Onlayn ictimai-siyasi qəzet
Moldovada Rusiyanın əlaltısı olan Dnestryanı bölgənin enerji təminatı son günlər xeyli narahatlıqlara səbəb olub. Belə ki, Rusiyanın “Qazprom” şirkəti Moldovaya əsassız olaraq hesabladığı 700 milyon dollardan yuxarı “borc”un ödənməsi tələbi ilə ölkəyə qaz verilişini dayandırıb. Həm Dnestryanı bölgəni, həm də Moldovanı elektrik enerjisi ilə təmin edən Moldova Dövlət Dairə Elektrik Stansiyası bölgəyə qaz verilişi kəsildikdən sonra kömürə keçib. Separatçı bölgənin qanunsuz başçıları Dneprin sağ sahilinə enerji verilişini dayandıraraq, Moldovadan “Qazprom”un əsassız hesabladığı borcu ödəməyi tələb edirlər. Onlar Moldova vasitəsilə Avropadan qaz alınmasına da razılaşmır, eyni zamanda stansiyada kömür ehtiyatlarının fevralın ortalarına qədər davam edəcəyini bildirərək BMT və digər təşkilatlardan Moldovaya təzyiq olunmasını tələb edirlər. Separatçılar hətta Ukraynanın pulsuz verməyə hazır olduğu kömürün stansiyada istifadə üçün yararlı olmadığını iddia edirlər.
Dnsetryanı bölgənin enerji təminatı Moldova prezidenti Maya Sandunun ötən həftəsonu Kiyevə rəsmi səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə də müzakirə olunub. Görüşdən sonra keçirilən brifinqdə Zelenski Moldova Dövlət Dairə Elektrik Stansiyasını pulsuz kömürlə, həmçinin kömürə uyğunlaşmanı təmin edəcək mütəxəssislərlə təmin etməyə hazır olduqlarını deyib. Əvəzində isə stansiyanın istehsal edəcəyi enerjinin artıq hissəsinin Ukraynaya verilməsini təklif edib. Brifinqdə jurnalistlərin Ukrayna ərazisindən qaz nəqli məsələsi barədə sualını cavablandıran Zelenski ötən həftə Davos İqtisadi Forumunda görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı qazının ölkəsi üzərindən Avropaya nəqli məsələsini müzakirə etdiyini açıqlayıb: “Bu, təkcə Moldovaya deyil, Slovakiyaya da aiddir. Qaz var, Azərbaycandan tədarük marşrutları var. Azərbaycanın ildə 25 milyard kubmetrlik ixrac potensialı var. Avropanın qaza ehtiyacı olsa, infrastrukturumuzdan istifadə edə bilərdik. Amma Rusiya qazı yox. Ukrayna Moldovanın Dnestryanı bölgəsini kömürlə təmin etməyə hazırdır. Orada insanlar onsuz da əziyyət çəkdikləri üçün köməyə ehtiyac duyurlar, nə istilikləri var, nə işıqları. Hamımıza vəziyyət aydın idi. Bizim əslində Moldovaya tədarük edə biləcəyimiz kömürümüz var, onu Tiraspola verə bilərik”, - deyə Zelenski əlavə edib.
Zelenski bildirib ki, Ukrayna Azərbaycandan qaz tranzitini sürətlə qura bilər: “Biz azərbaycanlılara pul qazanmağa imkan yarada bilərikmi? Məmnuniyyətlə. Slovaklara kömək edərikmi? Məmnuniyyətlə. Biz bunu tez edə bilərik. Müqavilə bağlaya, işi tez qura bilərik”.
Qeyd edək ki, Davosda iki prezidentin görüşdüyünə dair məlumat açıqlanıb, lakin detallara toxunulmamışdı. Zelenskinin açıqlaması göstərir ki, qaz məsələsi müzakirə olunub.
Qeyd edək ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının öz ərazisindən nəqlini dayandırıb. Bu, Slovakiya və Macarıstanın qaz təminatına ciddi təsir edib. Amma Macarıstanın Türk axını vasitəsilə Rusiya qazını almaq imkanı var, ötən il bu xəttlə 6,4 milyard kubmetr qaz alıb. Türkiyə tərəfi bu il daha çox həcmi nəql etməyə hazırdır, lakin bu qaz Ukrayna üzərindən gələndən cüzi baha başa gəlir. Macarıstan bunu bəhanə edərək Ukraynaya təzyiq göstərməyə çalışır. Slovakiyaya digər ölkələr qaz təminatında dəstək təklif etsələr də, bu ölkənin rusiyapərəst rəhbərliyi razılaşmamağa çalışır. Aydın məsələdir ki, burada hər iki ölkənin məqsədi Rusiyanın mühüm qazanc mənbəyinin əldən çıxmamasında Moskvaya yardım etmək, əvəzində daha ucuz qaz almaqdır.
Azərbaycana gəlincə, Bakı ötən il ərzində Ukrayna üzərindən qaz nəqlinin dayandırılmaması üçün Moskva və Kiyev arasında uzunmüddətli danışıqlarda vasitəçilik etdi. Lakin Kiyev birmənalı şəkildə Rusiyanın illik həcmi 15 milyard kubmetr təşkil edən qazının Avropaya ötürülməsində iştirakı dayandırdı.
Xarici agentliklər, həmçinin Slovakiyanın baş naziri Fitso ötən ilin mayından Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılması məsələsinin ictimai müzakirələrini təşkil edirlər. Xarici agentliklər bildirirdilər ki, Avropa İttifaqı Ukrayna nəql sisteminin boş qalmaması, həmçinin Rusiya qazından asılı olan Avstriya və Slovakiyanı qazla təmin etmək üçün alternativlər axtarır. Brüsseldə Rusiyanın öz qazının nəql olunmadığı şəraitdə Ukrayna nəql sistemini sıradan çıxaracağından ehtiyat edirlər. Bunun qarşısını almaq üçün Rusiyanın olmasa da, Moskvanın isti münasibətinin olduğu başqa bir mənbədən qaz tədarükünün yoluna qoyulması əsas çıxış yolu hesab edilir. Belə bir alternativ kimi ən çox Azərbaycanın adı hallanır. Ukrayna tərəfi də bir neçə dəfə açıqlama verərək Azərbaycan qazının öz ərazisindən nəqlinə rahatlıqla şərait yaradacağını açıqlayıb.
Belə müzakirələrin fonunda xarici mediada Azərbaycanın Ukrayna üzərindən nəql etməyə yetərincə qazının olmadığına dair çoxsaylı materiallar yayımlanır. Onlar iddia edirlər ki, əgər Rusiya, Ukrayna və Azərbaycan qaz nəqli barədə razılığa gələcəklərsə, Bakı qazı Moskvadan alıb Avropaya satacaq.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bu deyilənlər artıq il yarımdır ki, Qərb mediasında, “ofis” ekspertləri arasında kök atıb: “Haradan qaynaqlanması isə sirr deyil - təbii ki, siyasi dairələrdən gəlir. Elə bilməyin ki, Qərbdə bütün media qatığı ağ adlandırır, ürəkləri istəyəndə hansı rəngdə desən bəzəyirlər. Bu qaz məsələsi ilə bağlı Azərbaycan hökuməti bir tutarlı konfrans keçirə bilər, sandığı açıb, panbıqları ortaya qoya bilər. Yoxsa hər şeyi Prezident İlham Əliyev bəyan edir. Amma dövlət başçısının dediklərini oralarda siyasi bəyanat kimi qəbul edirlər. İnandırmaq üçün gərək heç kəsdə zərrə qədər də şübhə yeri qalmayacaq dəlil-sübut və faktları açıqlayasan. Məsələn, yanvarın 17-də Moskvada bəyan edildi ki, Rusiya Azərbaycan üzərindən İrana 55 kubmetrədək qaz nəql etmək niyyətindədir. 10 gün keçib və Azərbayvan tərəfi bunu şərh etməyib. Belə məsələlər də dediyim ekspertlər və dairələr tərəfindən öz maraqlarına görə yozulur da, yönləndirilir də”...
Ekspert qeyd edir ki, Azərbaycanın Avropaya onların istədiyi qədər - ildə 20 milyard kubmetr qaz vermək üçün hasilata investisiya yatırılmalıdır: “Ötən il Abşeron yatağının işlənməsinin ikinci mərhələsi üzrə kommersiya sazişi imzalanmadı. Bu saziş Azərbaycan hökuməti ilə səhmdarlar və alıcılar arasında imzalanmalıydı. Buna da Avropa Komissiyasının tələbləri imkan vermədi. Komissiya şirkətlər qarşısında tələb qoyub ki, uzunmüddətli sazişlər əsasında qaz alqı-satqısı həyata keçirməsinlər. Bu səbəbdən SOCAR məcbur oldu 2024-cü ildə BOTAŞ-la müqavilə imzaladı. Azərbaycan ayrı-ayrı ölkələrlə müqavilələr əsasında ixrac həcmlərini artırır. TAP-ın ötürücülük gücü 13 milyard kubmetrə qədər çatdırılıb. Qalan hissəni Türkiyədən Bolqarıstana gedən 3,5 milyard kubmetr gücündə kəmərlə ixrac edirik. Yəni ixrac diversifikasiya olunub. Bu, bizə imkan verir ki, Cənub Qaz Dəhlizini genişləndirmədən hasil etdiyimiz qazı müqavilə imzalanan ölkələrə çatdıraq”.
Yeri gəlmişkən, Azərbaycan Avropaya qaz nəqli ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri icra edir. Məsələn, Azərbaycan qazının Bolqarıstana tədarükünün illik həcmi iki dəfə artıb və 2024-cü ildə 2 milyard kubmetr təşkil edib. Bunu Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın “Nova” nəşrinə bildirib.
Səfirin sözlərinə görə, Bolqarıstana qaz Avropa bazar qiymətindən ucuz satılır: “Biz Azərbaycan qazının Bolqarıstana tədarükünü artırmışıq və qiymətlər də münasibdir - SOCAR qazının bazar qiymətindən nisbətən aşağıdır. Biz tədarükləri 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, sonra isə 1,5 milyard kubmetrə çatdırdıq, ötən ilin sonunda isə Azərbaycan qazının həcmi 2 milyard kubmetrə çatıb. Bu o deməkdir ki, biz Bolqarıstanın təbii qaza olan ehtiyacının əsas hissəsini qarşılayırıq”.
Səfir xatırladıb ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti “Bulgargaz” şirkəti ilə Bolqarıstana illik 1 milyard kubmetr qaz tədarükü üçün 25 illik müqavilə imzalayıb: “Lakin Bolqarıstanda baş verən enerji böhranından sonra və Sofiya hakimiyyətinin tələbi ilə biz qaz tədarükünü artırmağa başladıq, çünki sənayesi təbii qazdan asılıdır”.
O, həmçinin xatırladıb ki, 2022-ci ildə Azərbaycan Aİ ilə enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıb: “Biz ilkin olaraq Trans-Adriatik Boru Kəməri ilə Aİ-yə 10 milyard kubmetr təbii qaz tədarük etməyi gözləyirdik, lakin sizin regionunuzda və bütövlükdə Avropada vəziyyəti nəzərə alaraq, biz Avropa bazarına qaz tədarükünü artırdıq. Nəticədə ötən ilin sonuna qədər bu, təxminən 13 milyard kubmetr təşkil edib”.
Hüseynov qeyd edib ki, Azərbaycan hazırda “12 Avropa ölkəsinin ərazisinə” qaz ixrac edir: “Bu baxımdan Bolqarıstan Azərbaycan tərəfindən qaz tranziti baxımından çox mühüm ölkə kimi qəbul edilir, çünki ölkəniz inkişaf etmiş daxili qaz nəqli şəbəkəsinə malikdir”,.
Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.
Hazırda Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü ilə - İtaliya, Yunanıstan və Bolqarıstanla sabit tədarük həcmi ilə uzunmüddətli müqavilələr, qalanları ilə isə dəqiq alış həcmi olmayan müqavilələr imzalanıb. Bakı bu müqavilələrə tam əməl edir. Özü də xarici medianın yazdığının əksinə olaraq, Rusiya qazı hesabına deyil. 2024-cü ildə Azərbaycan Rusiyadan cəmi 571 milyon kubmetr qaz alıb. Ölkənin özünün qaz hasilatı 2023-cü ildəkindən 2 milyard kubmetr çox - 50,3 milyard kubmetr olub. Bunun 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
Beləliklə, Azərbaycanın qaz ixracı həcmi ilə Rusiyadan alınan qaz arasında 50 dəfədən çox fərq var.
Dünya SAKİT,
“Yeni Müsavat”
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ