Onlayn ictimai-siyasi qəzet
Musavat.com Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıçın müəllif yazısını təqdim edir:
Əslində, bu başlıq hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə həqiqətdir. Niyə 2003-cü ildən, yəni, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən bəri atdığı addımlar, verdiyi qərarlar və ardınca baş verənlər təkcə bizim, Azərbaycan -Türkiyə İttifaqı üçün deyil, Qafqaz bölgəsi, həmçinin geniş anlamda böyük Yaxın Şərq, Avropa, Asiya və bütün dünya üçün fantastik əhəmiyyətə malik bir dövrdür? Gəlin bu dövrü bir neçə aspektdə siyasi, iqtisadi, geo-siyasi və əlbəttə ki, tarixi mənada təhlil etməyə çalışaq. Bunun üçün ilk növbədə hadisələrin sürətlə cərəyan etdiyi o illərə qayıdaq və o zaman gedən proseslərə diqqət edək. O dövrdə real vəziyyət məhz sadaladığım anlamda necə idi?
Müstəqilliyin ilk illərindəki hərc-məclikdən sonra 1993-cü ildən Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlayan Azərbaycanın keçdiyi tarixi bir yol var idi. Ümummilli Lider Heydər Əliyev ölkədəki hərc-mərcliyə son qoyaraq, müstəqil Azərbaycanı sözün əsl mənasında dövlət olaraq formlaşdırmış, əsas strateji hədəfləri müəyyənləşdirmiş, ölkəni stabil inkişaf relsləri üzərinə çıxarmışdı. Özü də bu strateji hədəfə çox ağır şərtlər altında, de-fakto ciddi basqıların mövcud olduğu zamanda nail olmuşdu. Bu siyasətin məqsədi o dövr üçün həssas istiqlaliyyət şərtlərində əsas istiqamət kimi siyasi, iqtisadi, hərbi mənada Türkiyə ilə dərin inteqrasiya etmək, güclü müttəfiqlik bağları yaratmaq, geniş anlamda isə Türk birliyinin köklərini atmaq idi. Təbii ki, o böyük insan dövrünün Atatürk düşüncəsi, strategiyası ilə hərəkət edirdi.
Bu arzusunu zamanın ağır şərtlərinə, xarici təzyiqlərinə rəğmən cəsarətlə dillə gətirir, əsl niyyətini heç özü də gizlətmirdi. O, Atatürkün və onun yolunun böyük heyranı idi. Nə demişdi? “Biz Türkiyə ilə Bir Millət İki dövlətik!” Bəli, Heydər Əliyev Azərbaycan dövlətini artıq qurmuşdu. Tarix özü illər keçəndən sonra da o böyük şəxsiyyət və dövlət xadiminin Azərbaycan, Türkiyə və bütün türk dünyasının faydasına nələri etdiyini, hansı xidmətlərini göstərdiyini mütləq yazacaq. Bundan sonra və gələcək tarixçilər nəsli onun millətimiz üçün xidmətlərini daha effektiv şəkildə qələmə alacaqlar. Heç şübhəniz olmasın.
2003-cü il... Ulu Öndər Heydər Əliyev haqqın rəhmətinə qovuşmuş və bundan əvvəl özünün siyasi varisini elan etmişdi. Azərbaycan siyasətinin yeni Lideri və Heydər Əliyevin siyasi varisi İlham Əliyev idi. Azərbaycan xalqı böyük oğlunu itirməyin şokunu, ağrısını və matəmini yaşayır, çox düşünürdü ki, onsuz bu xalqın və dövlətin gələcəyi necə olacaq?! Bu sual bizi- Türkiyəni də çox düşündürürdü. Nigaran baxışlarımız can Azərbaycana yönəlmiş, necə deyərlər gözümüz və qulağımız həp burada idi. Ancaq millətimizin bu çətin dönəmdə bir təskinliyi də var idi. Həyatını Azərbaycana həsr etmiş Heydər Əliyev əsla özünə siyasi varis seçərkən səhvə yol verməz, oğlu belə olsa, xalqına xidməti və onun gələcəyini düşünərək qərar verər, məhz bu sədaqət prinsipinə önəm verərək addım atardı. Necə ki, zaman göstərdi ki, bu seçim nə qədər doğru və tarixi qərar olub.
Beləliklə, Prezident kimi ilk müsahibəsini verən Azərbaycanın yeni Lideri İlham Əliyev açıq dedi: “Yolumuz Heydər Əliyevin yoludur!” Siyasi mənada bu tarixi açıqlama o demək idi ki, tam müstəqillik yolu davam etdiriləcək, Qarabağ probleminin həlli Azərbaycan Respublikasının xarici, daxili, hərbi və hərbi-siyasi strategiyasının əsası olacaq. Türkiyə ilə inteqrasiya siyasəti və xətti tam sürət davam edəcək. Türk dünyası ilə inteqrasiyada tədrici yol tutulacaq, proses zatən türk adı gələndə “əsəb keçirən” böyük gücləri qıcıqlandırmadan həyata keçiriləcək, ancaq mütləq bu hədəf reallaşdırılacaqdır. Necə ki, reallaşdı da! Bu yerdə şəxsən mən özümü ona görə xoşbəxt hiss edirəm ki, Türkiyənin o zamankı Azərbaycan səfiri olaraq məhz bu prosesin canlı şahidiyəm. O vaxt bir tarix yaşandı, 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qədim türk diyarı Naxçıvanda Türk Şurasının təməllərini atdılar. Bu əslində Türk Dövlətləri Təşkilatının özülünün qoyulması demək idi. Hamıya gün kimi aydın idi ki, bu işin sonu nə ilə nəticələnəcək. İllərlə çəkilən zəhmətin nəticəsi isə daha da böyümək və güclənmək oldu. 12 noyabr 2021-ci ildə isə artıq Türk Dövlətləri Təşkilatı adı İstanbul zirvəsində rəsmən bütün dünyaya elan edildi. Bu dörd ölkəyə indi Özbəkistan, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan da qoşulub. Əvvəldə də qeyd etdiyim kimi bu inteqrasiya prosesində türk dünyasının iki böyük oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var.
İlham Əliyev liderliyindəki Azərbaycanın xarici siyasətinin ən ciddi uğurlarından biri heç şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də 193 ölkədən 155-nin müsbət rəyini alaraq BMT Təhlükəsizlik Şurasına iki il müddətinə (2012-2013-cü illər) qeyri daimi üzv seçilməsi oldu. Bu, Azərbaycana və onun Lideri Prezident İlham Əliyevə böyük inamın və etimadın təzahürü sayılmalıdır.
Daha bir beynəlxalq uğur isə BMT-dən sonra dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama hərəkatının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən zirvə toplantısında quruma sədrliyin 2019-2022-ci illər üçün Azərbaycana keçməsi olmuşdur. Bu dövr dünya üçün çox ağır pandemiyanın hökm sürdüyü zaman idi. Hərəkata sədrlik etməyə başladığımız zaman Azərbaycan Prezidenti İlham Əliyevin əsl dünya lideri kimi verdiyi qərarlar önə çıxdı. Hamı gördü ki, hətta böyük ölkələr belə koronovirus pandemiyası zamanı özlərini itirdikləri vaxt Azərbaycan dünyanın bu bəladan xilası naminə hansı rasional addımları atdı. BMT Baş Assambleyasının bu bəla ilə mübarizə məqsədi ilə fövqəladə sessiyası belə Azərbaycanın təşəbbüsü ilə çağırıldı. Ümumiyyətlə, bu təsisat bu illər ərzində uzun müddət keçəndən sonra ilk dəfə beynəlxalq siyasətdə ciddi şəkildə boy göstərməyə başladı. Ona görə də üzv ölkələr Azərbaycanın sədrliyini daha bir il uzatdılar. Hərəkatın fəallığı Vətən müharibəsi zamanı özünü bir daha göstərdi. Üzv ölkələr Azərbaycana qarşı hazırlanan təxribatçı sənədin qəbulunun qarşısının alınmasında həlledici rol oynadılar.
Xüsusi ilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsini artıq təmin edib. Hamıya məlumdur ki, indiki beynəlxalq konyunkturanın mövcud olduğu şəraitdə bunu reallaşdırmaq nə qədər çətindir. Hər zaman onun dediyi bir sözü çox qiymətləndirirəm və cəsarət nümunəsi hesab edirəm. Prezident həmişə deyir ki, hətta özündən güclü ölkələrin qarşısında belə haqqımızı müdafiə etmək üçün qorxmadan mübarizə aparmaq lazımdır. Bəli, bu illər ərzində İlham Əliyev beynəlxalq münasibətlər sistemində bir dəmir iradəli siyasi lider kimi hamıya nümunə göstərdi. Hər kəsə millətinin maraqları naminə öz yerini göstərə bildi. Vətən müharibəsi zamanı başda Fransa olmaq üzrə Ermənistanın havadarlarının etdikləri bütün təzyiqləri dəf etməyi bacardı. Onun bu qüdrəti cəbhədə vətən mücadiləsi verən əsgərimizə də böyük motivasiya oldu. Xalqın qələbəyə inamını daha da artırdı. 44 günün sonunda Ermənistan kapitulyasiya etməli oldu.
2023-cü ildə sentyabrın 19-da isə cəmi 23 saat 49 dəqiqəyə Azərbaycan ordusu Qarabağdakı terror yuvasını darmadağın etdi. Bu əməliyyat Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bilavasitə liderliyi sayəsində bir nəfər belə mülki insanın burnu qanamadan uğurla başa çatdırıldı. Azərbaycan bütün torpaqlarında öz suverenliyini bərpa edərək ərazisində erməni separatçılığına son qoydu. Bu da böyük bir tarixdir ki, gələcəkdə onun qiyməti nəsillərimiz tərəfindən daha geniş və ətraflı təhlil və izah olunacaq. Zatən hazırda bütün dünyada Azərbaycan hərb sənətinin sirləri yaxından öyrənilir və örnək göstərilir. Savaş dönəmində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək isə Azərbaycan xalqına əbədi sevgimizin və məhəbbətimizin, həm də qan bağlarımızın yaratdığı məsuliyyətin dərk edilməsi, həmçinin hər iki Liderin qətiyyətinin sayəsində mümkün olmuşdur. Bu bağlılıq izahı sözlə mümkün olmayan bir fenomendir. İndi Qafqaza barış gələcək ümidləri dünənə görə daha da çoxdur.
Bir tarixi məqam bu yerdə xüsusi ilə vurğulanmalıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir-biriləri ilə əsl dost-qardaş münasibətləri quraraq iki qardaş ölkənin daha da yaxınlaşmasını təmin ediblər. Şuşa bəyannaməsi bu prosesin zirvəsi idi. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanmış bu tarixi sənəd- “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” bəyannamə qısa müddət sonra hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilərək qanun qüvvəsi qazanıb. Yəni, artıq Azərbaycan və Türkiyə rəsmən müttəfiq olublar. Sənəd həm də hərbi-siyasi baxımdan ciddi bir təhlükəsizlik paktı kimi də qiymətləndirilməlidir. Unutmayaq ki, Türkiyə həm də NATO-nun üzvüdür. Bu baxımdan Şuşada Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladığı bu tarixi anlaşmanın beynəlxalq əhəmiyyəti də təhlükəsizlik məsələlərində çox ciddi yer qazanmış olur. Yəni, sənəd sadəcə cənubi Qafqazda dəngələr baxımından deyil, daha geniş arealda təhlükəsizlik nöqteyi-nəzərindən müstəsna önəmə malikdir. Bu addım bütün Türk Dövlətlərinə Turan yolunda siyasətlərini çuğlaşdırmaq və əlaqələndirmək üçün nümunəvi bir yol oldu. Son proseslər həm də onu göstərdi ki, İlham Əliyev siyasətində əsas hədəf olan Qarabağın azad edilməsi bütün dəngələri xeyrimizə, bəli, bütün aləmi-türkün xeyrinə necə müvəffəqiyyətlə dəyişdi! İndi, yeni bir reallıq ortalıqdadır. Dünya dövlətləri bu gün bizimlə yaxınlaşmaq, dost olmaq üçün sanki növbəyə durub. Bu o deməkdir ki, bu iyirmi ildə yeridilən siyasət nə qədər müdrik, uzaqgörən olub. Bir məqama da diqqət etmək vacibdir. İlham Əliyev siyasəti dünya ilə qarşıdurmaya əsla yönəlməyib. Əksinə, Azərbaycan Avropaya, Asiyaya və hamıya bərabərhüquqlu münasibətlər sistemi qurmağı təklif edir. Əgər istənilən addımlar zamanında və rasional meyarlara söykənilərək atılarsa, o vaxt 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın və Türkiyənin təklif etdiyi modellər maraqlı dövlətlərin, özəlliklə də region ölkələrinin hər birinə fayda verəcək.
Beləliklə, siyasi xətt tam mənası ilə aydındır: Əsas hədəf Türkiyə ilə sıx inteqrasiya, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlıq, dünya Azərbaycanlılarına sahib çıxmaq və dövləti daha da gücləndirmək. Təbii ki, bu hədəflərə çatmaq üçün ilk növbədə iqtisadi güc olmalıdır. Prezident İlham Əliyev demək olar ki, hər çıxışında bu faktoru vurğulayır ki, iqtisadi güc ölkənin təhlükəsizliyində ən vacib amillərdən biridir. Güclü ordu qurmaq, hərbi-sənaye potensialı formalaşdırmaq da təbii ki, bu işin əsas meyarlarından birdir ki, Azərbaycanın bu anlamda da uğurları sadəcə həsəd aparılasıdır. Bir məqamı əsla unutmaq olmaz: Bu nailiyyətlərin qazanılmasında heç şübhəsiz ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva İlham Əliyevin ən yaxın silahdaşı olub. Onun Azərbaycanı dünyaya tanıtdırmaq üçün gördüyü işlərin özü böyük bir tarixdir. Bu haqda da gələcəkdə çox güclü əsərlər mütləq yazılcaq.
Azərbaycan Liderinin İqtisadi siyasəti isə əsl möcüzədir. Xatırlayırsınızsa, İlham Əliyev ölkəsinin əsas hədəfinin neftdən asılılığı azaltmaq olduğunu elə ilk günlərdən elan etmişdi. İqtisadiyyat mütləq diversifikasiya edilməlidir. Hədəf o idi ki, gələcəkdə iqtisadi risklər neft-qaz amilinə görə ölkə iqtisadiyyatına zərbə vurmasın, davamlı inkişaf digər sektorların gücləndirilməsi hesabına stabil təmin edilsin. Bəli, 20 ildə məhz bunlar həyata keçirildi. Neftdən gələn gəlirlər həm Azərbaycanın güclənməsinə, həm xalqın rifahına xidmət etdi, eyni zamanda digər sektorların inkişafını da stimullaşdırdı. Dövlət büdcəsinin gəlirləri dəflərlə artıb. Azərbaycana 310 milyard dollar sərmayə yatırılıb. Bunun 200 milyard dolları qeyr-enerji sektoruna qoyulub. Bu çox ciddi rəqəmlərdir. Bu gün qarşıda yeni iqtisadi hədəflər var. Azərbaycan yeni şəraitdə bu hədəflərə də mütləq nail olacaq. O da faktdır ki, Türkiyə və digər türk dövlətləri ilə sıx iqtisadi əlaqələr davamlı və stabil iqtisadi inkişafda mühüm rol oynayır. Qeyd etdiklərim bir daha onu təsdiqləyir ki, İlham Əliyevin Prezident seçilməsindən keçən iyirmi il ölkə üçün əsl qızıl dövrdür. Nəticəyə diqqət edin: Qarabağ problemi artıq tarixdir, ərazi bütövlüyü təmin edilib, dövlət, onun ordusu çox güclüdür, xarici təsirlər uğurla dəf edilir, Azərbaycan istədiyi tam müstəqil xarici siyasətini uğurla həyata keçirir, öz milli maraqlarını qəbul etdirməyi bacarır, iqtisadiyyat inanılmaz templərlə şaxələndirilir və inkişaf etdirlir, alternativ enerji sahəsinə ciddi yerli və xarici yatırımlar edilir. Ümumiyyətlə, Azərbaycana xaricdən böyük sərmayələr gəlir ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir.
Beləliklə, 20 ilin tarixi rezümesi odur ki, Azərbaycan və onun böyük oğlu Prezident İlham Əliyev Qafqazlarda türkün daha bir ulduzunun parlamaqdan çox ötəyə getdiyini sübut edərək, yeni bir eranın və onun çağırışlarının yaradıcısı olub. Bunun adı qızıl dövrdür. Bu xoşbəxtlik ulduzu heç zaman sönməyəcək. Əmin olun, bütün Türk aləmi sizinlə qürur duyur və sizi özünə örnək hesab edir, Əziz və Can Azərbaycan xalqı!
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ