İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ordusu orada möhkəmlənərək ermənilərə böyük zərbə vurub - Vətən savaşı günlərində... - SENSASİON DETALLAR

Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma qurumun “müdafiə ordusunun komandanı” Mikael Arzumanyanın həbsi yenidən 3 ay müddətinə uzadılıb.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə yerli Ali Məhkəmə Şurasından məlumat verilib.

Arzumanyan 1 sentyabr 2022-ci ildən həbsdədir. Ona qarşı ittihamın detalları da məlum olub.

İstintaqın məlumatına görə, 28 sentyabr 2020-ci ildə qondarma ordunun N saylı hərbi hissəsinin müdafiəsinin şimal-şərq istiqamətində yerləşən və strateji əhəmiyyətli komanda məntəqəsi olan "Areqa" yüksəkliyi və ona bitişik döyüş mövqeləri Azərbaycan Respublikasının silahlı qüvvələrinin nəzarətinə keçib. Həmin gün itirilmiş mövqeləri geri almaq üçün edilən əks-hücum uğursuz olub. 29 sentyabr 2020-ci ildə erməni bölmələri "Areqa" yüksəkliyini və bitişik döyüş mövqelərini azad etmək üçün yeni əks-hücum əməliyyatı keçirib və bu, uğurla nəticələnib.

Lakin həmin gün saat təxminən 16:00-da general-mayor Arzumanyan yüksəkliyi azad edən bölmələri ziyarət edərək əməliyyatın nəticələri barədə məlumat alıb. O, əks-hücum nəticəsində "Areqa" yüksəkliyinin və döyüş mövqelərinin ələ keçirildiyini, qarşı tərəfin təminat yolunun nəzarət altına alındığını öyrənib. Bununla belə, əks-hücumda iştirak edən bölmələrin şəxsi heyətinə birbaşa və ya dolayısı ilə rəhbərlik etmək səlahiyyəti olmadan, üst rəhbərlikdən heç bir göstəriş almadan, bölmələrə digər hərbi tapşırıqları yerinə yetirmək əmri verilmədən şəxsi heyətə "Areqa" yüksəkliyini tərk edərək geri çəkilmək əmri verib. O, bunu həmin ərazidə başqa bir əməliyyatın planlaşdırılması ilə izah edib.

Bölmələr general Mikael Arzumanyanın geri çəkilmək əmrinə tabe olmaqdan imtina ediblər. Buna görə qəzəblənən general hərbi hissə komandiri ilə əlaqə saxlanılmasını əmr edib və daha sonra radio vasitəsilə ona tabeliyində olan bölmələrə "Areqa" yüksəkliyini tərk etmələri barədə əmr verməsini tapşırıb. Erməni bölmələri ilkin mövqelərinə geri çəkilib, Azərbaycan ordusu isə heç bir müqavimət görmədən irəliləyərək 29 sentyabr 2020-ci il saat 23:00-a olan vəziyyətə görə, "Areqa" yüksəkliyini və bitişik döyüş mövqelərini tam nəzarətə götürüb.

Bundan sonra Azərbaycan ordusu orada möhkəmlənərək erməni müdafiə bölmələrinin dərinliklərini müşahidə edib və bu üstünlükdən istifadə edərək digər döyüş mövqelərinə hücumlar təşkil edib. 3 və 5 oktyabr 2020-ci illərdə "Areqa" yüksəkliyini geri almaq məqsədilə edilən əks-hücumlar uğursuz olub və erməni bölmələri arasında böyük itkilər qeydə alınıb.

İstintaq müəyyən edib ki, 27 oktyabr 2020-ci ildə Azərbaycan bölmələri Çanaqçı kəndini azad edib. Həmin gün yüksək rütbəli bir zabit tərəfindən tərtib edilən rəsmi sənəddə Azərbaycanın əsas məqsədinin Şuşa şəhərini geri qaytarmaq olduğu bildirilib.

29 oktyabr 2020-ci ildə saat 06:00-da Azərbaycan ordusu Sığnaq kəndinə nəzarəti bərpa edib və Daşaltı-Şuşa istiqamətində irəliləməyə başlayıb. 30 oktyabrda yüksək rütbəli zabit döyüş əmri verərək bir bölməyə 31 oktyabr tarixindən etibarən Azərbaycan ordusunun Daşaltı istiqamətində irəliləyişinin qarşısını almaq üçün müdafiə mövqelərini tutmağı tapşırıb.

31 oktyabr saat 06:00-07:00 radələrində məlum olub ki, həmin müdafiə xətti artıq Azərbaycanın nəzarətinə keçib. Bu barədə həmin vaxt komandanlıq edən yüksək rütbəli zabitə məlumat verilib. Müdafiə xətti yarıya qədər qısalıb və sağ cinahda qoşun yerləşdirilmədiyindən Azərbaycan ordusu Şuşa-Turşsu magistralına asanlıqla yaxınlaşa bilib.

Arzumanyan həmin mövqelərə qoşun yerləşdirilməsi barədə göstəriş verməyib. Nəticədə 2 noyabr 2020-ci ildə Azərbaycan ordusu sağ cinahdan dolanaraq Şuşa və Turşsu arasındakı mövqeyə çıxıb. 4 noyabr 2020-ci ildə gecə saatlarında Azərbaycan silahlı qüvvələri Şuşa-Turşsu yolunu keçərək şəhərə doğru irəliləməyə başlayıb.

Erməni istintaqının məlumatına görə, Arzumanyan bu vaxt ərzində yetərli qoşunlara malik olsa da, onları vaxtında yerləşdirməyib və Şuşadakı müdafiəni səmərəli təşkil etməyib. 5 noyabrda Azərbaycan ordusu artıq şəhərə daxil olub, 7 noyabrda isə tam nəzarəti ələ keçirib.

Bütün bu əməllərinə görə general-leytenant Mikael Arzumanyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 375-ci maddəsinin 4-cü hissəsi və 376-cı maddənin 3-cü hissəsi üzrə cinayət məsuliyyətinə cəlb edilib və haqqında həbs qətimkan tədbiri seçilib.

P.S. Ermənistan hər dəfə Qarabağda Ermənistan ordusunun mövcud olmadığını bildirir. Paşinyan iqtidarı isə Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu qəbul etdiyini söyləyir. Elə isə Qarabağdakı quldur hansı əsaslarla Ermənistan Cinayət Məcəlləsinin müddəaları ilə mühakimə olunur?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR