Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev “ASAN Viza sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərin Azərbaycana elektron viza almaları üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib.
Belə ki, əcnəbilərdən 1991-ci ildən sonra Ermənistanın işğalı altında olan Qarabağa və Azərbaycanın digər rayonlarına səfərlər barədə məlumatların sistemə daxil edilməsi tələb olunmayacaq. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu, Azərbaycan XİN-in “qara siyahı”nı ləğv etdiyi anlamınamı gəlir? Bundan sonra tutaq ki, ermənipərəst Konstantin Zatilin də ölkəmizə gələ biləcək?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, COP29 tədbiri ilə bağlı Azərbaycana 80 min civarında əcnəbinin səfər etməsi gözlənilir: “Verilən fərman Azərbaycana gələcək həmin əcnəbilərlə də bağlıdır. Prezident İlham Əliyevin "ASAN Viza sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərmanın əsas məqsədlərindən biri də Azərbaycanın sülh istiqamətində atdığı növbəti bir addım kimi qiymətləndirilməlidir.
Xəyal Bəşirov
Yəni Azərbaycan üçün münaqişə və münaqişə ilə bağlı bir çox məqamlar arxada qalıb, Azərbaycan gələcəyə baxmaq istəyir. Təbii ki, Ermənistanın 30 il Azərbaycana qarşı işğalçılıq addımları və bu işğalın Azərbaycan xalqına, dövlətinə vurduğu zərbələr, acı nəticələr tariximizdə qalacaq, yaddaşlarımızdan silinməyəcək. Amma sülh istiqamətində addımlar atmaq üçün, gələcəkdə Cənubi Qafqazda Azərbaycan tərəfinin formalaşdırdığı yeni reallıqlara uyğun proseslər üçün biz mütləq şəkildə bəzi addımları atma zərurətini duyuruq. ASAN Viza sistemində buna qədər Qarabağ və digər işğal edilmiş ərazilərə səfər edən əcnəbilərlə bağlı məhdudiyyətlər tətbiq edilirdi.
Yəni işğal altında olan ərazilərimiz beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınırdı. Həmin ərazilər Ermənistanın işğalı altında olduğu dövrdə oraya səfərlər edilməsi artıq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qanunsuz daxil olma və ərazi bütövlüyünü şübhə altına almaq hərəkəti idi. Bir sıra ermənipərəst qüvvələr isə qəsdən bu cür qanunsuz səfərləri həyata keçirirdilər. Azərbaycan da beynəlxalq təcrübədən yararlanaraq həmin şəxslərə qarşı qanunvericilikdə məlum addımı atmışdı.
Bu gün isə torpaqlarımız işğal altında deyil, ərazilərimizdə suverenliyimiz bərpa olunub. Ona görə də artıq həmin ərazilərə səfərlərin edilməsi onsuz da Azərbaycanın müvafiq qurumlarının qanunvericiliyə uyğun razılığı olmadan mümkünsüzdür. İşğal faktı aradan qaldırıldığı üçün ASAN Viza sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi tamamilə təbiidir və zəruri idi".
Ekspert həmçinin qeyd etdi ki, biz bir zamanlar işğalda olan ərazilərə qanunsuz səfərlər etmiş bir sıra şəxslərin indi azad olan həmin ərazilərə səfərlərinə şərait yaratmaqla onların hazırda o ərazilərdə həyata keçirilən quruculuq işlərini görmələrinə və onlarda ermənilərlə bizim fərqimiz barədə aydın təsəvvür yarada bilərik: “Onlar görəcək ki, bu torpaqların əsl sahibi kimlərdir. Bununla belə, Konstantin Zatulin kimi şəxslərə fərdi qaydada məhdudiyyət tətbiq edə bilərik. Buna bizim hüququmuz var. Beynəlxalq hüquq buna imkan verir. "ASAN Viza sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi heç də o demək deyil ki, Azərbaycana qarşı cinayət törətmiş şəxslərə ”yaşıl işıq" yandırılır. Məsələn, Xocalı sıyqırımı kimi cinayətdə iştirak etmiş, bu cinayəti dəstəkləmiş şəxslər Bakıya ancaq məsuliyyətə cəlb edilmək üçün gətirilə bilərlər. Yəni ayrı-ayrı fərdlərə fərdi qaydada məhdudiyyətlər tətbiq edə bilərik. Prezidentin imzaladığı fərman ümumi şəkildə tətbiq edilən qaydaları özündə ehtiva edir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ