İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycançılıq məfkurəsi Heydər Əliyevdən sonra necə həyata keçirildi?

Elman Nəsirov: “Bu ideologiya milli birliyin təməlinə çevrildi”

Dekabrın 12-də Azərbaycanın ümummili lideri Heydər Əliyevin vəfatından 19 il keçdi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına, 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edib.

Azərbaycan xalqının və dövlətinin tarixində xüsusi xidmətləri olan Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi zamanlarda, istərsə də SSRİ-nin rəhbərliyində təmsil olunduğu dövrlərdə daim Azərbaycan xalqının dünyada sayılıb seçilən xalqlar sırasında yer almasına çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin həqiqi müstəqilliyə nail olmasında, ölkənin parçalanmasının qarşısının alınmasında böyük tarixi liderlik missiyasını həyata keçirib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanda yaşayan bütün millətləri bir araya gətirən azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirməsi olub. 

Bəs sabiq prezidentdən sonrakı 19 ildə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası necə həyata keçirildi?

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xalqı artıq 19 ildir qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir: “Azərbaycançılıq ideologiyası artıq dövlətin ideoloji xəttinə çevrilib və qələbələrimizin əsaslarından birini təşkil edən faktordur. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələyə gəlib çatmaqda şübhəsiz ki, azərbaycançılıq ideologiyasının məharətlə təbliği, xüsusi işlək mexanizmə çevrilməsi mühüm əhəmiyyət daşıyır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib".

Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı  Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC

Elman Nəsirov

Deputat qeyd etdi ki, Heydər Əliyevin müəllifi olduğu və İlham Əliyevin uğurla davam etdirdiyi ideologiya sistem halına salınıb: “Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Prezident Əliyevin hakimiyyətə gəlişindən sonra bu xətt böyük məharətlə davam etdirildi və bu gün də etdirilməkdədir. Azərbaycançılıq ideologiyası milli birliyin təməlinə çevrilib”.

E.Nəsirov vurğuladı ki, ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır: “Azərbaycançılıq ideologiyasının əhəmiyyətini 2020-ci ildə II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördük. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə milliyyətindən asılı olmayaraq bütün Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etməkdəyik. Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub. Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR