İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi üçün kritik həftə -Baş məşqçinin adı tezliklə bəlli olacaq

Almaniyalı mütəxəssis Stefan Kunz AFFA tərəfindən futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd kimi təklif olunub. Lakin Azerisport.com xəbər verib ki, Türkiyə millisinin keçmiş çalışdırıcısı AFFA-nın planlarına daxil deyil, çünki alman millimizin gələcək sükançısı üçün tələblərə cavab vermir. Bundan əlavə, Türkiyədə iş təcrübəsinin yaxşı olmaması da rol oynayır.

Lakin bu günlərdə Almaniya mediasında yer alan xəbərlərdə bildirilir ki, AFFA tərəfindən mütəxəssisə təklif göndərilib.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov bununla bağlı tanınmış türkiyəli mütəxəssis Kenan Koçakla danışıb.

Türkiyə millisində Stefan Kuntzun da əsas köməkçisi olmuş K.Koçak Elçin Cəfərova bunları söyləyib:

“Bəli, xəbərlər doğrudur. Stefan Kuntz belə bir təklif olduğunu mənə təsdiqlədi.

Qeyd edək ki, gələn həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda millinin baş məşqçi mövzusu gündəmin əsas mövzusu olacaq.

Bəs bu postu kim tutacaq, müzakirələr niyə bu qədər uzanır? Son müddət nə vaxtdır?

AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli danışıqların aparıldığını təsdiqlədi: “Bu istiqamətdə danışıqlar gedir. Sadəcə ad açıqlanmır. Bu konfidensial olduğu üçün belədir. AFFA İcraiyyə Komitəsinin növbəti iclaslarında bu məsələ müzakirə olunacaq”.

Nazirlik federasiyalarla əlbir olub, vəsaiti mənimsəməklə məşğuldur“

Tanınmış idman yazarı Natiq Muxtarlı Azərbaycanda milli baş məqçiliyinə çoxlarının maraq göstərdiyini qeyd etdi: “Azərbaycan yığmasının baş məşqçi postu ilə bağlı söz-söhbət anlaşılandır. Xeyli məşqçi var ki, stressi olmayan gəlirli iş axtarır. Azərbaycan yığmasının heç bir hədəfi yoxdur. Amma baş məşqçiyə az qala nəhəng yığmaların çalışdırıcılarının aldığı qədər məvacib verilir. Belə işdən kim imtina edər? Ona görə də, xeyli məşqçi var ki, gözü bu postdadır. Yığmanın baş məşqçisinin təyinatı ilə bağlı məsələnin acı bağırsaq kimi uzanmasının başqa bir səbəbi odur ki, AFFA-nın yeni rəhbərliyinin heç bir strategiyası yoxdur.

Bu adamların strategiyası olsaydı, yığmanın baş məşqçisi məsələsi bu qədər uzanmazdı. O postu çoxdan yerli məşqçiyə tapşırardılar. Təbii ki, onun qarşısına da heç bir tələb qoyulmamalıdır. Çünki futbolu bəsit səviyyədə bilən şəxsə də bilir ki, Azərbaycan yığmasının indiki futbolçularla heç bir perspektivi yoxdur.

Yəni bu yığma böyük turnirlərə vəsiqə qazana bilməz. Ona görə də heç bir perspektivi olmayan yığmaya ildə 10 milyon manat xərcləmək də qeyri-peşəkarlıqıdr.

AFFA rəhbərliyi bu məsələni çoxdan bağlamalı, dərhal ölkədə infrastrukturun qurulması, xüsusən də bölgələrdə və uşaq futbolunun inkişafı ilə bağlı nəhəng layihəyə başlamalı idi.

Amma artıq ay yarımdır AFFA-da yeni rəhbərlik var, onlar hələ nəinki bircə bölgəyə baş çəkiblər, heç qurumun inzibati binasında da olmayıblar. Bilirsiniz, futbol ildə bir dəfə AFFA-nın binasına yığışıb mənasız qərarlara səs verməklə inkişaf etmir. Bunun üçün çalışmaq, özü də gecə-gündüz çalışmaq lazımdır. Sadəcə AFFA rəhbərliyi iş görmək niyyətində deyil. Ya da onlarda bu bacarıq yoxdur. Ona görə də “milli nağılı” ilə baş aldadırlar, “iş görürük” görüntüsü yaradırlar. Amma gəlin özümüzü aldatmayaq, aydındır ki, bu nağılın sonunda göydən üç alma düşməyəcək".

Yığma üzvləri öz klublarına buraxılıb\" - Federasiya rəsmisi

İdman mütəxəssisi Kənan Məstəliyev isə, yerli məşqçisinin milliyə gətirilməsinin tərəfdarıdır: “Azərbaycan yığma komandasının baş məşqçisi əcnəbi olacaq. Bu əvvəldən də bilinirdi. AFFA hələ də yerli mütəxəssislərə güvənmir, buna öyrənməyib, fikrini dəyişmək də istəmir. Dəfələrlə demişik ki, özümüzdə də yığmanı çalışdıracaq məşqçilər var, yetərincədi, amma fikir vermirlər. Ona görə də ümidimizi əcnəbinin heç olmasa yaxşısının gəlməsinə dikmişik. AFFA bir çox məşqçilərlə danışıb, aralarında Kunz da var idi. Düzü, mən də istəməzdim onun gəlməyini. Təcrübəlidir, amma burda işləməsi çətin olardı. Son günlərə qədər əsas namizədlər arasında Urs Fişer vardı, ideal variant idi, amma o da alınmadı. Ən azından məlumat belədi. Onun ”Union Berlin"lə gördüyü işlər hamımızın gözü önündədir, gəlsəydi, çox xeyrimiziə olardı. Hazırda ən öndə olan namizəd isə slovakiyalı Vladimir Vayssdır. Pis seçim deyil. Qafqazda işləyib, karyerası ərzində uğurlu işləri az olmayıb. Onu gətirsələr, ən azından ilkin mərhələ üçün uğurlu olacağına inanıram. Vaxt gedir, bu məsələ qarşıdakı 10 gün ərzində bitməlidir ki, yeni məşqçi heyəti yığıb iyundakı yoldaşlıq görüşlərində komandanı tanımağa başlasın. Bildiyim qədərilə gələn həftə İcraiyyə Komitəsinin iclası olacaq və orada bir sıra məsələlərlə yanaşı, məşqçi məsələsi də müzakirə ediləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR