İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda da süni ət istehlakı ola bilərmi?

Ekspert: “Hansı ölkə ki, süni ət istehsalına başlayacağına əmindir, deməli...” 

Dünyada 2022-ci ildə süni ət bazarının ümumi dəyəri 246,9 milyon ABŞ dolları olub və cari ildən 2030-cu ilədək illik olaraq bu rəqəmlərdə 51,6% artımın olacağı proqnozlaşdırılır. Beləliklə, qeyd olunur ki, 2030-cu ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq hala gələcək. 

Qeyd edək ki, ilk dəfə 2020-ci ilin dekabrında Sinqapurda laboratoriyada istehsal edilmiş proteinin satışına icazə verilib və Sinqapur bununla da süni ət satışına icazə verən ilk ölkə olub.

Ötən il isə ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk dəfə kök hüceyrələrindən əldə edilən toyuq ətinin satışına icazə verib.

Bəs Azərbaycanda da süni ət istehlakı ola bilərmi?

Akif Nəsirli - Teleqraf.com

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, süni ət istehsal edən ölkələr yüksək texnologiyalara malikdirlər: “Hələ ki, dünyada süni ət istehsalı eksperimental iqtisadiyyat sahəsi kimi özünü göstərir. Dünya hələ tam əmin deyil ki, süni ət təbii əti əvəz edə biləcəkmi və sairə. Bunun üçün ölkəyə yüksək səviyyəli texnologiya gətirilməlidir. Hansı ölkə ki, süni ət istehsalına başlayacağına əmindir, deməli həmin ölkənin çox ciddi, dəqiq, yüksək texnologiyası mövcuddur. 

Hesab etmirəm ki, Azərbaycan iqtisadiyyatı buna hazırdır. Çünki Azərbaycan iqtisadiyyatının texnoloji silahlanması həmin səviyyədə deyil. Ona görə də yaxın zamanlarda ölkəmizdə süni ət istehsalının başlanması haqqında danışa bilmərik. 

Süni ət istehsalçıları reklam edirlər ki, milyon hektarlarla yem tədarükünə,  heyvanların saxlanılmasına son qoyub, süni ət istehsalına keçməyin vaxtıdır. Lakin bu mənim fikrimdir ki, dünyada süni ət istehsalı həm də bir sıra mənfi istiqamətə yönələ bilər. Yəni, gələcəkdə bu proses sürətlə inkişaf edərsə, təbiətin alqoritminin pozulmasına gətirib çıxara bilər. Məsələn, təbii əti ilahi alqoritmlə istehsal edilirsə, süni ət artıq süni intellektin təfəkkürünün uydurduğu alqoritmə uyğun  istehsal ediləcək. Bu da hələ  təcrübəsən keçməlidir ki, insan təfəkkürünün ortaya qoyduğu alqoritm ilahi təbiətin ortaya qoyduğu  alqoritmlə üst-üstə düşürmü. Yəni, süni ətlə qidalanan insan normal inkişaf edə bilirmi, süni ət həqiqətən təbii əti tam olaraq əvəzləyirmi və sairə. Bu suallara cavab tapmaq üçün dünya hələ uzun müddət təcrübədən keçməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycan süni ət istehsalına hazır olsa belə onun tətbiqinə can atmaq doğru deyil: “Çünki qeyd etdiyim kimi, bununla bağlı bir sıra məsələlər hələ tam təsdiqini tapmayıb. Həm də bu texnologiyadan əsasən daha çox ətə ehtiyacı olan ölkələr təcrübədən keçməlidir. Bizdə isə təbii ət istehsalı daha sadə, asan üsullarla təbii formada aparılır. 

Süni ət istehsalçıları əsasən ərazisində təbii ətin istehsalında problemlər olan ölkələr can atır. Ölkələrə yanaşı həm də böyük şirkətlər var. Sözsüz ki, həmin şirkətlər dünyada təbii ət üçün münbit şəraiti olmayan ərazilərdə ət istehsalını təmin etmək üçün qarşılarına məqsəd qoyublar.  Süni ətin insan sağlamlığına təsirinə gəldikdə isə, bununla bağlı yaponiyalı alimlərin məqaləsi ilə tanış olmuşdum, orada qeyd olunurdu ki, süni ətlə qidalanan insanların xromosomlarında,   genetik kodlarında səhvlər əmələ gəlir, problemlər yaranır. Bu baxımdan etibarsız, reytinq qazanmayan, özünü təsdiq etməyən texnologiyaya baş vurmağımıza  ehtiyac yoxdur”. 

İlin sonunda yeni bahalaşma dalğasını görəcəyik" - Natiq Cəfərli ilə  MÜSAHİBƏ

İqtisadçı Natiq Cəfərli isə mövzuya bu cür şərh bildirdi: “Azərbaycanın spesifik xüsusiyyətlərinin, ağız dadını nəzərə alaraq, ümid etmək istərdim ki, bizdə süni ət istehlakı ümumiyyətlə olmayacaq. Əlbəttə ki, hansısa ekzotik restoranlarda, məkanlarda süni ət ola bilər. Amma dünyada onun xilasedici rolunun bu qədər şişirdilməsinin qəti  əleyhinəyəm, hətta  burada böyük korporasiyaların ciddi marağı olduğunun düşünürəm. Guya ki, əsas hədəf də budur ki, iribuynuzlu mal-qara heyvanları guya ekologiyaya ziyan vurur, onların sayı  azaldılmalıdır. Yəni, bu cür absurd fikirlər yeridilir. 

Həmçinin hesab edirəm ki, süni ətin insanın genetikasına, sağlamlığına mənfi təsir göstərir”. 

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR