Onlayn ictimai-siyasi qəzet
Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.
Musavat.com-un xəbərinə görə, bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.
Aydın Kərimov: Qıraqdakı iki heykəldən birincisi Azərbaycan klassik musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinindir. Sonuncu isə Polad Bülbüloğlunun atası, məşhur xanəndə Bülbülün heykəlidir. Ortadakı isə xan qızı Natəvandır. O, Qarabağ xanının sonuncu varisidir. Baxın, bu heykəllər 1992-ci ilədək burada – Mədəniyyət evinin qarşısındakı bağın yaxınlığında yerləşirdi.
Prezident İlham Əliyev: Mədəniyyət evi dağıdılıb.
Aydın Kərimov: Mədəniyyət evi yerlə-yeksan edilib, heykəllər isə vandalizmə məruz qalıb. Siz onların üzərində güllə yerlərini görə bilərsiniz. Onları gülləbaran ediblər.
Prezident Aleksandr Lukaşenko: Qoy, elə bu cür də qalsın.
Prezident İlham Əliyev: Bəli, məhz bu cür də qalır.
Prezident Aleksandr Lukaşenko: Qoy, hamı görsün.
Prezident İlham Əliyev: Bax, görürsünüz, mən bunları 2021-ci ilin yanvarında buraya gələndə gətirtmişəm. Onları əridilməyə göndərmişdilər, sonra isə Polad Bülbüloğlu heykəllərin əridilmək üçün ermənilər tərəfindən Gürcüstana göndərildiyini öyrəndi. Onda o atama müraciət etdi və biz onları satın aldıq, ölkəyə gətirtdik, şəhərin mərkəzindəki İncəsənət Muzeyinin həyətində yerləşdirdik, onlar demək olar ki, 30 il orada qaldı.
Prezident Aleksandr Lukaşenko: “5-45” avtomatıdır.
Aydın Kərimov: Daha sonra isə Polad Bülbüloğlu cənab Prezidentə müraciət etdi ki, onlar orada daha nə qədər qalacaqlar, gəlin onları Bakı şəhərindəki gözəl parklardan birinə qoyaq. Prezident bildirdi ki, qəti surətdə olmaz, biz onları Şuşadakı öz yerlərinə qaytaracağıq.
Prezident Aleksandr Lukaşenko: Düzdür.
Aydın Kərimov: Bu, 11-12 il bundan əvvəl olub.
Prezident İlham Əliyev: Şuşaya ilk dəfə gələndə mən onları buraya gətirtdim və olduqları yerə qoydurdum. O, (Üzeyir Hacıbəyli – red.) bizim himnimizin müəllifidir. Baxın, indi səslənən həmin himn budur. Ən maraqlısı odur ki, bu, 1918-ci il Azərbaycan Demokratik Respublikasının himnidir, bu dahi bəstəkar həm də sovet Azərbaycanının himninin müəllifidir. O, çox istedadlı bəstəkar, bənzəri olmayan insan olub. Üzeyir Hacıbəyli iki himn bəstələyib, həm Azərbaycan Demokratik Respublikası üçün, həm də Azərbaycan Sovet Sosialist Respublikası üçün. O, əslən Şuşa şəhərindəndir.
Aydın Kərimov: Onların hamısı Şuşa şəhərindəndir. Şuşa bir çoxlarının, onlarla məşhur insanın vətənidir.
Prezident İlham Əliyev: Bu, Qarabağın qurucusunun nəticəsi şairə Natəvandır. Onun həm də barmağını sındırmışdılar. Arxadakı bina isə onun sarayıdır, vaxtilə yaşadığı kompleksdir. O, dağıdılıb. Bu isə bizim məşhur müğənnimiz Bülbüldür, ona bülbül quşunun adı verilib.
Prezident Aleksandr Lukaşenko: Bülbül?
Prezident İlham Əliyev: Bu onun təxəllüsüdür. Onun da heykəli vandalizmə məruz qalıb. O da Şuşada doğulub.
Aydın Kərimov: Şuşada doğulub və böyüyüb.
Prezident Aleksandr Lukaşenko: Bunlar danışan heykəllərdir. Maraqlı şəhərdir.
Prezident İlham Əliyev: Bəli, qaya üzərində yerləşir.
Aydın Kərimov: Dəniz səviyyəsindən 1400-1600 metr hündürlükdədir. Aşağıda qala divarının və Natəvanın sarayının qalıqları görünür.
***
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Bu barədə President.az xəbər verir.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ