İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə vermədi, onlar HƏRƏKƏTƏ KEÇDİLƏR - 24 saatdan sonra...

23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın düşmənlərinin sayı günü-gündən artır. Dünyaya səs salan ZƏFƏRimizi həzm edə bilməyən, erməni lobbisinin əlindən qidalanan Qərb bu dəfə də bizi təəccübləndirə bilmədi. Sadəcə, bu dəfə Almaniya öz sinəsini irəli verib. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim ölkəmizə qarşı vasitə kimi istifadə edib.

ASMA.jpg (121 KB)

Azərbaycana qarşı aparılan çirkli kampaniyanın budəfəki lideri rolunu isə Almaniya öz üzərinə götürüb. Belə ki, almaniyalı deputat Frank Şvabenin təklifi ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu komitənin səsi isə təxminən 24 saatdan sonra çıxacaq.

Digər tərəfdən, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə “Laçın dəhlizi”nə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib.

“İnsan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan” AŞPA nədənsə 30 il ərzində işğalçı dövlət Ermənistanın səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib. Hər fürsətdə torpaqlarımızı işğal edən, insanlarımızı qanına qəltan edən, Xocalı kimi bir soyqırımı törədən erməniləri yerdən qaldırıb, onları yemləməklə məşğul olub. Artıq 2024-cü ildir. Nə il həmin ildir, nə də Azərbaycan həmin Azərbaycan. Zamanında Azərbaycanın hayqırtısına quru bəyanatlarla hay verən Avropa Şurası ortalıqda söz aparıb-gətirmək funksiyasını yerinə yetirir. Bir zamanlar olmayan nüfuzu ilə qürrələnən Avropa Şurasının hazırda Avropada heç bir nüfuzu yoxdur. Azərbaycanın da belə bir hörmətsiz quruma ehtiyacı yoxdur. Azərbaycanla hədə, sanksiya dilində danışmaq heç bir işə yaramaz. Təsadüfi deyil ki, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Grange Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib. "Bu, səhv bir qərardır. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - deyə ingilis deputat bildirib.

TEODOR.jpg (61 KB)

Xatırladaq ki, Yunanıstandan olan deputat Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı Azərbaycanın bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Səməd Seyidov isə vitse-prezident seçilib.

semed.jpg (77 KB)

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası yanvarın 26-dək davam edəcək.

ilyas 1.jpg (33 KB)

AŞPA-nın Azərbaycana qarşı qərəzinə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Avropa Şurası Parlament Assambleyası işğal dövründə yalnız növbətçi bəyanatlar dərc edib və heç bir praktiki fəaliyyət müşahidə olunmayıb:

“Bu qurumla bağlı ümidlər çox böyük idi. Xatırlayıram ki, Azərbaycanın AŞPA-ya üzv olması həmin dövrdə ölkəmizin tarixi qələbəsi kimi qiymətləndirilirdi. Lakin bizim ümidlərimiz reallığa çevrilmədi. Beynəlxalq hüququn məhz mötəbər təşkilatlar tərəfindən bərqərar edilməsi, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət həyata keçmədi. Azərbaycan öz gücü, qüdrəti, iqtisadi potensialı, xalqın müdrikliyi sayəsində torpaqlarını işğaldan azad etdi.

Lakin hazırkı proseslərdə AŞPA-nın tutduğu mövqe əlbəttə ki, qərəzlidir. Biz dəfələrlə bunun şahidi olmuşuq ki, Avropa Şurası Parlament Assambleyası türkofob, islamofob yanaşması ilə erməni lobbisinin sifarişlərini yerinə yetirib, erməni diktəsi ilə qərarlar qəbul edilib, bu da düşmənçilik təfəkkürünün bir nəticəsidir.

Ölkəmizə qarşı qərəzli kampaniyanın başında almaniyalı deputat Frank Şvabe çıxış edir. Belə bir təəssürat formalaşır ki, bütün dünyada öz nüfuzunu və imicini itirən Fransa yavaş-yavaş Almaniya ilə pərdələnir və bu məkrli siyasətin arxasında gizlənir, öz məqsədlərinə çatmaq istəyir. Fransa xarici siyasətdə ardıcıl uğursuzluqlar və nüfuzdan düşmə yaşasa da, məhz öz çirkin məqsədlərinə çatmaq üçün müxtəlif vasitələr tətbiq edir”.

Politoloq hesab edir ki, ölkəmizə qarşı müxtəlif istiqamətləri əhatə edən qərəzli bir nəticə olacaqsa, Azərbaycan tərəfi də buna susmamalı, AŞPA-dakı nümayəndə heyətimiz, Milli Məclis buna cavab verməlidir:

“Bir sıra addımlar da atıla bilər. Bu addımlardan biri Azərbaycanın da güzgü effekti ilə cavabları ola bilər. Hesab edirəm ki, ölkəmizə qarşı həyata keçirilən çoxsaylı qərəz qələbəmizi gözü götürməmək və qisas proseslərinin tərkib hissəsidir. Eyni zamanda Azərbaycan ərazilərinin işğalı faktına göz yuman, işğala məruz qalan dövlətlə işğalçı dövləti tərəzinin bir gözünə qoymaq münasibətinin növbəti mərhələsidir. Bu gün Avropada nüfuzu olmayan Avropa Şurasına müasir beynəlxalq münasibətlər sistemində də yer yoxdur və yalnız bu cür qərəzli yanaşmaları sərgiləyirlər.

AŞPA bu qərarı qəbul edəcəyi təqdirdə Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandıra bilər. Bu, ölkəmizin çox sərt təpkisi kimi qələmə veriləcək. Digər tərəfdən, Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Görək, o zaman Avropa Şurası, bu qərəzli qurum özü üçün hansı nəticələr əldə edəcək”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR