İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı bədnam qətnamə - kağız parçasına əhəmiyyət verməliyikmi...

Milli Məclisdən İsveçrəyə çağırış: “Zərər vuracaq!”; STM-in icraçı direktoru: “Biz hər bəyanata ”kağız parçasıdır" deyib, keçməli deyilik"; politoloq: “Zaman keçdikcə erməni separatizminə dəstək azalacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən özünü sülh prosesi üzrə “səmimi” tərəf kimi sırımağa çalışır, vaxtaşırı müxtəlif bəyanatlar verir, qarşılıqlı iddialardan çəkilməkdən dəm vurur, digər tərəfdən də rəsmi İrəvan və erməni lobbisi birləşərək, Avropa coğrafiyasında Azərbaycana qarşı müxtəlif məkrli planlar, təxribatlar həyata keçirirlər. 

Diplomatik və informasiya cəbhəsində Ermənistanın və onun havadarlarının belə yaramazlıqlara, pozuculuğa əl atacağı gözlənilməz də deyildi. Hətta sanksiya təhdidləri də bir müddət dövriyyədə oldu. Deyəsən, məkrli dairələr artıq bu cür planlara start verirlər və 2025-ci ilin də sülh ili olmamasına indidən zəmin hazırlayırlar. İsveçrə parlamentində “Dağlıq Qarabağ: Sülh Forumu” adlı bədnam qətnamənin qəbul edilməsi bunun əyani sübutu sayıla bilər. Qeyd edək ki, bu hikkəli qətnamənin müəllifi deputat Eriks Fontobeldir. Parlamentdə baş tutan anti-Azərbaycan müzakirəsində bu ölkənin xarici işlər naziri İqnatio Kassisin iştirakı da onu deməyə əsas verir ki, sifarişli bir qətnamə hasil edilib.

Qeyd edək ki, Azərbaycan parlamenti İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibət bildirib. Musavat.com bu barədə parlamentə istinadən xəbər verir. Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir: “İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyil ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır”. 

Milli Məclis xatırladıb ki, işğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir: “Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər. Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir”. Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir: “Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir. İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycanla İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır. Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir”.

Ümumilikdə Azərbaycan bu situasiyada necə davranmalıdır? Qəbul olunan sənədləri sadəcə kağız parçası sayıb əhəmiyyət verməməliyik, yoxsa ciddi tədbirlərə başlanılmalıdır?

Azərbaycan bu əfvlə onlara öz gücünü göstərdi` - Sahib Məmmədov

 Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın Azərbaycanla apardığı sülh danışıqları imitasiya xarakterlidir: “Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir. Sadəcə, hələlik bu, açıq silahlı müharibə deyil, beynəlxalq müstəvidə aparılan müharibədir. Bu, həm beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə aparılan müharibədir, həm də informasiya müharibəsidir. Ermənistan dövləti, erməni lobbisi, erməniçiliyi dəstəkləyən dövlətlər, mərkəzlər, qeyri-hökumət təşkilatları hamısı koordinasiya olunmuş şəkildə addım-addım anti-Azərbaycan fəaliyyətlərini genişlədirməkdədirlər”. 

S.Məmmədov qeyd etdi ki, İsveçrə parlamentinin qəbul etdiyi sənədi biz kağız parçası adlandırırıq: “Avropa Parlamenti, digər qurumların davamlı olaraq qəbul etdikləri sənədləri də həmçinin. Amma Ermənistan belə hesab etmir. Ermənistan bu istiqamətdə davamlı və sistemli fəaliyyət göstərir. Qeyd olunur ki, sülh müqaviləsinin mətninin 80%-i razılaşdırlıb. Məsələ ondadır ki, lap 90% də razılaşdırılsa belə, əsas prinsipial məsələ qaldıqca, bu sənədi sülh müqaviləsi adlandırmaq mümkün olmayacaq”. Hüquqşünas vurğuladı ki, konstitusiya səviyyəsində Azərbaycanın konkret ərazilərinə idda qaldıca hər hansı razılaşma əhaəmiyyətini itirir: “Digər tərəfdən, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddiasının qəbul olunması üçün səylərini artırır. Bu tərəfdən yenicə üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı qondarma ittihamlarla cinayət işinin açılması istiqamətində işlər aparır. Buna nail ola bilməsələr belə, düşmənçiliyi davam etdirilər”. Bəs elə olduğu halda biz nə etməliyik? S.Məmmədov: “Fikrimcə, biz hər bəyanata "kağız parçasıdır" deyib, keçməli deyilik. Biz xarici ölkələrin parlamentləri ilə, beynəlxalq təşkilatlarla, beynəlxalq qeyri-hökumət təşkilatları ilə həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti olaraq işləməliyik. Onların içərisində qərəzli olanları və məlumatlı olmayanları ayırmalıyıq. Qərəzlilərlə hər şey aydındır. Amma məlumatsız olanlar, erməniçiliyin saxta məlumatlarının təsiri altında olanlarla işləməliyik. Mən bu yaxınlarda Cenevrədə keçirilən BMT-nin İrqi ayrı-seçkiliyin Ləğvi Komitəsinin 114-cü sessiyasında iştirak etdim. Biz Ermənistanın yalan dolu hesabatına alternativ hesabat vermişdik. Orada komitə üzvləri ilə görüşlərimiz oldu, brifinq keçirdik, bəyanat səsləndirdik, çoxsaylı sualları cavablandırdıq. Beləcə, bəzi aydın olmayan məsələləri izah etdik. Nəticədə komitənin yekun sənədinə Ermənistanı qınayan və Ermənistanın irqçi siyasətindən narahatlıq ifadə edən fikirlər daxil edildi. Ermənistana nifrət dilinə qarşı mübarizə aparmaq üçün effektiv hüquqi və praktiki tədbirlərin görülməsi üçün bir il vaxt verildi. Əgər bir neçə QHT beynəlxalq müstəvidə formalaşan fikirlərə təsir edib onu dəyişə bilirsə, deməli, bu səylər daha da genişlənməlidir. Biz Ermənistanla şanlı ordumuz necə döyüşürdüsə, eləcə də döyüşməliyik, sadəcə, beynəlxalq hüquq çərçivəsində və qlobal informasiya məkanında".  

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə tamamilə fərqli düşünür: “Fikrimcə, bu cür bəyanatlara və qətnamələrə xüsusi əhəmiyyət verməməliyik. ABŞ Konqresində və Avropa Parlamentində Ermənistana, həmçinin erməni separatçılarına dəstək ifadə edən xeyli kağız parçası qəbul olunub. Bir müddətdən sonra onlar yaddan çıxır, çünki dedikləri elə kağızda qalır. Azərbaycan isə doğru bildiyi yolla davam edir. Misal üçün, İsveçrə parlamentinin qətnaməsinin məntiqsizliyi aşkardır, yazırlar ki, ermənilər Qarabağa qayıtmalıdırlar. Məgər Azərbaycan bunun əleyhinədir? Vaxtilə Qarabağda yaşamış ermənilər geri qayıtmaq istəyirlərsə, Azərbaycan qanunlarını və konstitusiyasını, o cümlədən pasportlarımızı qəbul etməlidirlər. Bu olmadıqda, ermənilər Qarabağa qayıda bilməyəcək”. Siyasi analitik qeyd etdi ki, bu, həm də beynəlxalq hüquqa əsaslanan adi normadır: “Əgər Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrə Parlamentinin bədnam qətnaməsinə reaksiya verəcəksə, bu normanı onlara xatırlatmalıdır. Bəyanatımızda o da yazıla bilər ki, İsveçrədə kimsə bu ölkənin qanunları ilə yaşamaq istəməsə, onu orada saxlayarlar, yoxsa deportasiya edərlər?” E.Şahinoğlu hesab edir ki, məntiqsizlikə mübarizə aparmağın əhəmiyyəti yoxdur: “Zaman keçdikcə erməni separatizminə dəstək azalacaq. Biz Qarabağda quruculuq işlərini genişləndirdikcə və əhalini Qarabağa köçürdükcə, Qərb ölkələri bu reallığı qəbul etmək məcburiyyətində qalacaqlar. Əlbəttə, Qərb ölkələrindəki erməni lobbisi suyu bulandırmağa çalışacaq. Erməni lobbisi istəyir ki, bədnam qətnamələr vasitəsilə Azərbaycanın Qərb ölkələri ilə münasibətləri gərginləşsin. Onlara belə fürsətin verilməsinin əleyhinəyəm”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR