İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlılara qarşı TƏZYİQ – Bütöv Azərbaycan Ocaqlarından SƏRT BƏYANAT

Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli (Sarvan) şəhərində azərbaycanlı azyaşlıya qarşı xoşagəlməz hadisə baş verib. Meriya əməkdaşı Tornike Mtvarelidze və Marneuli sakrebulo (bələdiyyə şurası) sədr müavininin 27 yaşlı oğlu Mamuka Gigani yeniyetməni şirniyyat mağazasından qovaraq ona “öz ölkənə qayıt” deyiblər. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mamuka Gigani gürcü dilini bilmədiyi üçün azərbaycanlı uşağı döyməkdə ittiham olunur və artıq saxlanılıb.

Musavat.com xəbər verir ki, insidentlə bağlı Bütöv Azərbaycan Ocaqları bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Gürcüstanda yaşayan Azərbaycan Türkləri hər zaman ölkənin ərazi bütövlüyünü dəstəkləyib, heç vaxt separatçılıq meyillərinə qoşulmayıblar.

Tiflisdə yaşayan Azərbaycan kökənli ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadzeyə açıq məktub ünvanlayıb.

Samirə Bayramova

Samirə Bayramova Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadzeyə açıq məktubunda müavinlərdən biri Riçard Qiganinin övladının azyaşlıya qarşı törətdiyi zorakılıq hadisəsini sərt tənqid edib:

"Gürcüstanın son illər ən ağır dönəmlərində orada yaşayan Azərbaycan Türkləri heç vaxt separat proseslərdə iştirak etmədilər. Gürcüstanın ərazi bütövlüyü uğrunda əllərindən gələni etdilər. Çox təəssüflər olsun ki, inteqrasiyanın və həmrəyliyin tərəfdarı olan Azərbaycan Türklərinə qarşı gürcü qardaşlarımızın bu tip yuxarıdan aşağıya baxaraq aqresiv hərəkətləri bizdə narazılıq və narahatçılıq doğurur. Ümid edirik ki, Gürcüstanın siyasi hakimiyyət dairələri millətlərarası münasibətlərdə gərginlik yaradan bu seperatçı qüvvələrin qarşısını alacaqdır.

Biz Gürcüstanda yaşayan Azərbaycan Türklərinin gürcü dilini öyrənmələrinin əleyhinə deyilik. Əksinə, keyfiyyətli tədris olunmadığı üçün onların gürcü dilini zəif öyrənməsinin səbəbi Gürcüstan hakimiyyətidir.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Gürcüstan hüquq-mühafizə orqanlarının bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirəcəklərin, millətlərarası münasibətlərdə gərginlik yaradacaq hərəkətlərin qarşısını alacaqlarını gözləyirik.

İctimail fəal Samirə Bayramovaya prinsipial mövqeyinə görə təşəkkür edir, ona mənəvi dəstəyimizi ifadə edirik.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 25 sentyabr 2025- ci il"

Qeyd edək ki, daha bir insident paytaxt Tiflisin mərkəzində baş verib. Belə ki, şəhərdə yerləşən şaurma dükanında silahlı şəxs Bolnisi rayonundan olan azərbaycanlıya hücum edərək ondan gürcü dilində danışmağı tələb edib. Məlumata görə, həmin şəxs azərbaycanlını ölkədən qovmaqla da hədələyib. 

Samirə Bayramova sosial şəbəkədə insidentin görüntülərini paylaşaraq yazıb: "Aydındır ki, ölkə miqyasında etnik ədavət mövzusunda təxribat başlanıb. Bu kadrlar və polislərin zorakılıq törədənə qarşı dostyana reaksiyasına diqqət yetirin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR