Onlayn ictimai-siyasi qəzet
“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı Azərbaycanı hər hansısa siyahıya daxil etməsi qərəzli və ikili standartlar nümunəsidir”.
Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan ərazisində dini, mədəni abidələri dağıdan, vandal və barbar hərəkətlər həyata keçirən Ermənistan bu siyahıya daxil edilməli halda Azərbaycan multikulturalizm və tolerantlıq ənənəsi olan bir ölkə kimi bu cür siyahılara daxil edilir:
“Əlbəttə, burada erməni izini axtarmaq lazımdır. Çünki bu siyahı erməni lobbisinin ciddi dəstəyi ilə tərtib olunub. Hesabatın Azərbaycana aid olan hissəsini qərəzli komissiyanın rəhbəri Daniela Aşbaxyan hazırlayıb. Bununla həm də ABŞ-ın dövlət və milli maraqları pozulub. Çünki xarici təsir hüququnun qənaətincə, xarici ölkə vətəndaşları ABŞ-ın xarici siyasətinin müəyyənləşdirilməsinə təsir edə bilməzlər.
Federal Təhlükəsizlik Bürosunun bütün dünyada təmsil olunmaq iddiasında olan xüsusi bölməsi fəaliyyət göstərir ki, bu bölmə müxtəlif ölkələrin və ölkə vətəndaşlarının ABŞ-ın xarici siyasətinə təsirini araşdırır, bununla bağlı kəskin tədbirlər həyata keçirir. Burada həm ABŞ-ın dövlət maraqları pozulub, həm də çox qərəzli və həqiqətdən uzaq bir qərar qəbul edilib. Bu qərarın ciddi siyasi-hüquqi təsirləri olmasa da, əlbəttə, ölkəmiz əleyhinə bir kampaniyanın tərkib hissəsidir. Erməni lobbisi hər zaman olduğu kimi, ölkəmizə qarşı fəaliyyət göstərir və bu, həmin fəaliyyətin nəticəsidir.
Lakin düşünürəm ki, ABŞ-ın ölkəmizdəki yeni səfiri Mark Libbi bu məsələyə aydınlıq gətirməli, burada hüquq, siyasi və bir sıra etik normaların pozulması baxımından Azərbaycan bu qərəzli siyahıdan çıxarılmalı və Azərbaycan xalqından üzr istənilməlidir. Dini azadlıqların bütün növ və formaları qorunan ölkəmizə qarşı erməni lobbisinin sifarişi ilə həyata keçirilən addımlar yolverilməzdir”.
Aytən Novruz
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ