Onlayn ictimai-siyasi qəzet
Bu siqaretlərdə nikotinin miqdarı ənənəvi siqaretdəki qədərdir; həkimlərə görə, ən yaxşı mübarizə maarifləndirmədir
Tütün məhsullarının, siqaretin, o cümlədən elektron siqaretin ziyanı barədə zaman-zaman yazılıb. Xüsusilə də gənclərə onun zərərləri yetərincədir. Bununla belə, əfsuslar olsun ki, bu pis vərdişə qurşananlar Azərbaycanda da azalmır.
Bu arada məlum olub ki, Avstraliya hökuməti yaxın günlərdə elektron siqaretlərin apteklərdən kənarda satışını qadağan edən qanunun icrasına başlayacaq. Avstraliya apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan edən ilk ölkə kimi dünyanın diqqətini çəkib. Bundan sonra ölkədə elektron siqaretlər yalnız apteklərdə satılacaq və 18 yaşından kiçik şəxslər elektron siqaretləri yalnız həkim resepti ilə ala biləcəklər.
Belə bir praktika bizim ölkəmizdə də tətbiq edilə bilərmi və faydası nə olar? Elektron siqaretə, ümumən siqaretə, tütünə meyl azalarmı?
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a şərhində qeyd etdi ki, elektron siqaretlər ötən əsrin 70-ci illərində ənənəvi siqareti tərgitmək üsulu kimi təqdim olunmuşdu, lakin zamanla tərəddüdlər yarandı: “Kommersiya maraqları hər şeyi üstələdi və kütləvi istehsal başladı.
Elektron siqaretlərdə nikotinin miqdarı ənənəvi siqaretdəki qədərdir. Bu siqaretlərdə istifadə olunan müxtəlif aromatizatorlar yanan zaman kansoregen maddələr əmələ gəlir. Yəni elektron siqaretlər ənənəvi siqaretlər qədər zərərlidir. Ona görə də təcrübə göstərdi ki, ondan istifadə çıxış yolu deyil. Əksinə, ənənəvi siqaretlərin sırasına yeni zərərli vasitə əlavə edilib. Düşünürəm ki, qadağaların formasından asılı olmayaraq, onlar qiymət artımına səbəb olur. Çünki qadağan olunmuş məhsullar ölkəyə gizli yollarla gətirilir. Satılma məhdudiyyəti olduqda isə əldən-ələ satılır".
Professor zərərli vasitələrlə mübarizə üçün maarifləndirmə tədbirlərinin güclədirilməsini tövsiyə edir: “Ya elektron siqaretlərin istehsalı dünya səviyyəsində birdəfəlik qadağan olunmalıdır, yaxud bu mümkün deyilsə, maarifləndirməyə üstünlük verilməlidir ki, insanlar zərərini anlayaraq bundan əl çəksinlər. Çünki apteklərdə elektron siqaretlərin 18 yaşdan aşağı şəxslərə satışı qadağan olunsa da,18 yaşında biri çox sayda alıb başqasına sata bilər. Buna görə də bunun real məhdudiyyət olduğunu zənn etmirəm.
Xarici ölkələrdə qadağalar, cəza tədbirləri tətbiq olunur, qanunlar nisbətən sərtdir. Bu baxımdan hesab edirəm ki, qanun müəyyən effekt verə bilər. Amma perspektivdə bu məsələnin həlli maarifləndirmədən keçir. İnsanlar başa düşməlidirlər ki, formasından asılı olmayaraq tütün çəkmək kanserogendir. Nə zamansa xərçəng şişinin inkişafına səbəb olma ehtimalı kifayət qədər yüksəkdir".
Zülfüqar Yusifov
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov isə mövzunu belə şərh etdi: “Siqaretlə mübarizə siqaret yaranan gündən başlayıb. Tütün məmulatlarının orqanizmə olduqca mənfi təsirinin təzahürünü tamamilə aradan qaldırmaq mümkün olmadığı üçün bu məhsulların müxtəlif əvəzediciləri ortaya çıxıb. O cümlədən müxtəlif ölkələrdə fərqli qaydalar, qanunlar, təlimatlar qəbul edilib. Bunlardan ən uğurlusu elektron siqaretlərin istehsalı oldu. İlkin mərhələdə elektron siqaretlərin orqanizmə ziyan vurmadan vərdiş ehtiyacını hər hansı formada ödəyəcəyi düşünülürdü. Zamanla müxtəlif tədqiqatlar, sınaqlar, ortaya çıxan problemlər göstərdi ki, elektron siqaretlər də ziyanlıdır, orqanizmə ciddi mənfi təsiri var.
Qeyd etmək lazımdır ki, tütün məhsullarından bəzi qapalı zonalarda istifadə etmək qadağan edilsə də, bəzi insanlar elektron siqaretlərə aludə olmağa başladılar. Bunun ziyanlı cəhətləri tezliklə özünü büruzə verdi. Bu baxımdan Avstraliya hökuməti elektron siqaretlərin apteklərdən kənarda satışını qadağan edən qanunun icrasına başlamaqla “pioner” hesab olunur. Yəqin ki, problemlər bütün ölkələrə məlumdur. Güman ki, digər ölkələr, o cümlədən Azərbaycan da elektron siqaretlərlə bağlı müvafiq qərarlar qəbul edəcək. Hər halda, bir çox ölkələr uzun zamandır tütün məmulatları, eyni zamanda elektron siqaretlər kimi əvəzedicilərlə mübarizəni ciddi nəzarətə götürməyə çalışır. Çoxsaylı qaydalar tətbiq olunur. Hətta Türkiyədə siqaret çəkənlərin sayı olduqca çox idi. Müxtəlif qərarlar vasitəsilə bu sayın azalmasına müəyyən qədər nail oldular. Azərbaycanda da Səhiyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. Lakin görünən odur ki, bu tədbirlər yetərli deyil. İnsanların sağlamlığına ciddi zərər vuran bu bəla ilə mübarizəni daha da gücləndirməyə, maarifləndirici tədbirləri artırmağa, qanunları daha da sərtləşdirməyə ehtiyac var".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ