Onlayn ictimai-siyasi qəzet
Bu gün COP29 Sədrliyi / Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə "Yaşıl İşlər və Bacarıqlar" mövzusunda Yüksək Səviyyəli Üçtərəfli Dəyirmi Masa təşkil olunub.
Musavat.com xəbər verir ki, Dəyirmi Masanın moderatoru Beynəlxalq Əmək Təşkilatının Məşğulluq və Sosial Müdafiə üzrə baş direktorunun köməkçisi Mia Seppo olub.
Tədbirdə ölkəmizlə yanaşı, Türkiyə, Çin, Özbəkistan, Böyük Britaniya, Pakistan, Bəhreyn, Monteneqro və digər ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak edib. Dəyirmi masanın moderatoru Beynəlxalq Əmək Təşkilatının (BƏT) İş və Sosial Müdafiə üzrə Baş direktorunun köməkçisi Mia Seppo olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, "yaşıl iqtisadiyyat"a keçid bu sahələr üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını da zəruri edir.
"Yaşıl texnologiyaların sürətli inkişafı tələb olunan bacarıqların da daim inkişaf etməsini şərtləndirir və mövcud təhsil, peşə təhsili sistemlərimizin bu dəyişikliklərə uyğunlaşması əsas istiqamətlərdən biridir. "Yaşıl iqtisadiyyat"a keçidi hədəfləyən digər ölkələr kimi, Azərbaycan da öz işçi qüvvəsini "yaşıl iqtisadiyyat"a keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır. Həmin keçid prosesi mühəndislik, ətraf mühit elmi, rəqəmsal texnologiyalar və digər sahələrdə texniki təcrübəyə malik işçi qüvvəsini tələb edir", - deyə nazir qeyd edib.
Sahil Babayev Qarabağ və Şərqi Zəngəzurda yaşıl iş yerləri üçün ixtisaslı kadr hazırlanması işlərinin miqyasının da getdikcə xeyli genişləndiyini, bu sahələrdə təlim proqramlarının "yaşıl iqtisadiyyat"ın inkişafına töhfə verməklə yanaşı, işsiz və işaxtaran şəxslər üçün yeni məşğulluq imkanları yaratdığını diqqətə çatdırıb.
Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Mixeil Sarjveladze isə qeyd edib ki, Gürcüstan Dünya Bankı ilə əməkdaşlığa başlayıb:
"İş axtaranları uyğun vəzifələrlə əlaqələndirən iş uyğunlaşdırma modulu qurmuşuq. Bu sistemin vacib bir hissəsi yaşıl iş yerləri üçün tələb olunan bacarıqları müəyyənləşdirmək və dəstəkləmək olacaq. Bu da bazarın tələbləri ilə işçi qüvvəsinin bacarıqları arasındakı boşluğu aradan qaldırmağa kömək edəcək".
Onun sözlərinə görə, yaşıl işlər yalnız məşğulluğun yaradılması ilə məhdudlaşmır, davamlı və firavan bir gələcəyə gedən yoldur.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov bu gün iqlim dəyişikliklərinə qarşı təcili tədbirlər görmək zərurəti və eyni zamanda ləyaqətli əmək, sosial müdafiə və inklüzivliyi təşviq etmək məsuliyyəti kimi ikiqat çağırışla üz-üzə olduğumuzu vurğulayıb. Onun sözlərinə görə, aşağı karbonlu, iqlimə davamlı iqtisadiyyatlara keçid yalnız ekoloji tələb deyil, bu, əmək sistemlərini və bacarıqların inkişafını yenidən təsəvvür etməyi tələb edən transformasiyaedici bir prosesdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) idarəedici direktoru İnqrid-Qabriela Hoven isə qeyd edib ki, yaşıl bacarıqların inkişafına daha çox diqqət yetirilməlidir:
"Əgər bu çağırışa diqqət etməsək, mitiqasiya və adaptasiya üzrə müvafiq tədbirləri həyata keçirməkdə daha ciddi problemlərlə üzləşəcəyik. Bu günə qədər müşahidə etdiklərimiz bunu bir daha təsdiq edir".
Deputat Nigar Məmmədova bildirib ki, parlament milli siyasətləri və iqlim gündəmini uyğunlaşdırmaqda kritik rol oynayır, ədalətli keçidi dəstəkləmək üçün vacib addımlar atır:
"Qanunvericilik, büdcə və nəzarət vasitəsilə parlament iqlim tədbirlərini bacarıqların inkişafı ilə birləşdirən bir yanaşma həyata keçirə bilər ki, vətəndaşlar gələcəyin işləri üçün lazımi bacarıqlara sahib olsunlar. Eyni zamanda dövlət orqanları, özəl sektor və cəmiyyətin digər təbəqələri ilə əməkdaşlıq edərək, işçi qüvvəmizin ehtiyaclarına cavab verən siyasət və proqramlar hazırlamaq çox vacibdir. Bundan əlavə, yeni yaşıl sektorlarda layiqli iş imkanlarının yaradılmasına və ədalətli iş şəraitinin təmin edilməsinə diqqət yetirmək olduqca önəmlidir. Bu, yalnız iqlim siyasətlərimizə olan ictimai etimadı artırmaqla qalmayacaq, həm də sosial həmrəylik və iqtisadi dayanıqlılığı təşviq edəcək. Birlikdə, həm ətraf mühitə uyğun, həm də sosial ədalətli bir gələcək üçün yol xəritəsini formalaşdıra bilərik. Biz davamlı texnologiyalar üçün maliyyələşdirməni prioritetləşdirməli, amma eyni zamanda yaşıl iş yerləri üzrə təlim və təhsil proqramlarına da investisiya qoymalıyıq. Bu, yalnız iqlim hədəflərinə çatmaqla bağlı deyil.
Bu, iqtisadiyyatımızı gələcəyə hazırlamaq və işçilərin qarşıdakı dəyişikliklərə uyğun olaraq təchiz olunmasını təmin etməkdir. Eyni zamanda, ədalətli keçid inklüzivlik tələb edir. Qanunvericilik, qadınlar, gənclər, kənd əhalisi və marginallaşmış qruplar daxil olmaqla, hər kəsə bacarıq təlimini əlçatan etməlidir. Yaşıl texnologiyalar və əmək bazarının dinamikası inkişaf etdikcə, siyasətlər diqqətlə hazırlanmalı və dinamik şəkildə uyğunlaşdırılmalıdır. Nəhayət, əsas nəzarət orqanı kimi parlamentlər şəffaflığı və hesabatlılığı təmin etməlidir".
Türkiyə ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan deyib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən sıfır tullantı layihəsi sosial bir hərəkata çevrilib. Nazir müavini qeyd edib ki, qadınların sosial iştirakını dəyişdirməyi və maliyyə resurslarını genişləndirməyi hədəfləyirlər:
"Tədbirlərimiz qadınların yeni iş bazarlarına, o cümlədən yaşıl iş yerlərinə, yaxşı çevik iş şəraitlərinə və daha çox bərpa olunan enerjili iş imkanlarına çıxışını dəstəkləyir".
Dəyirmi masada həmçinin Türkiyə, Çin, Özbəkistan, Böyük Britaniya, Pakistan, Bəhreyn, Monteneqro və digər ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər tərəfindən moderatorun sualları cavablandırılıb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ