Onlayn ictimai-siyasi qəzet
15 mart 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edib.
Nazir Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.
Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib.
Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.
Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.
Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.
Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş başa çatıb.
Musavat.com xəbər verir ki, hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
***
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü başlayıb.
Hazırda Heydər Əliyev Mərkəzində Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş keçirilir./"Report"
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ