İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şəhər içində şəhər”Bakıya nə vəd edir?

Bu layihələr elit qruplar üçün nəzərdə tutulur 

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin rəhbəri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, sənəd irimiqyaslı “Şəhərdaxili şəhər” layihəsinin həyata keçirilməsini nəzərdə tutur. Bir neçə milyard dollarlıq investisiyaları nəzərdə tutan saziş Böyükşor gölünün ətrafında səhiyyə, ticarət, təhsil və mehmanxana infrastrukturu ilə tamamlanan müasir sahil zonasının yaradılmasını nəzərdə tutur. 

Qeyd edək ki, “Şəhər daxilində şəhər” konsepsiyasının əsası İkinci Dünya müharibəsindən sonrakı Almaniyada qoyulub. Qərbi Almaniyada dağıdılmış şəhərlər bu konsepsiya əsasında bərpa edilib. Konsepsiyanın əsas məqsədi dağılmış böyük şəhərlərin bərpasını hissələrlə həyata keçirmək, bu zaman genişlənmə deyil, sıxılma yolu ilə xərcləri azaltmaq olub. İlk dəfə divarla ikiyə bölünmüş Berlinin Qərbində bu konsepsiya əsasında komplekslər inşa olunmağa başlayıb. İlk layihə “Yaşıl arxipelaq” adlandırılıb, bol yaşıllıq dolu, bütün sosial-mədəni xidmətlərin bir arada cəmləşdiyi, yüksəkmərtəbəli binaların tikilməsi yolu kiçik ərazidə daha çox insanın yerləşdirildiyi böyük kompleks inşa edilib. Kompleksdə insanların təhsil, səhiyyə, sosial xidmətlərlə yerində təminatına şərait yaradılıb, əyləncə imkanları təmin edilib.  

60-70-ci illərdə Almaniyadan başlayan proses tədricən Avropada inkişaf etdirilib, iri şəhərlərdə mərkəzdə sıxlığın aradan qaldırılması, ictimai nəqliyyata, sosial xidmətlərə düşən yükü azaltmaq məqsədilə müxtəlif yeniliklər edilib. 2000-ci illərin əvvəllərindən konsepsiya daha çox “yaşıllaşıb” - enerjiyə, suya, yanacağa qənaət prinsipi önə çıxıb. Ağıllı texnologiyaların tətbiqi məsələsi də aktuallaşıb. Hazırda “Şəhər daxilində şəhər” vahid yaşayış kompleksi və ya məhəllə daxilində hərtərəfli infrastrukturun təmin edilməsini nəzərdə tutan müasir şəhərsalma konsepsiyasıdır. Bu o deməkdir ki, sakinlərin rahatlığı üçün məktəblər, uşaq bağçaları, təhsil mərkəzləri, idman qurğuları və idman meydançaları, mağazalar və ticarət mərkəzləri, xəstəxana və klinikalar, banklar və çoxfunksiyalı mərkəzlər, gözəllik salonları və daha bir çox obyektlər onların evlərinə piyada məsafədə kiçik bir ərazidə yerləşdirilməlidir. Bu, ümumi şəhər daxilində hərəkət sıxlığını azaldan mühüm alət kimi xüsusilə sıx məskunlaşmış şəhərlər üçün əla həll yolu hesab olunur və bu gün həm Avropada, həm də Şərqdə, xüsusən də Çində ondan geniş istifadə edirlər. 

Rusiyada bu konsepsiya əsasında layihələrin həyata keçirilməsinə çoxdan başlanıb. Bir çox hallarda icra olunan layihələr Avropadakı layihələrdən ciddi şəkildə fərqlənir: 5-10 göydələndən ibarət komplekslərdə zəruri sosial, təhsil, səhiyyə, bank və sair xidmətləri təmin olunmayıb ki, bu da salınan komplekslərin “şəhər içində şəhər” prinsipinə uyğun gəlməməsinə səbəb olub.  

Maraqlıdır ki, Ermənistanda - İrəvanda klassik “Şəhər içində şəhər” layihəsinin icrasına 2024-cü ildən başlanıb. Layihə bütünlüklə özəl şirkətlər hesabına həyata keçirilir. 100 min nəfərin yaşaması üçün nəzərdə tutulan kompleks İrəvanın mərkəzi hissəsinə yaxın ərazidə tikilir. Layihələndirmə işlərinə Böyük Britaniya, ABŞ və İtaliya şirkətləri tender əsasında cəlb olunub. “Skyline” adlandırılan kompleks əsasən İT sektorunda çalışan şəxslərin məskunlaşması üçün nəzərdə tutulur, infrastruktur onların tələbatına uyğunlaşdırılacaq. Verilən məlumata əsasən sifarişçisi böyük İT şirkətlər olar layihə 2026-cı ildə tamamlanacaq. 

Ümumiyyətlə, hazırda bu tip layihələr maddi imkanları böyük olan elit qruplar üçün nəzərdə tutulur. Bəzi hallarda sahələr üzrə - məsələn, İrəvandakı kimi, hansısa spesifik sahədə çalışan şəxslər üçün, bəzi hallarda isə qarışıq formada - imkanlı insanlar üçün həyata keçirilir. Amma bütün hallarda məqsəd insanların kompleksin ərazisində bütün ehtiyaclarının ödənməsi yolu ilə meqapolislərdə hərəkət intensivliyini azaltmaq olur.  

Azərbaycana gəlincə, imzalanmada iqtisadiyyat nazirinin iştirakından aydın olur ki, Bakıdakı layihənin təşəbbüskarı özəl şirkətlər deyil, dövlətdir. Layihə barədə rəsmi məlumat çox məhdud olduğu üçün dövlətin onun icrasında rolunun nədən ibarət olacağı barədə dəqiq nəsə söyləmək mümkün deyil. Lakin Azərbaycan təcrübəsini nəzərə alsaq, dövlətin layihə ərazisindəki yaşayış evləri, obyektlərin  köçürülməsində, ərazinin infrastrukturla təminatında mühüm payının olacağını söyləyə bilərik. Layihənin fiziki icrasında isə dövlətin iştirak etməməsi, ən yaxşı halda dövlət-özəl tərəfdaşlığından istifadə olunması gözləniləndir. 

Artıq açıqlanan bir sıra məlumatlar göstərir ki, Dərnəgüldə yerləşən tikinti bazarı layihə ərazisinə daxil olacaq. Yayılan məlumata görə, bazar Lökbatan ərazisində  yaradılmış “Abşeron” Ticarət Mərkəzinə köçürüləcək. Bununla bağlı məlumatlar mərkəzin fəaliyyətə başladığı 2022-ci ildən getsə də, Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarlar Lökbatana köçmək təklifini qəbul etmirlər. Bizimlə söhbətlərində bir neçə sahibkar “Abşeron” TM-in şəhərdən çox uzaqda yerləşdiyini, üstəlik, orada icarə şərtləri və qiymətlərinin yüksək olduğunu bildirirlər. Sahibkarlar qeyd edirlər ki, bazarın Dərnəgüldən Lökbatana daşınması Bakıda tikinti materiallarının qiymətinin xeyli bahalaşması ilə nəticələnəcək: icarə-filan haqlarına görə. 

“Abşeron” Ticarət Mərkəzi isə bəyan edib ki, Dərnəgül bazarındakı sahibkarların gəlişi üçün bütün müvafiq şərait yaradılıb: “Ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.  

Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək. 

Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir. “Abşeron” Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar “Abşeron” Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb". 

TM-in təmin etdiyi təhlükəsizlik şərtləri əslində zəruri şərtlərdir. Azərbaycanda bu və ya digər belə bazarlarda baş verən yanğınlar zamanı aydın olur ki, sahibkarlar nə obyektlərini, nə də mallarını sığorta etmirlər. Bu baxımdan, “Abşeron”da bütün sənədləşmələrin qanuni aparılması sığortanın da yolunu açmış olacaq. 

Xatırladaq ki, Böyükşor gölünün bir hissəsində suyun təmizlənməsi işləri Avropa oyunları ərəfəsində həyata keçirilib. Sonrakı mərhələdə ikinci hissədə də bu işin görüləcəyi deyilsə də, proses hələ başlamayıb. İmzalanan sənəddən təxmin etmək olar ki, layihədə gölün tam təmizlənməsi, ətrafı boyu kompleksin yaradılması planlaşdırılır. Bu isə Dərnəgül bazarı ilə yanaşı, gölün digər sahilindəki yaşayış məhəllələrinin də “plana düşməsi” demək olacaq. Bəzi məlumatlara görə, göldən Sabunçu qəsəbəsinə doğru ərazilərdə sahil xəttindən sonra iri nəqliyyat qovşağı yaradılacaq. Həmin ərazilər SOCAR-ın keçmiş mədən əraziləridir, çox sıx məskunlaşma getsə də, evlərin mühüm əksəriyyəti sənədləşdirilməyib. Layihə çərçivəsində ərazinin boşaldılması lazım gələrsə, bu faktor kompensasiya məbləğinə təsir göstərəcək. Bakının mərkəzində köçürülən evlərin hər kvadratmetrinə 2700 manat təklif olunur. Şəhərin nisbətən kənarı sayılan Sabunçu Mədən adlanan bu ərazilərdə kompensasiya məbləğinin daha aşağı olacağı gözlənilir.  

Baş redaktor hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi |  Modern.az

Həbibə Abdulla

Həmin ərazidə yaşayan jurnalist Həbibə Abdullanın dediyinə görə, bu yay onlara yaxın məhlələrdə kimlərsə gəlib ölçmə-biçmə işləri aparıblar: “Bizim küçəmiz Ələsgər Ələkbərov adlandırılır bir neçə ildir. Hələ ki bura gələn olmayıb. Amma Balaxanı istiqamətində olan qonşu küçənin sakinlərinə yayda deyiblər köçürüləcəksiz. Ölçmə işləri aparılıb, 1200 manatdan qiymət deyilib. Bunu bizə sakinlər deyiblər. Gələnlərin haradan olduğunu vətəndaşlar bilmirlər, mən özüm araşdırıb öyrənmək istədim, lakin nə Sabunçu, nə də Balaxanı bələdiyyəsi cavab vermədi. Bildirdilər ki, onlar iştirak etməyiblər, nə də xəbərləri yoxdur prosesdən. Verilən kompensasiya məbləğinə gəlincə, təbii ki, razı olmayanlar olacaq. Çünki bildiyim qədər Olimpiya Stadionu tikiləndə 1250 manatdan verilib kompensasiya. Qeyd edim ki, bizim məhlə də həmin ərazinin bir hissəsidir. Stadion tikiləndə yarısı plana düşüb, yarısı qalıb. Hələ o vaxtdan söz-söhbət vardı ki, buralar da plana düşəcək, bu ərazidə idman-tibb mərkəzi tikiləcək, yol qovşaqları salınacaq. Olimpiya Stadionu 2015-ci ildə təhvil verilib, tikintisi ən azı 3 il davam edib. 2011-2012-ci llərdə əhali köçürülüb. O dövrdə verilən kompensasiyadan daha azını təklif etmək mümkün deyil. Yəqin ki, ötən yay qonşu məhlədə ölçmə-biçmə işləri özfəaliyyət olub və real iş məqamında təklif edilən kompensasiya hər kəsin ürəyincə olacaq. Bəs biz buradan köçmək istəyirikmi? Əslində yaşadığımız ərazidə yeganə problem evlərin sənədləri məsələsidir. Buralar neft ərazisi kimi tanınır, lakin minlərlə ailə məskunlaşıb, infrastruktur layihələr reallaşdırılıb, məktəblər fəaliyyət göstərir. Şəhərə yaxınlığı sakinlər üçün komfort yaradır. O baxımdan çox adam könlüsüz razılaşacaq buradan köçməyə. İnsanların rahatlıqla çıxması üçün verilən kompensasiya eyni şəraitdə ev almağa çatmalıdır”. 

Dünya SAKİT,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR