İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan "Qərbin həyasız uşağı"nı belə susduracaq - General DETALLARI AÇDI

"Ermənistanın 10 noyabr 2020-ci il kapitulyasiyasından sonra həm Moskva, həm də Brüssel görüşləri oldu. Antalyada Ermənistan xarici işlər naziri ilə Türkiyə XİN başçısı görüşdü. Ondan sonra Türkiyə ilə Ermənistan arasında təmsilçilər 3 dəfə görüş keçirdilər. Ən sonda Ermənistan xarici işlər naziri ilə Azərbaycan XİN rəhbəri Gürcüstanda görüşdü. 10 noyabr 2020-ci ildən bu günə qədər Ermənistan təslim olma anlaşmasında verdiyi sözləri yerinə yetirmək əvəzinə zaman qazanmağa, "Qərbin həyasız uşağı kimi" mövcud statusu qorumağa çalışmaqdadır".

Bunu Musavat.com-a Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, bu hal qəbuledilməzdir:

"Ermənistan Azərbaycanı beynəlxalq hüquq platformasında tək qoymağa, günahkar, savaşı yaradan tərəf kimi təqdim etməyə çalışır. Bu, qəbuledilməz davranış formasıdır. Ermənistan yeni dünya düzəninin olduğunu, Cənubi Qafqazda yeni statusun yarandığını anlamalıdır. Cənab Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Türkiyə prezidenti, xarici işlər naziri və müdafiə naziri də bu mövzuda Ermənistanı verdiyi sözlərə səmimi şəkildə əməl etməyə dəvət edib. Türkiyə Azərbaycanın təsdiq etmədiyi, hə deməyəcəyi hər hansı bir fəaliyyətin qəbul edilməyəcəyini dəfələrlə bildirib. Nəticə olaraq Ermənistan vaxt qazanmağa, məhv edilmiş ordusunu (70 faizi) ayağa qaldırmağa, Qərbi Cənubi Qafqazın sabit bir bölgə olmadığına inandırmağa çalışır.

296178471_1705801969776321_3521713765391169003_n.jpg (81 KB)

Azərbaycan əlbəttə ki, beynəlxaq hüquq çərçivəsində atəşkəs anlaşmasında irəliləmə olmadığı halda öz torpaqlarından terrorçuları təmizləmək üçün antiterror əməliyyatları aparacaq. Bu da Azərbaycanın ən təbii haqqıdır. İyun ayına qədər Azərbaycana torpaqlarındakı silahlı terrorçu ünsürlərin çıxarılması ilə bağlı söz verilməsinə rəğmən, yerinə yetirilməyib. Azərbaycan öz torpaqlarındakı terrorçuları məhv etmək haqqını hər an özündə saxlayır. Dünya dəyişib, Bişkek atəşkəs anlaşmasından 28 il sonra barış anlaşmasına zidd köhnə statusun Azərbaycana, Türkiyəyə diktə edilməsi qəbuledilməzdir. Azərbaycan dövlətinin, xalqının daha 28 il gözləmək fikri yoxdur. Türkiyə keçmişdən bu günə qədər Azərbaycanın haqq və hüquqlarının qorunmasına maddi-mənəvi dəstək verməyə davam edib. Bu, İkinci Qarabağ müharibəsində maksimum səviyyəyə çatdı.

Ermənistanın təslim olma anlaşmasından sonra Azərbaycanla Türkiyə arasında tarixin ən pik nöqtəsi olan Şuşa Bəyannaməsi imzalanıb. Bu Bəyannaməyə görə, bir ölkənin torpaqlarına edilən hər hansı bir hücum digər ölkəyə də edilmiş hücum hesab olunur. Dolayısı ilə erməni terrorçu qruplarının Azərbaycanın ərazi bütövlüyünə qarşı və beynəlxalq hüquqa zidd fəaliyyətlərdə olması Türkiyə əleyhinə də fəaliyyət hesab olunacaq. Əgər ermənilər terrorçu fəaliyyətlərinə davam edərlərsə, Türkiyə  Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycana hər cür dəstək göstərəcək. Lakin Azərbaycan ordusu İkinci Qarabağ savaşında öz imkanları ilə qələbə qazandısa, Silahlı Qüvvələri güclü lideri, milli-mənəvi dəyərləri yüksək olan xalqı ilə bu məsələni də təkbaşına həll edəcək gücdədir. Türkiyənin nəyi varsa, Azərbaycanındır - 83 milyon əhalinin qəlbi, Türkiyə Silahlı Qüvvələrinin maddi-mənəvi ünsürləri Azərbaycanın ixtiyarındadır".  

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR