İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Xankəndiyə daxil olmalı və...” -ÇAĞIRIŞ  


“Son günlər cəbhə xəttində gərginliyin artması, təxribatlara əl atılması Ermənistana, ABŞ-a və Rusiyaya sərf edir. Regiona uğrunda ABŞ-la Rusiya arasında hələ də mübarizə gedir. Ona görə də mən hesab edirəm ki, bu proseslər Rusiya tərəfindən də dəstəklənə bilərdi, ABŞ tərəfindən də”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Partiya rəhbəri gərginliyi tətikləyən qüvvələrdən danışarkən dedi ki, daha çox ABŞ tərəfinin təsiri müşahidə olunur:

“Çünki ABŞ sülh prosesinə maraqlı deyil. Ən azı danışıqlar ABŞ-ın nəzarəti, himayəsi altında aparılmırdı. Himayəsi və nəzarəti altında aparılmayan danışıqlar isə Vaşinqtona sərf eləmir. Bunu da açıq şəkildə bildirirdilər. Hətta Ağ Ev Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesindən də o qədər razı deyil. Ona görə də ABŞ Minsk Qrupu həmsədrlərinin yenidən dirildilməsi, regiona qaytarılması və o prosesdə öz rolunun artmasını istəyirdi. Odur ki, baş verən son hadisələrdən sonra ola bilsin yenidən ABŞ-ın fəallaşmasını müşahidə edək. Bildiyiniz kimi, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq, artıq Ermənistan ciddi hay-küy salıb, Azərbaycan tərəfini ittiham etməyə çalışır. Təbii ki, həmin prosesdə bəzi vasitəçilərin, o cümlədən ABŞ-ın müdaxiləsinə ehtiyac olacaq”.

1660656719_akifakifqat.jpg (45 KB)

AVP sədri hesab edir ki, bu gərginlik Rusiyanın da maraqlarına cavab verir: “Rusiya bu kimi hadisələrlə göstərmək istəyir ki, regionda onun “sülhməramlılar”ı qalmalıdır, əks təqdirdə, genişmiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər, belə bir təhlükə var. Ona görə də Rusiya sülhməramlılar vasitəsilə təsir imkanı əldə etmək istəyir”.

A.Nağı bildirdi ki, yaranmış vəziyyətdə Azərbaycan özünün sərt mövqeyini ortaya qoymalıdır: “Hesab edirəm ki, Azərbaycan hakimiyyəti kifayət qədər operativ hərəkət elədi. Beynəlxalq təşkilatlar, Azərbaycandakı diplomatik korpus məlumatlandırıldı. Azərbaycan informasiya müharibəsində kifayət qədər nəticələrə nail oldu. Ermənilər dünyaya saxta məlumatlar yaymağa başladılar, guya Azərbaycanın mülki əhalini hədəfə aldığını iddia etdilər. Amma Azərbaycan qısa zaman çərçivəsində həmin informasiya boşluğunu doldurdu, beynəlxalq təşkilatlara müraciət olundu. Azərbaycan XİN-in sənədi BMT-də rəsmi sənəd olaraq yayıldı. Təbii ki, bu proses davam etdirilməlidir”.

AVP sədri qeyd etdi ki, danışıqlarla məsələlər həll olunmayacaq: “Yəni Azərbaycan ən azı yumşaq güclə Xankəndiyə daxil olmalı və özünün qanuni hakimiyyətini Xankəndi şəhərində bərpa etməklə bağlı ciddi düşünməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR