İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ - Sərhədimizdə nə baş verir? 

Pezeşkianın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun yeni gərginliyə yol açan ittihamları və İran Astarasında hərbi təlimləri nəyə hesablanıb?

İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Pezeşkianın  “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan iddialardan sonra SEPAH yenidən düşmən üzünü göstərib. 

“İranın reaksiyasından çəkinən Bakı öz ərazisində sionistlərin olmasını inkar edir”. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  sosial şəbəkələrdə dərc olunan mesajında deyilir. “Azərbaycan hökuməti bəyan edib ki, Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi qüvvələri yoxdur.

İsrail televiziyasının 14-cü kanalının yaydığı məlumatı nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Bakının bəyanatı həqiqətə uyğun deyil, çünki İsrail ordusunun öz hərbi qulluqçularını Azərbaycandan çıxarmaq tələbi onların ölkədə olmasının dolayısı ilə tanınmasıdır. Əgər hər hansı bir ölkə İsrailə qarşı əməliyyat zamanı onları müdafiə edərsə, o, İrana hücumda iştirak etmiş ölkə sayılacaq", - SEPAH yazıb.

Yada salaq ki, həftəsonu İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

Media Agentliyi Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş bu iddianı dezinformasiya adlandırıb. Qeyd edək ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib.

Rəsmi Bakı isə dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib.

Bu informasiya təxribatından sonra İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində, Azərbaycanla həmsərhəd Astara sahillərində təlimlər keçirib. “Mehr” agentliyinin məlumatına görə, dəniz müdafiəsi təlimi Astaradakı hərbi dəniz bazasında baş tutub. Təlimlər zamanı hipotetik hədəflərə hücum edilib. Astara qubernatorunun müavini Həmid Musəvinin sözlərinə görə, təlimin məqsədi dəniz qüvvələrinin hazırlığını maksimum dərəcədə artırmaq olub.

Pezeşkianın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İranın əsas gücü olan SEPAH-ın yeni gərginliyə yol açan ittihamları, İran Astarasında hərbi təlimlər nəyə hesablanıb? HƏMAS liderinin öldürülməsinə görə Təl-Əvivə qisas vədi andı içən İran diqqəti Azərbaycana yönəltməklə hədəfmi dəyişdirmək istəyir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun sözlərinə görə, HƏMAS liderinin Tehranda öldürülməsi İrana bir dövlət kimi böyük zərbədir: “Əgər bir dövlətin təhlükəsizlik qüvvələri ölkəyə gəlmiş ali qonağı qorumaq qədər acizdirsə, bu dövlətin cəmiyyətin diqqətini həmin biabırçılıqdan yayındırmaqdan başqa çarəsi qalmaz.  İran rəsmlərinin HƏMAS liderinin öldürülməsindən sonra ictimai fikri bu  faktdan yayındırmaq məqsədilə etdikləri çıxışların fəlsəfəsi də bundan ibarətdir. İranın hərbi gücü İsrailin hərb maşını qarşısında aciz durumdadır. Ancaq İran hakimiyyəti bunu heç bir formada etiraf edə bilmir. Belə olan halda, cəmiyyətin diqqətini bu uğursuzluqdan yayındırmaq istəyirlər.

Guya İranın hərbi müstəvidəki bütün uğursuzluqlarının kökündə dayanan əsas amillərdən biri Azərbaycanın İsraillə dostluq etməsidir. Otuz il erməni dəyirmanına su tökən və üç tərəfdən blokadada qalaraq dalana sıxılmış işğalçı Ermənistana bütün səviyyələrdə yardımlar edərək ona nəfəslik verməklə bu terrorçu dövləti dəstəkləyən İran indi hərbi müstəvidəki bütün uğursuzluqlarının kökünü Azərbaycan-İsrail dostluğuna bağlamaq istəyir.

Dəfələrlə demişəm ki, İranda kimin prezident olmasından asılı olmayaraq, bu dövlətin mahiyyəti dəyişməyəcək. Dövlətin idarə olunmasında dini bir alət kimi istifadə edən bu rejimin mahiyyətinin dəyişməsi mümkün də deyil, onun özü dəyişməlidir.

İsraillə Azərbaycan arasında hərbi müstəvidə əməkdaşlıq mövcud olduğundan hər hansı bir İsrail hərbçilərinin Azərbaycanda olması mümkündür. Məsələn, elə İsraildən alınmış hərbi texnikanın istifadəsi üzrə Azərbaycan hərbçilərinə müəyyən təlimlər verən beş-on İsrail hərbçisi Azərbaycanda ola bilər. Bu nə deməkdir? Məgər belə bir fakt Azərbaycan ərazisində İsrail hərbi bazalarının olması deməkdirmi? Bu, sadəcə, absurddur!

İsrail hərb maşını qarşısında özünün “dayan, doldurum” silahları ilə heç nə edə bilməyən İran hökuməti və onun SEPAH adlı hərb aparatı bütün uğursuzluqların kökünü başqa yerlərdə axtarmaq zorundadılar. Sual olunur, HƏMAS liderinin Tehrandakı biabırçı qətlindən sonra İsraili vuracağına and içən molla hakimiyyəti nədən hadisədən ötən müddətdə bunu etmir? Etməyəcək! Çünki bir-bir neçə ay öncə etdiyinin həm nəticələrini gördü və həm də layiqli cavabını aldı".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin fikrincə, İran-İsrail arasındakı gərginlik mütləq şəkildə bizim regiona təsirsiz ötüşməyəcək: “İlkin olaraq informasiya yayıldı ki, İranın yeni prezidenti Məsud Pezeşkian SEPAH-a əmr edib ki, Azərbaycandakı İsrail hərbi bazaları vurulsun. Bunun dezinformasiya olduğunu düşünürəm. Çünki İranda Azərbaycanla barışmaz mövqedə olan qurum SEPAH-dır. Yəni bu təklif SEPAH-dan gedib, Pezeşkian razılıq versə idi, həqiqətəuyğun olardı. Rəsmi Bakı buna cavab vermək istəmədi. Çünki düşündülər ki, dezinformasiyadır. Məsələ ondadır ki, bu dezinformasiya olsa belə, buna cavab vermək vacib idi. Çünki Azərbaycan bir yandan İranla münasibətləri düzəltmək üçün addımlar atır. Digər yandan isə bu dezinformasiya cəmiyyətdə müzakirəyə çıxarılmışdı. İsrail tərəfinin Azərbaycan və Gürcüstandakı hərbçilərini geri çağırmaq və bu iki ölkəyə səfəri qadağan etmək informasiyası isə Azərbaycan və Gürcüstanı zərbə altına qoymaqdan başqa bir şey deyildi. Çünki Azərbaycan tərəfi ərazimdə başqa bir ölkənin hərbi bazası yoxdur desə də, Azərbaycana qarşı həmişə qərəzli olan SEPAH bunu fürsət bilir. İsrail "Azərbaycanda heç bir hərbi bazam yoxdur" açıqlaması verməklə əslində gərginliyi azalda bilərdi. Ancaq İsrail tərəfi bunu etmədi. Görünür, gərginliyin qalması və davam etməsi hər kəsə sərf edir.

Çox maraqlı məqam həm də budur ki, türkiyəli bəzi ekspertlər İranda baş verən hər hadisədə davamlı olaraq Azərbaycanı ittiham edirlər. Helikopter qəzası, ardınca Haniyənin ölümü və hərbi bazalar haqda dezinformasiyalar öncə bəzi türkiyəli ekspertlərin dilindən səslənib. SEPAH gərginliyi artırmaq üçün addımlar atacaq. Hərbi təlimlər keçiriləcəyi də gözlənilən  idi. Onlar bunu bir növ əzələ nümayişi kimi edəcəklər. Azərbaycan tərəfi dəfələrlə İrana  sübut edib ki, onun ərazisində heç bir ölkənin hərbi bazası yoxdur. Bəli, Azərbaycanda bir neçə ölkənin mütəxəssisi var. Hər alınan silaha görə mütləq şəkildə müqavilədə mütəxəssisin gələcəyi də qeyd olunur, bu ümumi məbləğə daxil edilir. Bunu hansısa ölkənin hərbi bazası kimi təqdim etmək yalnız qərəzdən irəli gələ bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR