Onlayn ictimai-siyasi qəzet
4-5 fevral tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Somali Federativ Respublikasında səfərdə olub.
Səfər zamanı nümayəndə heyətinin bir çox qurumun yüksək vəzifəli şəxsləri ilə görüşləri keçirilib, o cümlədən Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq səfəri təşkil olunub.
Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin, bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Ali Mohamed Omar Balad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
2024-cü ildə Azərbaycan-Somali arasında diplomatik münasibətlərin 20 ili tamam olub. Son zamanlar isə iki ölkə arasında təmaslar artıb. Bir çox sahədə əməkdaşlığa dair vaxtaşırı görüşlər keçirilir. Diqqət çəkən görüşlərdən biri ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Somali Respublikasının müdafiə naziri Abdulkadir Məhəmməd Nurun görüşü olub.
Yanvarın 25-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamedi qəbul edib. Diplomat görüşün Somali ilə Azərbaycan arasında ikitərəfli diplomatik əlaqələrin möhkəmlənməsi məqsədilə keçirildiyini bildirib.
Sədrəddin Soltan
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Musavat.com-a Azərbaycanla Somali arasında münasibətlərin perspektlərini şərh edib.
S.Soltan diqqətə çatdırıb ki, Afrika qitəsi dünya ölkələri üçün çox böyük maraq kəsb edir, Azərbaycan üçün də Afrika ölkələri, o cümlədən Somali maraqlıdır: “Nəzərə almaq lazımdır ki, Azərbaycan xarici siyasət kursunu həm də Türkiyə ilə uzlaşdırır. Türkiyənin Somalidə çox böyük hərbi bazası, eləcə də ticarət əlaqələri mövcuddur. Bu ölkə Azərbaycan üçün ilk növbədə bu baxımdan cəlbedicidir. Digər tərəfdən Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür. TDT-nin sonuncu Zirvə toplantısında Afrika İttifaqı ilə TDT arasında əməkdaşlığın inkişafına dair müddəa qəbul olunub. Buna görə də Azərbaycan həm təşkilatın üzvü kimi, həm də dövlət maraqlarının təmin olunması baxımından Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Eyni zamanda Azərbaycan təbii qaz ixrac edən ölkə olduğu üçün Somali ilə energetika sahəsində ticarət əlaqələri qurmaqda maraqlıdır. İstehsal etdiyi məhsullar, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, müsəlman ölkəsi olması faktı, Azərbaycan və Türkiyəyə daha çox meyl göstərməsi Somalinin ölkəmizlə münasibətlərinin yaxınlaşmasına təsir edən amillərdir. Azərbaycanın Mərakeş, Misirlə digər ölkələrlə müqayisədə çox yaxın əlaqələri var. Somali isə Azərbaycan üçün yeni istiqamətdir. Hesab edirəm ki, perspektivdə Azərbaycanın Afrikanın sabitlik olan digər ölkələri ilə əlaqələri genişlənə bilər. Gələcəkdə Niqeriya ilə əlaqələr genişlənə bilər çünki Azərbaycan Aralıq dənizində qaz hasilatında iştirak edəcək. Bir sözlə, Azərbaycanın Somali ilə əlaqələri inkişaf etdirməsi ümumilikdə Afrika qitəsində əlaqələrin genişlənməsini davam etdirməsi ilə bağlıdır. Hesab edirəm ki, Somali Azərbaycan üçün yeni bazardır. Bu, həmçinin, Afrika İttifaqı ilə TDT-nin yaxınlaşmasına təsir göstərə bilər. Azərbaycandan sonra Mərkəzi Asiya, türk dövlətləri də bu tendensiyaya qoşula, bununla da Afrika qitəsində iqtisadi-ticarət əlaqələri genişlənə bilər”.
Qeyd edək ki, Somali Federativ Respublikasında səfər edən Hökumət missiyasına Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ