Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərliyinin müxtəlif bəhanələrlə sülh razılaşmasını uzatması ölkə daxilindəki revanşistlərin də əl-qolunu açır. Son zamanlar bu qüvvələr müxtəlif paytaxtlardan aldıqları təlimatlar əsasında baş qaldırırlar.
İrəvandakı belə avantürist qüvvələrdən birinə ölkənin keçmiş baş diplomatı rəhbərlik edir. Söhbət Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyandan gedir. “Artsax xalqının əsas hüquqlarının müdafiəsi üzrə komissiyanın” iclası haqda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu günlərdə yaydığı məlumatda bir neçə diqqətçəkən məqam var.
Əvvəla, bəlli olur ki, hələ 2023-cü ilin sentyabrında bütün dünyaya qondarma “artsax” və ona tabe oyuncaq strukturların ləğvini elan etsə də, hələ də Milli Assambleya" adı altında “fəaliyyət göstərirlər”, hətta bəzi ölkələrdə görüşlər də keçirirlər.
Oskanyan qeyd edir ki, “komissiya öz səylərini artsaxın məcburi köçkün əhalisinin təhlükəsiz, kollektiv və ləyaqətlə qayıtmasının təmin edilməsinə, Bakı həbsxanalarında qanunsuz saxlanılan erməni girovlarının azad edilməsinə yönəldib”. İddia olunur ki, guya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi - ABŞ, Rusiya və Fransa ermənilərin geri qayıtmaq hüququnu açıq şəkildə dəstəkləyib. Oskanyan ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycana qarşı beynəlxalq miqyasda hazırlanan təxribat planlarını açıqlayıb. “Bu yaxınlarda İsveçrə Milli Şurası Artsax və Azərbaycan nümayəndələrinin dialoq apara biləcəyi platformanın yaradılması təklifini qəbul edib. Bir neçə oxşar qətnamə Avropa paytaxtlarında və ABŞ Konqresində müzakirə olunur. Bu günə qədər əldə edilmiş nailiyyətlərə əsaslanaraq, komissiya öz işinin həlledici mərhələsinə qədəm qoyub. Yaxın aylarda o, Vaşinqton, Brüssel, Cenevrə və digər şəhərlərdə təşkil olunan tədbirlərdə iştirak edəcək, vasitəçilik prosesi üçün zəruri olan diplomatik atmosferin yaradılmasına yönəlmiş yüksək səviyyəli görüşlər keçirəcək”.
Göründüyü kimi, Qərbdəki bəzi paytaxtlar erməni kartını əldən verməmək üçün “artsax”namələrdən yararlanmaqda davam edirlər, burada Oskanyan da çox fəallıq edir. Revanşistlər ayrı-ayrı paytaxtlardan aldıqları təlimatlara əsasən axmaq iddialarını səsləndirməkdədirlər. Növbəti təxribatları önləmək üçün hansı addımlar atılmalıdır?
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş, aralarında müharibə canilərinin, terrorçuların da yer aldığı erməniəsilli şəxslərin “qayıdış hüququ” ilə bağlı məsələnin Ermənistan da daxil olmaqla, bir sıra ölkələr və təsisatlar tərəfindən gündəmdə saxlanılması cəhdləri təzyiq xarakterli addımlardır: “Bu məsələdən hazırda əks-qütblərdə dayanan dairələr belə öz maraqları, Cənubi Qafqaza təsir imkanlarının əldə edilməsi, bərpası və yaxud qorunub saxlanılması üçün istifadə edirlər. Bu xüsusda maraqlı tərəflərin hansısa siyasi şoular düzənləmələri, hüquqi qüvvəsi olmayan qərarlar qəbul etmələri mümkündür, amma beynəlxalq hüquq kontekstində sözügedən məsələnin heç bir real perspektivi yoxdur. Əvvəla, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərin, müxtəlif mənbələrdən əldə etdiyim məlumatlara görə, təxminən yarısından çoxunun Azərbaycan Respublikasının suveren əraziləri ilə hər hansı bir formada əlaqələri yoxdur. Onlar Ermənistan, Livan, Suriya, Rusiya və digər ölkələrdən işğal dövründə Azərbaycan ərazilərində qanunsuz olaraq məskunlaşdırılan şəxslərdir. Digər tərəfdən, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən erməni əsilli şəxslərin əhəmiyyətli hissəsi Ermənistan, Rusiya, Livan, Suriya və digər ölkələrin vətəndaşlarıdır. Bu isə o deməkdir ki, onlar Azərbaycan ərazilərində işğal rejiminin qanunsuz qərarları əsasında yaşayıblar və bu qərarların legitim əsasları olmadığı üçün onların Azərbaycan ərazilərinə qayıdışı mümkün deyil”. E.Mirzəbəyli qeyd etdi ki, qayıdışın mümkünsüzlüyünü əsaslandıran başqa bir amil həm Ermənistan ərazisindən didərgin salınan azərbaycanlı qaçqınların, həm məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasının səbəblərinin erməni işğalından qaynaqlanmasıdır: “Bir milyona yaxın insanın hüquqlarının pozulması faktının və Azərbaycan ərazilərində 30 ilə yaxın törədilən ağır müharibə cinayətlərinin məsuliyyəti işğalçı ölkənin üzərinə düşür. Etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, insanların öz evlərindən köçkün və ya qaçqın düşmələri, yaxud yaşadıqları əraziləri könüllü şəkildə tərk etmələri Ermənistanın Azərbaycanın suveren ərazilərinə iddiası, bu ərazilərin bir hissəsini hərbi təcavüz nəticəsində öz nəzarətinə götürməsi, işğala son qoymaqdan imtina etməsi və işğalı davam etdirmək üçün qanunsuz hərbi müdaxiləyə son verməməsi, yalnız müharibə nəticəsində işğaldan əl çəkməyə məcbur olması nəticəsində baş verib. Bu isə o deməkdir ki, baş verən bütün hüquq pozuntularına, müharibə cinayətlərinə görə məsuliyyət Ermənistan Respublikasının üzərindədir və bu ölkə həmin hüquqların bərpası, kompensasiyası üçün BMT Nizamnaməsi və digər beynəlxalq hüquqi aktlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bunun üçün rəsmi İrəvan ilk növbədə indiki Ermənistan ərazilərindən zorla çıxarılmış azərbaycanlıların ləyaqətli geriyə qayıdışını Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın, Qaçqınların Statusuna dair Konvensiyanın və digər mühüm beynəlxalq aktların tələblərinə uyğun olaraq, təxirə salınmadan təmin etməlidir”.
Millət vəkilinin qənaətinə görə, qərbi azərbaycanlıların geriyə qayıdışı ilə bağlı toplumsal birgə mübarizə metodları ilə yanaşı, onların hüquqlarının beynəlxalq məhkəmələrdə fərdi qaydada bərpa olunması istiqamətində də müvafiq addımlar atılmalıdır: “Yəni indiki Ermənistan ərazisindən, öz tarixi vətənlərindən deportasiya edilən azərbaycanlılar qayıdış hüquqlarının bərpası üçün kütləvi şəkildə beynəlxalq məhkəmələrə üz tutmalıdır”. Deputat digər vacib məqama da diqqət yetirməyi məqsədəuyğun sayır: “Ermənilərin və qondarma "erməni məsələsi"ndən tarix boyu geosiyasi təzyiq aləti kimi faydalananların, hazırda Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş erməni əsilli şəxslərin “geriyə qayıdışı” ilə bağlı siyasi şouları intensivləşdirmələrinin səbəblərindən biri də Azərbaycanda erməni əsilli müharibə canilərinin məhkəmə prosesi ilə bağlıdır. Çünki hazırda Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanan şəxslərin indiyədək səsləndirdikləri fikirlər, həmçinin bundan sonra dilə gətirəcəkləri etiraflar, Ermənistanın sabiq və indiki siyasi rəhbərliyi ilə yanaşı, işğalın davam etməsinə dəstək verən bütün ölkə və təsisatların sabiq və indiki rəhbərlərini də narahat edir. Məhkəmə prosesində onların da müharibə caniləri ilə işbirliyində olduğu barədə faktların açıqlanacağı gözləniləndir".
Rəsmi Bakının qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin olunması tələbi ilə beynəlxaql miqyasda çıxış etməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb. Bir müddət öncə Asiya Parlament Assambleyasının Bakı Bəyannaməsində qərbi azərbaycanlıların haqlarının bərpası ilə bağlı müddəanın əksini tapması, Milli Məclisdə keçirilən dinləmələr və digər təşəbbüslər Ermənistandakı revanşistləri də “əks-arqument”lərlə çıxış etmək məcburiyyəti ilə üz-üzə qoyub. Amma anlamalıdırlar ki, bütün bu iddialar mənasızdır: Qarabağdakı ermənilər - separatçı liderlər etiraf edirlər ki, Qarabağda 30 minədək erməni yaşayıb, onların da bir çoxu vaxtilə Rusiyaya, Avropaya köçüb - öz xoşları ilə bölgəni tərk edib və onların kitabı bağlanıb.
E.PAŞASOY,
“Yeni Müsavat”
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ