Onlayn ictimai-siyasi qəzet
Casus qalmaqalının ardınca Bakıya qəzəbi artan Makron Fransasının anti-Azərbaycan isterikası getdikcə güclənir. Təzə il başlar-başlamaz, ölkənin xarici siyasət idarəsinin başına ən radikal və antitükçü birinin – Stefan Sejurnenin gətirilməsi, Natəvanın heykəlinə (əslində Azərbaycan mədəniyyəti və xalqına) qarşı hökumət səviyyəsində davam edən vandal münasibəti buna bariz sübutdur.
Sabah, yanvarın 17-də isə Fransa parlamentinin yuxarı palatasında – Senatda ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli qətnamə layihəsi müzakirəyə çıxarılacaq. “Senat Azərbaycanın Dağlıq Qarabağa (?! - red.) hərbi hücumunu pisləyən və Ermənistana hər hansı təcavüz cəhdinin, onun ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq”, - Senatının rəsmi saytındakı xəbərdə qeyd edilir.
Sənəd layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi yer alıb və “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunur.
Yəni yenə köhnə hava, hamını bezdirmiş ritorika və hədə tonu. Hərçənd nədənsə layihədə “öz müqəddəratı təyinetmə” tələbi əks olunmayıb. Halbuki elə həmin bu Senat və ümumən Fransa parlamenti İkinci Qarabağ müharibəsindən az sonra mifik “artsax”ın “müstəqilliyi”ni tanımış, lakin son anda prezident E.Makron sənədə imza atmaqdan çəkinmişdi. Beləcə, “Roma Papasından artıq katolik” olmaq sevdası baş tutmamışdı...
Xatırladaq ki, Fransanın son illərdə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında (TŞ) bir necə dəfə qətnamə qəbul etdirmək təşəbbüsü iflas olub. Yenə belə analoji səylərin göstərilməyəcəyinə isə əlbəttə, zəmanət yoxdur. Çünki söhbət ermənidən çox erməni olmaq istəyən xain dövlətdən, eyni zamanda, BMT TŞ-nin daimi üzvündən gedir.
Söz düşmüşkən, Fransa hətta Paşinyan hökumətinin iradəsi ziddinə gedərək, separatçılara dəstəyindən qalmır. Dəqiq məlumatlara görə, mifik qurumun hansısa şəkildə, məsələn, “mühacir artsax hökuməti” formasında mövcudluğunda da ən çox Paris təkid edir.
Odur ki, 2024-cü ildə Bakının informasiya-təbliğat sahəsində ən böyük davası yəqin ki, elə Fransa ilə, qismən də ABŞ-la olacaq. Unutmayaq, dünyanın ən güclü erməni diasporları məhz bu iki ölkədədir. İstisna deyil ki, Paris sabahkı anti-Azərbaycan sənədinin oxşarını BMT TŞ-dən də keçirməyə çalışacaq. Baxaq görək, yekun variant necə olacaq...
Amma insaf naminə bunu da qeyd edək ki, ötən il Emmanul Makron Qranada sammiti çərçivəsində ölkəmiz əleyhinə sanksiyaları səmərəsiz saydığını və buna lüzum olmadığını söyləmişdi. Ancaq bu o anlama gəlmir ki, Fransa prezidenti bizə pislik etməkdən bezib. Sadəcə, atdıqları addımların gec-tez “bumeranq” kimi özlərinə qayıdacağını arada özləri də fərq edirlər. Həm də guya Bakı və İrəvan arasında neytral vasitəçi şansını saxlamaq üçün.
Senatın daha bir pisliyi də yüzdə yüz özlərinə qalacaq. Ona görə ki, bölgənin vazkeçilməz, açar ölkəsi kimi Azərbaycanı özlərindən bir az da uzaqlaşdırmış olacaqlar. Demək, Güney Qafqaza yolları daha etibarlı şəkildə qapanmış olacaq. Bu, yenə öz ayağına güllə atmaq kimi bir şeydir...
O ki qaldı bu qəbildən qətnamələrə, rəsmi Bakı öz prinsipial mövqeyini dəfələrlə bəyan edib: təhdid yolu ilə, təzyiq və hədə-qorxu ilə Azərbaycandan nəsə qoparmaq istəyi əbəsdir. Çünki biz suverenliyimizlə alver etmirik, ərazi bütövlüyümüzü bazarlığa çıxarmırıq. Əgər 30 illik erməni işğalı dövründə dövlət və millət olaraq dözüb buna getməmişiksə, 44 günlük Vətən savaşından sonra gedəcəyimizi xəyal edənlərin əqli çatışmazlıq problemi var.
Nəhayət, Qarabağdan könüllü getmiş erməni sakinlərin geri qayıdış şərtləri də məlum: portal açıqdır, öncə onlar Azərbaycanın vətəndaşlığını qəbul etməli, bayrağımız altında yaşamağa hazır olduqlarını bildirməlidirlər. Onların qayıdışı üçün ən güclü zəmanət də budur. Biz daha öz ərazimizdə yad ölkənin vətəndaşlarının kefləri istədikləri kimi, qanunsuz yaşamasına, üstəlik, təzədən qanunsuz silahlı dəstələr yaratmasına izn verməyəcəyik! Görəsən Fransanın özü buna razı olarmı?
“Boz zona” dönəmi bitdi, cənablar! Siyasətdə bir suya iki dəfə girmək mümkünsüz...
Siyasət şöbəsi,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ