İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan türkdilli ölkələrin lokomotivi rolunda

Deputat: “Prezident tərəfindən irəli sürülən təklif əlaqələrin inkişafına əsaslı töhfə verib”

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.

Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir.

Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib.

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Bu barədə deputat Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. “Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasiya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyəti göstərməsində xidmətləri böyükdür. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir”, - deputat deyib.

O bildirib ki, bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq: “Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Azərbaycanın xarici siyasətində türkdilli ölkələrlə münasibətlərin inkişafı mühüm yer tutur. İqtisadi, siyasi, mədəni, enerji və nəqliyyat sahəsində sürətlə inkişaf edən Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərlə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir”.

Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib: “Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.

Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq".

A.Hüseynov vurğulayıb ki, ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir: “Eyni zamanda İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir”.

Hazırladı: Etibar Seyidağa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR