İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda nikah yaşı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, nikah yaşı yetkinlik yaşına çatma ilə müəyyən olunur:

“18 yaş vətəndaşın tam hüquq qabiliyyəti əldə etdiyi vaxta təsadüf edir. Bu da o deməkdir ki, insan öz hüquqlarını dərk edərək hərəkət edir və məsuliyyət daşımaq bacarığı var və ona hazırdır. Ailəsi, həmçinin gələcək uşaqları qarşısında olan mənəvi borcunu yerinə yetirməyə hazırdır və cavabdehdir”.

A.Məmmədova bildirib ki, bu səbəblərdən ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir:

“Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə erkən nikah praktikası mövcuddur və Azərbaycanda da bu hallar istisna deyil”.

O həmçinin, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalının olduğunu da qeyd edib:

“Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər”.

A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da tez-tez müşahidə olunur:

“Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş vermə ehtimalı yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə olunan preeklampsiya patalogiyasına da yeniyetmə yaşlarında baş verən hamiləlikdə rast gəlmə ehtimalı var. Preeklampsiya - hamiləliyin II trimestrində qan təzyiqinin qalxması və sidiklə zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir. Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR