Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı böyük zəfərdən sonra ölkəmizin Mərkəzi Asiyadakı türk dövlətləri ilə çoxtərəfli və ikitərəfli formatda münasibətləri tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru yüksəlməyə başlayıb. Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) isə dövlət müstəqilliyini 1983-cü ildə elan etsə də 2020-ci ilədək Azərbaycanla münasibətləri qeyri-rəsmi xarakter daşıyırdı və aşağı səviyyədə idi. Qeyd olunan dövrdə torpaqlarımızın işğalda olması və ərazi bütövlüyümüzü bərpa etməməyimiz Yunanıstana, eləcə də digər bir sıra dövlətlərə Xankəndidəki separatçı hərbi xunta rejimindən bizim KKTC-ni tanımağımızın qarşılığı kimi istifadə etmək fürsəti verirdi. Azərbaycanın separatizmə birdəfəlik son qoyması və regionda yeni və geriyədönməz siyasi şərait yaratması bu mövzuda ehtiyatlı davranmağımıza ehtiyacı aradan qaldırdı.
Qarabağ zəfərindən sonra Azərbaycan KKTC ilə münasibətlərinin rəsmi səviyyəyə qaldırılması, çoxtərəfli və ikitərəfli formatda bütün sahələr üzrə inkişaf etdirilməsi üçün konkret addımlar atmağa başladı. Türkiyə və Azərbaycanın təşəbbüsü və birgə dəstəyi ilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının 2022-ci ilin noyabrın 11-də Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə bu təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsi, Ordumuzun Xankəndi və ətraf ərazilərdə həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatından dərhal sonra - 2023-cü ilin oktyabrında KKTC prezidenti Ersin Tatarın Bakıya dövlət protokolu ilə səfərinin təşkili, dövlət başçımızın onu qəbul etməsi, ötən il KKTC-nin ölkəmizdə geniş mədəniyyət günlərinin keçirilməsi, İlham Əliyevin KKTC-nin TDT-nin 2024-cü ildə ölkəmizdə keçiriləcək qeyri-rəsmi toplantısında iştirak edəcəyini və KKTC-nin bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bəyan etməsi və s. buna sübutdur.
İndi isə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına hazırlıq görülür. Artıq bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Münasibətlərin inkişafının parlamentlər platformasında da davam etdirilməsi rəsmi Bakının KKTC-yə və bütövlükdə türk dövlətləri ailəsinə münasibətinin strateji xarakter daşıdığını göstərir. Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti ilə təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində ikitərəfli münasibətlərinin inkişafı üçün müsbət zəmin və sağlam əsaslar var.
Bütün bunlar bir daha prezident İlham Əliyevin cari ilin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirdiyi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrində ardıcıl və qətiyyətli olduğunu göstərir.
İnanıram ki, bu il dövlətimizin KKTC ilə münasibətləri daha da inkişaf edəcək və "yavru vətəni" rəsmi olaraq tanıyan ikinci dövlət məhz Azərbaycan Respublikası olacaq.
Elməddin Behbud
“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ