Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Serbiyaya gündəlik 1,7 milyon kubmetr təşkil edən qaz tədarükünü dayandırmaq məcburiyyətində qaldığını bildirib.
Musavat.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç açıqlayıb.
Onun sözlərinə görə, səbəb "Şahdəniz" yatağında yaranan problemlərdir:
"Pis xəbər heç vaxt tək gəlmir, həmişə ikinci, sonra üçüncü olur. Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş almışıq ki, öhdəsindən gəlmək mümkün olmayan çətinliklər, "Şahdəniz" yatağındakı problemlər ucbatından biz hər gün 1,7 milyon kubmetr qaza ümid edə bilmirik. Qaz tədarükünün bərpası üçün nə qədər vaxt lazım olacağına dair heç bir dəqiqlik yoxdur, öz ehtiyatlarımızdan getdikcə daha çox istifadə edəcəyik".
Dövlət başçısı cari qış mövsümü üçün ölkədə kifayət qədər enerji ehtiyatının olduğunu, lakin Azərbaycanın enerji təchizatının tezliklə bərpa olunacağına ümid etdiyini bildirib: "Üçüncü problem yaranana qədər kifayət qədər qazımız var. Bilmirəm, nə baş verməlidir. Ümid edirəm ki, azərbaycanlılar bunu bir-iki aya düzəldəcək. Əgər bu mümkün olmasa, o zaman əlavə qaz almalı olacağıq”.
2024-cü ilin dekabr ayının sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunu üzrə Vuçiç “Nis yaxınlığında əlavə elektrik enerjisi mənbəyini təmin edəcək qaz elektrik stansiyasının birgə tikintisi” planının vacibliyini qeyd edib. Xarici işlər naziri Marko Djuricin sözlərinə görə, Bakının sayəsində Serbiyanın enerji təhlükəsizliyi “bu çətin dövrlərdə” əhəmiyyətli dərəcədə möhkəmlənib.
Qeyd edək ki, “Şahdəniz” yatağından sahilə qaz və kondensat daşıyan boru kəmərində yaranan problemə görə layihənin operatoru BP-Azerbayjan şirkəti yataqdakı “Alpha” platformasında qaz hasilatını dayandırmalı olub. Hələlik problemin mahiyyəti açıqlanmır, eyni zamanda onun nə zaman aradan qaldırılacağına dair heç bir bilgi verilmir.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ