Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanda Milli Ordunun, sözün əsl mənasında milliləşməsi prosesi, demək olar ki, başa çatmaq üzrədir. Uzun illər SSRİ/Rusiyada təhsil alan generallar Orduda hakimi-mütləq idilər. Azərbaycanın 90-cı illərin ortalarından başlayaraq Türkiyə Ali Hərbi Məktəblərində oxumağa göndərdiyi məzunlar indi artıq Orduda üst vəzifələrə gəlirlər".
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O deyib ki, bunun daha bir örnəyini bu gün gördük - general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə (HHQ) yeni komandan təyin edildi:
"Cənab İslamzadə 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.
Elan edildiyi kimi, Azərbaycan Ordusu Türkiyə (NATO) modelinə keçir, Türkiyə ilə hərbi və təhlükəsizlik məsələləri ilə bağlı inteqrasiya prosesi yüksələn xəttlə davam edir. Bu məsələ Azərbaycanı Cənubi Qafqaz (Baltikyanı ölkələri çıxmaq şərti ilə), keçmiş SSRİ respublikalarından ciddi şəkildə fərqləndirir, üstünlük qazandırır. Azəbaycan-Türkiyə hərbi-siyasi məsələlər ilə bağlı əməkdaşlığı ölkəmiz üçün ciddi təhlükəsizlik “çətiri” yaradıb. Gürcüstanın, Ermənistanın belə bir “çətiri” yoxdur, bu gün hər iki ölkədə baş verənlər, həm də o “çətir” axtarışıdır – Ermənistanın “rus çətiri” işləmir, dəlmə-deşik olub, Gürcüstan isə illərdir NATO-dan o “çətiri” ala bilmir. Ermənistanın daha bir problemi də odur ki, bu gün fəaliyyətdə olan generallarının 90%-i Rusiya təhsillidir, deməli Kremlın təsirindədir. Gürcüstanda vəziyyət bir az fərqlidir, artıq NATO proqramı çərçivəsində və Türkiyənin birbaşa iştirakı ilə yeni generalları var, amma “çətirləri” yoxdur".
Ekspert əlavə edib ki, Azərbayanda bəzi kiçik marginal qrupun mənasız nümayəndələri, “Azərbaycan tam Rusiyanın yanındadır”, tezisi o qədər çürük, mənasızdır ki, “rusməramlıların” ölkəmizdən tam çıxarılmasından sonra onlara cavab vermək belə vaxt itkisidir.
Hərbi-təhlükəsizlik siyasəti doğru istiqamətdədir, qalır daxili məsələlərlə, iqtisadi-sosial problemlərin həlli ilə bağlı doğru olanları etmək – hökumət anlamalıdır ki, bu problemlərin həlli yolu çürümüş idarəetmə sisteminin köklü “təmirindən” keçir, necə ki, Ordu köklü “təmir” edildi və ciddi uğur qazanmaq mümkün oldu, eyni fəlsəfi yanaşma bu problemin həllində də tədbiq edilməlidir".
Afaq,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ