Onlayn ictimai-siyasi qəzet
Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti ilə Azərbaycanın SOCAR şirkəti arasında qaz alqı-satqısına dair müqavilənin imzalanmasından sonra ilk dəfə mavi yanacağın nəqli Rusiyada aqressiv reaksiya doğurub. Bu qaz nəqli Trans-Balkan dəhlizi ilə həyata keçiriləcək.
“Yeni Müsavat” yada salır ki, Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavab olaraq “işğalla barışmayın” söyləməsi də Rusiyada ciddi narazılıq doğurmuşdu, indi qaz nəqli bu cür şovinist tiplərin “çörəyinə yağ sürtür”, onlar Kremlin xoşuna gəlmək üçün Azərbaycana kin-nifrət açıqlamaları ilə sanki yarışa giriblər.
“Azərbaycan qazının Ukraynaya tədarükünə başlamaq qərarı açıq şəkildə Moskva ilə müharibə aparan Kiyevə dəstək məqsədi daşıyır”, - Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Lenta.ru-ya belə deyib. “Mənə elə gəlir ki, hətta ən karlar və korlar belə Azərbaycanın bir müddətdir ki, öz xətti ilə getdiyini və bir sıra hallarda Rusiyanın maraqlarına düşmən olduğunu hiss etməyə başlayıblar. Bu, Bakının öz münasibətini nümayiş etdirmək üçün səbəblər və fürsətlər axtardığını bir daha təsdiqləyir”, - Zatulin bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda belə addımları çoxvektorlu siyasət adlandırmaq olar. "Bununla belə, son vaxtlar Rusiyanın siyasətinə perpendikulyar olan vektorlar getdikcə güclənir və nümayiş etdirilir", - o əlavə edib. Anti-Azərbaycan mövqeyinin davam etdirən siyasətçi iddia edib ki, İranda müharibə olanda guya Azərbaycan tərəfi Buşəhrdəki AES-in işçilərinin ailələrinin, rusiyalı mütəxəssislərin Astara buraxılış məntəqəsindən çıxarılmasından imtina edib.
Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” də qaz nəqlindən Azərbaycana qarşı hücum üçün növbəti bəhanə hesab edirlər. Onların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub.
Azərbaycan qazının Ukraynaya nəqli Qərb ölkələrinin də maraqlarına cavab verir. Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımı ilə yer almış olub. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir.
“Azərbaycan qazının Ukraynaya çatdırılması yaxşı və düzgün təşəbbüsdür”. Bu fikri AZƏRTAC-a Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, Enerji qənaəti və enerji səmərəliliyi alt komitəsinin sədri, deputat Sergey Naqornyak söyləyib.
Onun sözlərinə görə, bu addım Ukraynaya qaz defisitini azaltmağa kömək edəcək. Deputat Ukraynanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb. Rəsmi Kreml reaksiya verməyib, amma mövqe indidən də bəllidir.
Lakin Rusiya onu da qiymətləndirməlidir ki, Azərbaycan koalisiyaya qoşulmayıb, sanksiyalarda iştirak etmir. Ukraynaya qaz nəqli isə həm iqtisadi maraqlarımıza uyğundur, həm də işğala məruz qalan xalqın enerji təminatında ciddi köməklikdir. Üstəgəl, müharibənin azı 3 ilində Rusiya qazı Ukrayna üzərindən hələ də nəql edilirdi və Kurskun Sudja bölgəsindən keçirdi.
Bu mövzuda politoloq Elxan Şahinoğlunun fikirləri də maraqlıdır. Onun sözlərinə görə, Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. “Bunların "məntiqinə" görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar. Kreml müharibə başlayandan Ukrayna ərazilərini işğal etməklə yanaşı, ukraynalıların qış aylarında donmasını, qazsız və elektriksiz qalmasını istəyir. Kreml 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayanda bu ölkəyə qarşı da eynisini arzulayırdı. Azərbaycan Gürcüstanın donmasına imkan vermədi, qonşumuzu neft və qazla təmin etdik. Tərəfdaşı ağır durumdan qurtarmaq lazım idi", - deyə analitik Gürcüstanın işğal olunduğu dönəmi və Bakının yardımını xatırladıb.
Onun sözlərinə görə, əlbəttə, Ukraynaya qazın nəqli məsələsində gəlir də düşünülüb, ancaq Gürcüstanın timsalında olduğu kimi, Ukraynanın ayaqda qalması da bizim üçün vacibdir: “Prezident İlham Əliyev ukraynalılara "işğalla barışmayın" mesajını göndərdikdən sonra Kiyevin “bizə qaz lazımdır” xahişini müsbət cavablandırıb. Çinin xarici işlər naziri Van Yi Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasa “biz Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini istəmirik, çünki əksi olarsa, ABŞ diqqətini Çinə yönəldəcək” demişdi. Azərbaycan isə əksinə, Ukraynanın müharibədə məğlub olmasını istəmir, çünki əksi olarsa, Kreml “diqqətini” başqa ölkələrə, o cümlədən Azərbaycana yönəldəcək".
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Azərbaycanın müharibədən iki gün əvvəl Rusiya ilə strateji müttəfiqliyə dair bəyannamə imzaladığını yada salaraq, rəsmi Bakının münasibətlərdə dürüst olduğunu düşünür. Onun qəzetimizə bildirdiyinə görə, bu gün də Ukraynaya qaz nəqlində Azərbaycan Rusiya əleyhinə iş aparmayıb: “Rusiya özü də dünənə qədər Ukraynaya qaz nəql edirdi. Yəni şəhərləri bombalayırdı, həm də enerji ilə təchiz edirdi. Burada siyasi elementlərlə bərabər iqtisadi dividentləri qabartmağın tərəfdarıyam. Zatulin onsuz da bizə qarşı danışmaq üçün nəsə tapmağa hazırdır. İndi də əlinə fürsət düşüb ki, Ukraynaya qaz verilməsi ilə ittiham etsin”.
Təhlilçi hesab edir ki, Azərbaycanın enerji məhsulları dünya bazarına çıxıb, Avropaya, İsrailə, qardaş Türkiyəyə, Gürcüstana, Balkan ölkələrinə satılır, əməkdaşlıq əlaqələri genişlənir: “Elə dövlətlər var ki, bu gün də əlaqələri yaxşı deyil, amma Azərbaycan öz siyasətini yürüdür, onlara neft-qazını satır. Ona görə də Ukrayna məsələsində rusiyalı siyasətçilər və onların media nümayəndələri qabaqdangəlmişlik edirlər. Görünür, Rusiya öz qazının Azərbaycan üzərindən satılmasını istərdi. Bizim Kremlə görə sanksiya altına düşmək fikrimiz yoxdur. Sadəcə, Moskva nəzərə almalıdır ki, Şimal-Cənub dəhlizi var və Azərbaycan burada da Rusiya iqtisadiyyatının nəfəs alması üçün önəmli tranzitdir. Həmçinin Zəngəzur dəhlizi perspektivi mövcuddur. Kreml bacarırsa, İrəvana təzyiq etsin və koridorun onun nəzarəti altında açılmasına nail olsun ki, Rusiya buradan iqtisadi fayda əldə edə bilsin. Bir sözlə, Azərbaycan Ukrayna böhranı kontekstində şəffaf siyasət yürüdür, Ermənistan kimi oyunbazlıq etmir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ