İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Xalq Cümhuriyyətinin anklavları olmayıb” - yeni bəhanə

 

Ruben Qaliçyan kimi “alimlər” “anklav olmayıb” deməklə adları çəkilən kəndlərin Ermənistana qanunsuz verildiyini etiraf edib

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistan ərazisində olan anklavlarının qaytarılması məsələsinin aktuallaşması İrəvan hakimiyyətinin yuxusunu qaçırıb. Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində anklavlar və digər mübahisəli ərazilər məsələsinə də toxunub.

“Bu anklavların sərhədlərinin delimitasiyası məsələsi var, bu anklavlara giriş məsələsi var, bu sərhədlərin qorunması məsələsi var, bu ərazilərdə silahlı qüvvələrin olub-olmaması məsələsi var. Anklav nə deməkdir? Oraya çatmaq üçün başqasının ərazisindən keçmək lazımdır, başqasının ərazisindən necə keçmək lazımdır, bu məsələnin hüquqi nüansları nədir və s.”, - baş nazir bildirib.

 “Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var”, - deyən N.Paşinyanın sözlərinə görə, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar adlandırılan kəndləri göstərib.

Göründüyü kimi, Ermənistan bilir ki, gec və ya tez Azərbaycanın anklavlarını qaytaracaqlar, bu səbəbdən də ortaya saxta iddialar atırlar.

Son zamanlar erməni alimləri də bu prosesə qoşulub, öz saxta dəlilləri ilə çaşqınlıq yaratmağa çalışırlar.

Bu saxtakarlıq kampaniyasına başçılıq edənlərdən biri də erməni coğrafiyaşünası və kartoqrafı Ruben Qaliçyandır.  Qaliçyan “Media Center” platformasında təşkil olunan “Xəritələr nə deyir” müzakirəsi zamanı deyib ki, Azərbaycan müstəqillik bəyannaməsinin ikinci maddəsində  1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu elan edib. Üzdəniraq kartoqraf  o illərdə anklavların olmadığını və  Azərbaycanın əlində “yoxlanılmamış” və “saxta xəritələr”in olduğunu iddia edib. Üstəlik, deyib ki, Azərbaycan o xəritələri toplayıb keçmiş SSRİ-nin hüquqi varisi olan Rusiya Müdafiə Nazirliyinin hərbi qərargahına təhvil verməlidir.

Qalıçyan müzakirə zamanı SSRİ-nin 1926-cı il xəritəsini göstərib və bununla da haqlı olduğunu (?) sübut etməyə çalışıb. İddia edib ki,  Daxili İşlər Nazirliyi tərəfindən “təsdiq edilmiş” xəritəyə görə nə Ermənistan ərazisində, nə də Azərbaycan ərazisində heç bir anklav olub.  Guya Ermənistan SSR-in “1200 kvadrat kilometr ərazisinin bəzi hissələri sonradan Azərbaycana verilib. Həmin xəritəyə görə, Ermənistan Qarabağdan yalnız Aqavno çayı ilə ayrılıb. Sonralar qonşu ərazilər də azərbaycanlılara keçdi”. Qaliçyan SSRİ-nin 1932-ci ilə aid xəritəsini də göstərib və iddia edib ki, heç bir ölkədə anklavlar yox idi. Guya anklavlar 1940-cı ilin xəritəsində “peyda olub”. İddia edir ki, bu anklavların xəritələri çəkilsə də, onlar haqqında “heç bir sənəd yoxdur, yəni arxivlərimizdə onları təsdiqləyən heç bir hüquqi əsas yoxdur. Buna baxmayaraq, Azərbaycan 2014-cü ildə Ermənistan ərazisində yerləşən anklavların daxil olduğu atlas dərc edib, lakin "Artsvaşenin" (Başkənd) adını çəkməyib".

O qeyd edib ki, Azərbaycan XİN Ermənistan ərazisində Azərbaycan anklavların olduğunu bəyan edib, amma rəsmi sənəd təqdim etməlidir. Coğrafiyaçı deyib ki, “bu ərazilər Ermənistan Respublikasının daxilində yerləşdiyinə görə Ermənistana məxsusdur. Əgər Azərbaycanın adıçəkilən ərazilərə hər hansı iddiası varsa, o zaman  hüquqi əsaslar təqdim etməlidir. Yeri gəlmişkən, bizim ərazimizdəki üç anklavın ümumi sahəsi 45 kvadrat kilometr, təkcə Artsvaşen ərazisi isə 44 kvadrat kilometrdir. İki il əvvəl baş nazir Nikol Paşinyan anklavlar mövzusuna toxunaraq, onların mübadiləsindən danışmışdı ki, bu, problemi həll etməyin ən sadə yoludur”, - kartoqraf bildirib.

Qaliçyan ənənəvi erməni xasiyyətini büruzə verərək Azərbarşı ərazi iddialarının olduğunu gizlətməyib, hansısa strateji yüksəkliklərin Ermənistana “qaytarılmalı” olduğunu iddia edib. 

Qaliçyan deyib ki, SSRİ Hərbi Qərargahının məlumatına görə, xəritələr 1960-70-ci illərdə Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə ratifikasiya edilib və bunun əsasında 1991-ci ildə Almatı Bəyannaməsi qəbul edilib. Bir sözlə, erməni alim o ki var qondarma iddialar irəli sürüb, az qala Azərbaycanı Ermənistan ərazisinə “təcavüzdə” suçlayıb.

Ermənilər anklavlarla bağlı bu iddialarla nə etmək istəyir? Azərbaycan erməni kartoqrafın “1926-cı ilə qədər anklavlar olmayıb” fikirlərindən istifadə etməlidirmi?

Akif Nağı: “AXCP, Müsavat, ReAL kimi və nədə ittiham edir?”- MÜSAHİBƏ

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər xəritələr və anklav məsələsi ilə bağlı möhtəkirlik edirlər və ictimai rəyi aldatmağa, vaxtı uzatmağa çalışırlar: "Ruben Qaliçyan adlı saxtakar kartoqraf bu məsələdə aktivlik edir. Bu adam, deyəsən, anklavla bağlı məsələnin mahiyyətini başa düşmür. Başa düşsəydi, əslində Ermənistanın mövqeyini ifşa hesab edilən fikirlər səsləndirməzdi. Ümumiyyətlə, Azərbaycanın ərazilərinin anklav halına düşməsi 1927-ci ildən sonra əsasən Sovet İttifaqı rəhbərliyinin anti-Azərbaycan siyasəti nəticəsində mümkün olub. Yəni Azərbaycanın torpaqlarını hissə-hissə kəsərək Ermənistana veriblər və verilən torpaqların ortasında bilərəkdən kəndlər saxlayıblar. Həmin kəndlər və onların əraziləri bu yolla anklava çevrilib. Ruben Qaliçyan kimi ermənilər "anklav olmayıb" deməklə adlarını çəkdiyi kəndlərin də Azərbaycan ərazisi olduğunu və Ermənistana bir zamanlar qanunsuz verildiyini etiraf eləmiş olur. Hazırda işğalda olan 8 anklav adlanan kəndimizlə Azərbaycanın əraziləri arasındakı Ermənistan hesab olunan kəndlər, ərazilər də Xalq Cümhuriyyəti zamanında Azərbaycan ərazisi olub və dediyimiz kimi, sovet hökuməti qanunsuz olaraq həmin torpaqları Ermənistana verib. Nəticədə həmin 8 kəndimiz anklav vəziyyətinə düşüb. Ona görə də əslində SSRİ-nin həmin qərarları ləğv olunmalıdır və ərazilərimiz həmin kəndlərlə birlikdə qaytarılmalıdır. Həmin ərazilərimiz qaytarılanda anklav da olmayacaq. Əgər ermənilər özlərini ifşa edirlərsə, biz bundan istifadə etməliyik. 1926-cı ilə qədər anklavların olmadığı barədə erməni kartoqrafın dediklərindən Azərbaycan istifadə etməlidir".

Akif Nağı qeyd etdi ki, Azərbaycan 1920-ci ilin yanvarında Versal Sülh Konfransında xəritə təqdim etmişdi və həmin xəritədə Azərbaycanın əraziləri göstərilir  və orada Azərbaycanın anklav ərazisi yoxdur: “Erməni kartoqrafın anklav adlandırdığı bütün ərazilər o zaman Azərbaycanın dünya tərəfindən tanınan əraziləri olub. Versal Sülh Konfransına ermənilər xəritə təqdim edə bilməmişdilər. Azərbaycan anklav məsələsinin həlli üçün məhz Versal Sülh Konfransında dünya tərəfindən də qəbul edilən xəritənin üzərində dayanmağı təkid edə bilər”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR