Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü il üçün Azərbaycanın ÜDM artımını 2,8 faiz səviyyəsində proqnozlaşdırır. Bu proqnoz aprel ayı üçün “Dünya İqtisadi İcmalı”nda (“World Economic Outlook”) yer alıb.
Qeyd edək ki, ötən ilin oktyabrında BVF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırmışdı. Bununla belə, fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun açıqladığı hesabatda 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempi 2,3 faiz, 2029-2032-ci illərdə isə ildə 2,4%-dən yuxarı proqnozlaşdırılıb.
Fond yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3%, 2029-cu ildə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan hökuməti isə neftin dünya bazar qiymətinin 60 dollar olması şəraitində 2024-cü il üçün ÜDM artımını 2,4 faiz səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, 2023-cü ildə ölkəmizdə ÜDM artımı 1,1 faiz təşkil edib.
Bundan əlavə, BVF 2024 və 2025-ci illərdə Azərbaycanda orta illik inflyasiyanı 5 faiz həddində proqnozlaşdırır. Oktyabr hesabatında bu il üçün inflyasiya 5,6 faiz, 2028-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırılmışdı.
Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 faiz səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 faiz təşkil edib.
Qeyd edək ki, digər beynəlxalq qurumlar da Azərbaycanda iqtisadi artım və inflyasiyaya dair yenilənmiş proqnozlarını açıqlayıblar. Dünya Bankının ekspertlərinə görə, Azərbaycanda iqtisadi artım 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində olacaq. Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir: “Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”.
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) də Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Korporasiya 2024-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,5 faiz, üçüncü rüb üzrə 2,0 faiz müəyyən edib, ilin son rübü üzrə isə proqnozunu 1,5 faizə endirib.
Ümumilikdə isə korporasiya Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5 faiz, 2025-ci ildə isə 2,7 faiz müəyyən edib.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ÜDM-in artım templərinin 2024-cü ildə 1,2 faiz, 2025-ci ildə isə 1,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bankın “Asiyanın inkişaf perspektivləri”nin aprel ayı üçün olan hesabatına əsasən, neft hasilatının zəifləməsi səbəbindən sənaye sahəsində eniş 2024-cü ildə 1,6 faizə, qaz hasilatının daha çox artması səbəbindən isə 2025-ci ildə 1 faizə qədər azalacaq.
BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatından aydın olur ki, qurum ekspertləri 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən birinci rübdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 29,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Yanvar və fevral aylarında iqtisadi artım 5 faiz təşkil etmişdi.
İlin ilk rübündə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Əlavə dəyərin 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 20,4 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.
2024-cü ilin yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft bölməsinin aparıcı sahəsi olan kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 1 milyard 444,6 milyon manat təşkil edib. Bunun 1 milyard 368,5 milyon manatı heyvandarlıq, 76,1 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,0 faiz, bitkiçilik məhsulları istehsalı 2,9 faiz artıb.
Azərbaycanda ümumi daxili məhsulun həcmində neft-qaz sektorunun payı yüksək olduğuna görə neft-qaz hasilatındakı azalma ona ciddi təsir göstərir. Rəsmi statistikaya əsasən bu ilin 3 ayında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”(AÇG), 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 0,4 milyard kubmetr və ya 3,2 faiz artım qeydə alınıb.
Eldəniz Əmirov
Qeyd edək ki, son illərdə Azərbaycanın neft hasilatının 70 faizdən çoxunu təmin edən AÇG-də hasilat çox sürətlə düşür. Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az - 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(azalma 10,6 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in(dəyişməyib), 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib(dəyişməyib).
Xatırladaq ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 7,2 faiz). Həmçinin neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci il yanvar-mart aylarının səviyyəsində) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (bütün meft hasilatının 24,7 faizi, 2022-ci ilin yanvar-mart aylarının səviyyəsində) təşkil edib.
Bir neçə gün öncə AÇG yataqlar blokunda yeni platformadan neft hasilatına başlanıb. Yatağın işlənməsi üzrə layihənin operatoru bp şirkətinin verdiyi məlumata görə, ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
Yeni platformadan hasilatın başlanması yataqda hasilatın azalması tempini xeyli dərəcədə zəiflədəcək. Belə ki, indiyədək yataqda gündəlik hasilat ildə 35-40 min barel azalırdı. ACE-dən hasilat bu tempin 50 faizdən çox azalmasına səbəb olacaq. Platformadan gündəlik hasilat layihə gücündə 100 min barel nəzərdə tutulub. Yeni quyular qazıldıqca hasilat artacaq və 2026-ci ildə layihə gücünə - gündəlik 100 min barelə çatacaq. Bu, ildə 5 milyon ton deməkdir. ACE platformasından hasilatın başlanması ən azı 2030-cu ilədək hasilatın sabit qalmasını təmin edəcək. AÇG-də ildə 18 milyon ton civarında neft hasil olunurdu. Bu həcm ildə 1 milyon ton azalırdı, indi bu azalmanın sürətində ciddi yavaşlama baş verəcək. Nəticədə Azərbaycan ÜDM-də artımın sürətlənməsi üçün əlverişli zəmin formalaşacaq.
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artım tempinin gözlənildiyindən aşağı olması hökumətin ciddi addımlar atmasına səbəb olub: “Bu, hökuməti daha praqmatik addımlar atmağa sövq edib. Bu addımların müsbət nəticələrini verəcəyini və ilin sonunda 2,5 faizin üstündə ÜDM artımının təmin ediləcəyini gözləyirəm”.
Ekspert hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlərin ilin ikinci yarısında daha da sürətlənməsi ÜDM artımına müsbət təsir edən əsas faktor olacaq: “Əgər Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atılarsa, bu, makroiqtisadi göstəricilərin yüksəlməsinə dolayı təsir göstərən ciddi bir amil kimi çıxış edə bilər. Buna görə də mən gözləyirəm ki, ikinci rübün sonuna doğru beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarına yaxşılaşdırma istiqamətində yenidən baxacaqlar. İndilik mən Beynəlxalq Valyuta Fondunun proqnozunu daha real hesab edirəm”.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ