidemioloqlar, 5,6 faizini ginekoloqlar, 10 faizini pediatrlar, 4,7 faizini şüa-diaqnostika üzrə ixtisaslaşmış kadrlar, 10,3 faizini stomatoloqlar, 10,3 faizini cərrahlar olduğu bildirilir. Halbuki 2011-ci ildə ölkədə həkimlərin sayı 33 min 85 olub.

Həkim sayı ilə bağlı diqqətçəkən daha bir məqam da ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını yalnız Bakıda çalışır. Rəsmi rəqəmlərə görə, Bakıda əhalinin hər 10 min nəfərinə 92 həkim düşürsə, bir neçə şəhər və rayonu çıxmaq şərtilə, bütün rayonlarda həmin göstərici 20-dən azdır.

Bəs həkimlərimizin xaricə axın etməsinin əsas səbəbi nədir? Onların ölkəyə geri qayıtması üçün nə edilməlidir?

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Hazırda ölkədə səhiyyə sektorunda müxtəlif islahatlar aparılır. Amma çox təəssüf ki, bu sahədə problemlər var. Azərbaycanda tibb təhsilini bitirənlər məcburdur ki, rezidentura təhsili üçün başqa ölkələrə getsinlər. Bu ölkələr də əsasən Türkiyə və Almaniyadır. Həkimlərimizin bu ölkələrə daha çox üz tutmasının bəlli səbəbləri də var. Almaniyada müəyyən qədər həkim çatışmazlığı var, Türkiyə ilə dilimiz eyni, oxşarlıqlarımız çox olduğundan həkimlərimiz daha çox bu ölkələrə axın edir. Lakin Fransa, İngiltərə kimi ölkələrə də axın var. 

Həkimlərin bölgələrdə işləməsi üçün ilk növbədə səhiyyəni bir sistemə çevirmək, vahid idarəçilik sistemi yaratmaq lazımdır. Bölgələrdə tibb xidmətinin peşəkarlığının artırılması üçün heç olmasa regionlar üzrə müəyyən məktəblər  yaradılmalıdır. Yəni tibb məktəblərinin ümumi bir qaydaları olmalıdır. Məsələ bundan ibarətdir ki, dünyanın hər yerində Qərb təbabəti periferiyasında olan hansısa tibb mərkəzi ilə ən mərkəzi, yüksək səviyyəli klinikaların müalicə prinsipləri demək olar ki, tamamilə eynidir. Bu baxımdan güvən hər yerdə eynidir və biz də bu cür səhiyyə qurmalıyıq.

Həkimlərin ölkəyə geri qaytarılması məsələsinə gəldikdə, bunun  üçün onların işinin düzgün təşkili, bölgələrdə işləyən həkimlərin sosial müdafiəsinin yüksəldilməsi, marağın artırılması istiqamətində işlər görmək lazımdır. Həmçinin həkim reklamı aradan qaldırılmalı, səhiyyədə tamamilə başqa bir sistem yaradılmalıdır. O cümlədən ölkədə milli əczaçılıq sənayesi,  dövlət farmakopeya yaradılmalı, müalicə  sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır ki, kadrlar özlərini rayonlarda, regionlarda reallaşdıra bilsinlər".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə son illər azərbaycanlı həkimlərin xaricə axın etməsi məsələsinə bu cür şərh bildirib: “Həqiqətən də müşahidələrimiz də onu göstərir ki, son illər çox sayda həkimlərimiz xarici ölkələrə, xüsusən də Almaniyaya gedir. Lakin bu, bütün dünyada gedən prosesdir.  Ümumiyyətlə, tibdə bir mərkəzəqaçma olur. Belə ki, insanlar rayonlardan böyük şəhərlərə, şəhərlərdən isə xarici ölkələrə üz tuturlar. Bu baxımdan gənclərimizin Avropaya təhsil üçün, xüsusən də tibbi təhsil üçün getməsi normal sayıla bilər. Nəzərə alsaq ki, Almaniyada onlar üçün çox yaxşı şərait, sosial mühit yaradılır, prosesi məqbul qiymətləndirmək olar. Biz gözləyirik ki, onların böyük bir qismi təhsil alıb, özünü daha da təkmilləşdirib, vətənə geri qayıtsın. Əgər belə olarsa, ölkədə tibb sahəsində daha da irəliləyiş olar. 

O ki qaldı bölgələrdə həkim çatışmazlığına, bir daha qeyd edirəm, tibdə də mərkəzəqaçma olur. Həkimləri bölgələrə cəlb etmək üçün mütləq şəkildə stimullaşdırcı tədbirlər görmək lazımdır. O da məlumdur ki, bir sıra ölkələrdə məcburi rezidentura və yaxud uzmanlıqdan sonra məcburən orada bir neçə il qalmaq kimi şərtlər var. Bu şərtlər daxilində fəaliyyət göstərən insanlar bəzən oradakı mühiti,  təbiəti xoşlayaraq və yaxud ailə həyatı quraraq orada qalır. Hesab edirəm ki, bu məsələdə əsas olan amillərdən biri ondan ibarətdir ki, ölkədə tibbi təhsili adekvat, bugünkü standartlara uyğun hala gətirmək lazımdır. Yəni insanlarımız təhsilin fərqliliyi üçün digər ölkələrə üz tutmasınlar. Əgər belə olarsa, həvəsləndirici stimullar da yerində olarsa, hesab edirəm ki, bu problemi aradan qaldırmaq olar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR