İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan–Türkiyə əməkdaşlığının növbəti mərhələsi - QHT bir araya gəlir

Azərbaycan –Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçirilib.

Musavat.com xəbər verir ki, forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.Daha sonra Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş film nümayiş olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldib:“Forumun keçirilməsi tarixi ictimai-siyasi hadisədir. Burada hər iki ölkənin qurumlarının nümayəndələri iştirak edirlər. Bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Xüsusilə, Vətən müharibəsi dövründə qardaş Türkiyə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda müstəsna rol oynayıb. Gələcəkdə türk xalqlarının QHT-i arasında əməkdaşlığın genişlənəcəyinə ümid edirəm”.

Prezident Administrasiyasının QHT ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edirlər: “Bu ilin əvvəlində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təşəbbüslə çıxış etdi ki, vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlıq forumu və nəticə olaraq platforma yaransın. Bu günə kimi müxtəlif ortaq layihələr, tədbirlər keçirilib. Platformanın yaradılması əməkdaşlığın çərçivələrini müəyyən edəcək. Bu vasitə ilə Türkiyənin vətəndaş cəmiyyəti qurumlarının imkanlarından, eyni zamanda təcrübəsindən istifadə edəcəyik”.

Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: “Türkiyə və Azərbaycan qlobal səviyyədə yaşanan böhranlar zamanı bir yerdə durmağı, mübarizə aparmağı bacarıb. Azərbaycan Ordusunun Qarabağı azad etməsindən qürur duyuruq. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. “Şuşa ili” münasibəti ilə təbriklərimizi çatdırmaq istəyirəm”.

A.Türköz Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığa dair 28 yanvar 2022-ci il tarixdə Anlaşma Memorandumu imzalandığını xatırladıb: “Sənəd iki ölkənin QHT-ləri arasında təcrübə mübadiləsi aparılmasını da nəzərdə tutur. Daxili işlər naziri Süleyman Soylu da Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müvafiq tapşırıqlar verib. Müvafiq qurumlar arasında daimi sıx əlaqə də vacibdir. Bu Forumun əməkdaşlıq istiqamətində mühüm addım olacağına inanırıq”.

Millət vəkili Zahid Oruc bildirib ki,Türkiyə və Azərbaycanın QHT-nin bir araya gəlməsi qlobal təhlükəsizlik sisteminin dərin döhran yaşadığı indiki dövrdə mühüm ictimai-siyasi hadisədir: "İki ölkənin vətəndaş cəmiyyəti institutlarının vahid platformada, ortaq ideallarla çıxış etməsi və aydın müəyyələşmiş “yol xəritəsi” əsasında səfərbər olunması, hər iki ölkənin doğma paytaxtda-Bakıda toplaşması, gələcək birgə fəaliyyətin, mühüm qərar və proqramların müəyyənləşməsi, yeni tarixi dönəmin başlanğıcı üçün müstəsna əhəmiyyət kəsb edir. Osmanlı və Sovet imperiyalarından sonra eyni demokratik respublika, dünyəvi dövlət quruluşu və quruculuğuna qədəm qoyan hər iki ölkənin üçüncü sektoru, sivil toplum təşkilatları mənsub olduqları millətin taleyi ilə oxşar-ərazi işğalları, radikal separatizm və xarici siyasi müdaxilələr, suverenliyə qəsd və daxili təxribat cəhdlərini bilavasitə öz həyatlarında yaşayan böyük bir vətəndaş ordusu, milyonlarla insanı təmsil edən güclü ictimai institutlardır.Son statistik məlumatlara görə hazırda Türkiyədə mövcud olan 116 mindən artıq assosiasiya, qeyri-hökumət təşkilatı və 5 mindən artıq fond mövcuddur. Halbuki 14 il əvvəl bu rəqəm müvafiq olaraq, 78 min və 4 min 400 təşkilatdan ibarət olmuşdu.Əhalisinin altıda birinin bu sektorda təmsilçiliyini nəzərdə aldıqda on milyonlarla insanın bu böyük hərəkatda yer aldığı və güclü Türkiyə quruculuğunda iştirak etdiyini görə bilərik.Şübhə yoxdur ki, rəsmi dövlət hakimiyyəti ilə yanaşı, sivil toplumun ayrılmaz hissəsi olan, demokratiya və hüquqi cəmiyyət quruculuğunun istisnasız atributu sayılan STK-lar müasir və yeni Türkiyənin gələcəyini müəyyələşdirirlər. 100 illik tarixi təcrübə heç şübhəsiz müstəqilliyinin 30 cu ildönümünü yenicə keçmiş ölkəmiz üçün böyük bir irs, əvəzsiz tarixi sərvət sayıla bilər”.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar qeyd edib ki, forum “Şuşa” bəyannaməsinin müddəalarına əsasən təşkil edilib: “Bəyannamə Türkiyə və Azərbaycanın müttəfiqlik qanunudur. Müddəalara görə rəsmi təşkilatlarla yanaşı, qeyri-rəsmi təşkilatların birgə əməkdaşlığı nəzərdə tutulur.Bu gün dünyada ictimai siyasətə (public diplomasy) önəm verilir. Strategiya müəyyən edilib.Mətbuat,ədəbiyyat, eləcə də təhsil sahəsində ortaq müsabiqələrin təşkil olunması ilə fəaliyyətə start veriləcək. Həmçinin, bundan sonra QHT milli mənfəətlərə dəstək üçün fəaliyyət göstərəcəklər”.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov toplantını Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi kimi dəyərləndirib: “Forum daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji əhəmiyyət daşıyır. Ölkələrimizdə ictimai rəyin düzgün formalaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin, eyni zamanda medianın rolu danılmazdır. Bu iki təsisatın birgə əməkdaşlığı, bir-birini tamamlayan maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur. Bu baxımdan bugünkü toplantıdan gözləntilərimiz böyükdür.

Eyni zamanda Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kompaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik. Ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı, jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə bizim səsimizin eşidiləcəyinə inanırıq”.

Forum müzakirələrlə davam edib. Qeyd edək ki, bugünkü forumun nəticəsində Türkiyədə keçiriləcək növbəti forumun tarixinin bəlli olacağı gözlənilir.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR