İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn turistlərin sayı azaldı, səbəb isə yalnız sərhəd deyil - İqtisadçıdan ŞOK TƏHLİL  

"Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq cəmi 508 min nəfər olub".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı qeyd edib ki, ölkəyə gələn turistlərin sayının azalmasının bir çox mühüm səbəbləri var:

"Qonşu və müttəfiq Gürcüstana, daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq 2025-ci ilin 1-ci rübündə, 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni, 1 mln. 300 min turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib.

Quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz, bu aksiomdur, amma Azərbaycanın problemi tək bu da deyil – qiymət və keyfiyyət tarazlığı, hekayə quruculuğu yoxdur.

Məsələn, istənilən ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, elə bir hekayə quruculuğu təşkil olunardı ki, bütün dünya Qobustanı tanıyardı. Qobustan turizm üçün hekayə quruculuğunda idial yerdir – nə desən var, hətta nə istəsən artıraraq göstərə, danışa da bilərsən.

2014-cü ildə Gürcüstan dünyaya elan etdi ki, 8 min il öncə Şulaveri və Qadaçreli bölgəsində şərab istehsal olunub, indi həmin kəndlərə, bölgəyə ildə 400 min turist gəlir. Biz isə Qobustanı belə normal təbliğ edə bilmirik, bu bir kənara, 8 may 2025-ci ildə Qobustana giriş biletlərini kəskin bahalaşdırıblar. Əvvəlki qiymətlər belə idi: yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edirdi.

Bir neçə gün öncə yeni qiymətlər elan ediblər: indi yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar.

Qiymətləri turistlər üçün 2, tələbələr üçün, məktəblilər üçün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkələrində var, bunu anlayıram, amma, bu addımı məkanın PR-ı ciddi qurulandan sonra mümkündür, məsələn, qardaş Türkiyədə “Aya Sofyanı” dünyada tanımayan yoxdur, orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq? Bundan başqa, yaxşı, öz şagirdlərimizə, tələbələrimizə qiyməti nədən artırırıq ki?! Elə yenə Türkiyədən misal çəksək, orada məktəblilər üçün əksər muzeylər tam pulsuzdur. Çünki bu, həm də hekayə quruculuğunun bir hissəsidir, məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdlıları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR