İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana daha çox hansı ölkələrdən turistlərin gəlişi gözlənilir? Ərəblər, yoxsa?..

Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün viza rejiminin ləğv edilməsi haqda qərar qəbul edildi.

Dəyişikliyə əsasən, vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək. Nəticədə ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.

Məlum məsələdir ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə gedən turistlərin sayı o qədər də çoxluq təşkil etmir. Eləcə də, bu qərardan sonra bu ölkəyə gedən azərbaycanlı turistlərin sayında kəskin artım olacağı ehtimal edilmir. Amma viza rejiminin ləğvindən sonra Birləşmiş Ərəb Əmirliklərindən çox sayda ərəb turistlərin gələcəyi gözlənilir.

Son statistikaya əsasən, ölkəmizə daha çox rus turistlər gəlir. Belə ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, ötən ay ölkəyə  84 402 nəfər səfər edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz çoxdur.

Bu ilin 4 ayı ərzində isə ölkəyə gələnlərin sayı 523 305 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (330 479 nəfər) 58 faiz çox olub. Ötən ay gəlmə sayına görə, Rusiya (47 054), Türkiyə (30 236), İran (10 677), Hindistan (10 433) və Gürcüstan (8 136) ilk beşlikdə yer alıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 4 ayında gəlmə sayına görə ən çox artım Cənubi Asiya (210 %), Mərkəzi Asiya (175 %), Şimal Şərqi Asiya (289 %), Cənub Şərqi Asiyanın (149 %) payına düşüb.

Ayrı-ayrılıqda ölkələrə nəzər saldıqda isə Nepaldan gələnlərin sayı ötən ilin müdvafiq dövrü ilə müqayisədə 1781 faiz artıb. Belə ki, ötən ilin ilk 4 ayında Nepaldan ölkəmizə 43 nəfər gəlmişdisə, bu ilin müvafiq dövründə onların sayı 809 nəfər təşkil edib. Həmçinin Çaddan gələnlər 800 faiz, Kubadan və Mauritiusdan gələnlər 700 faiz, Eritreyadan gələnlər 600 faiz, Kambocadan gələnlər 567 faiz, Salvadordan gələnlər 500 faiz, Qvatemaladan gələnlər 400 faiz artıb.

Bəs yay mövsümündə ölkəmizə daha çox hansı ölkədən turistlərin gəlişi gözlənilir? Ərəblər, yoxsa?..

Mövzu ilə bağlı ekspert, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov Musavat.com-a danışıb:

"Birləşmiş Ərəb Əmirliklərinə işgüz səfərdən başqa, turist kimi səfər etmək istəyən Azərbaycan vətəndaşları kifayət qədər çoxdur. Vətəndaşlarımız vizasız olaraq, bu ölkəyə rahat şəkildə səfər edib, 3 ay qala biləcəklər. Həm də bununla vətəndaşlarımız viza rüsumu ilə bağlı xərclərə də qənaət etmiş olacaqlar. Bu baxımdan çox sayda vətəndaşlarımızın bu ölkəyə səfər edəcəyi gözlənilir.

saiq.jpg (508 KB)

Əlbəttə, viza rejiminin ləğvi sayəsində Birləşmiş Ərəb Əmirliklərindən çox sayda turist gələcəyi gözlənilir. Ölkəmizə səfər edən turistlərin sayının çox olması turizmin inkişafına müsbət təsir göstərir. O ki qaldı cəmiyyətimizdə bəzi ərəb turistlərinin neqativ davranışları ilə bağlı haqlı narazılıqlara, bəli, bu cür faktlar olub. Amma bunu bütün ərəb turistlərinə aid etmək olmaz. Həm də burada iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasından, inkişafından söhbət gedir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR