Onlayn ictimai-siyasi qəzet
Parisin “qaşınmayan yerdən qan çıxartma” siyasəti öz sözünü deyir - rəsmi İrəvan yenidən anormal mövqeyinə qayıdıb; Azərbaycan XİN-dən və İcmadan sərt etirazlar; politoloq: “Səfir geri çağırılmalı və Bakıda Fransa diplomatlarının sayı azaldılmalıdır”
Son 30 ildə - Qarabağın işğalı zamanı, habelə 44 günlük Vətən müharibəsində, postmüharibə dövründə Azərbaycana qarşı ifrat qərəzli mövqe tutan Fransa lokal antiterror tədbirlərindən, ölkəmiz suverenliyini tam bərpa etdikdən sonra reallıqlarla barışmaq, bölgədə sülhə dəstək vermək əvəzinə, daha da radikal, şovinist mövqe sərgiləyir. Nəzərə çatdıraq ki, “bacısına” kortəbii şəkildə, böhtan mövqeyində duraraq dəstək verən Paris bugünlərdə bütün diplomatik etikanı pozur.
Bunu Ermənistana oktyabrın 3-də səfər edən Fransa xarici işlər nazir Katerin Kolonnanın açıqlaması da təsdiqləyir. “Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!”, - nazir “X” platformasındakı paylaşımında bildirib. Fransa XİN rəhbəri Ermənistana hərbi texnika verəcəklərini anons edib, bu kimi faktlar Parisin katalizator funksiyasından əl çəkməyəcəyini göstərir...
Bu arada Fransa Azərbaycana qarşı ən ağlasığmaz böhtanlar yağdırmaqla məşğuldur. Əlbəttə, Azərbaycanın da səbri tükənməz deyil və elan edildiyi kimi, Fransa ilə əlaqələrə yenidən baxılır.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırıb. “Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”, - deyə müvafiq açıqlamada qeyd edilir. Bu vəziyyəti rəsmi Paris yaratdı. Azərbaycan tamamilə haqlı olduğu halda ona qarşı qərəz sərhəd tanımadı və Bakı bəlli addımları atmaq məcburiyyətində qaldı.
Bəs bu gedişatda Fransa yanlışlarını düzəltmək kursu götürəcəkmi? Etməsə, bu onun imicinə necə təsir göstərəcək? Fransa ilə ticari-iqtisadi əlaqələrə də təsiri olacaqmı baş verənlərin?
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, rəsmi Parisin mövqeyi təəccüb doğurmur: “Fransanın Cənubi Qafqazda geosiyasi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları görürük. Amma bu siyasət ilk növbədə regiona baxışda ədalətli və beynəlxalq hüquqa əsaslanmalıdır. Amma Makron administrasiyası regionda işğal və separatizmə dəstək verməklə məşğuldur. Lakin proseslər onun siyasətinin fiaskoya uğraması ilə nəticələnəcək. Azərbaycan regionda yeni bir nizam yaradıb, öz ərazilərini işğaldan təmizləyib, suverenliyini bərpa edib, separatizmə son verib. Amma Fransa bununla barışmır. Fransa xarici işlər nazirinin Ermənistana səfəri məhz İrəvanı Azərbaycanla sülh müqaviləsindən yayındırmaqla regionda Türkiyə-Azərbaycan tandeminə qarşı qoyur”. Ekspertin sözlərinə görə, Paris hesab edir ki, bununla Cənubi Qafqazda söz sahibi olacaq: “Ermənistan elə bir ölkədir ki, onun belə bir potensialı yoxdur. Hökumət güclü və davamlı deyil. Rusiyanın bu ölkədə hərbi gücü qalmaqdadır. Ümumiyyətlə, Fransa sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəksə, nəticədə Ermənistan bataqlıqda qalacaq. Bu da Nikol Paşinyanın hakimiyyətinin sonu deməkdir. Əgər Nikol Paşinyan siyasi iradə ortaya qoymayaraq, Parisin avantürasına alət olacaqsa, nə Paris, nə də İrəvan proseslərdən qazanclı çıxmayacaq. Regionda inkişaf və Ermənistandakı sabitlik Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir. Fransanın anti-Azərbaycan siyasəti uğurla nəticələnməyəcək. Fransa Azərbaycanı "humanitar və etnik təmizləmə" siyasəti ilə də “vura” bilmədi. Çünki BMT müşahidə missiyası da həqiqətləri ortaya çıxardı. Paris Azərbaycanla əlaqələri böhrana aparır. Burada itirən Fransa olacaq". M.Əsədullazadə də hesab edir ki, Azərbaycan Fransa ilə siyasi-iqtisadi əlaqələrinə yenidən baxmalıdır: “Səfir geri çağırılmalı və Bakıda Fransa diplomatlarının sayı azaldılmalıdır. Düşünürəm ki, Ermənistan Fransanın hərbi yardımı ilə hərəkət etsə, sülh danışıqlarından geri çəkilsə, Rusiya, İran və Türkiyə tərəfindən də ciddi təzyiqlərlə üzləşəcək. Fransa region üçün təhlükəli ssenari ortaya qoyub. Bunun qarşısının alınması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından keçir”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Katrin Kolonnaya cavab verib. Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir. Bunu Ayxan Hacızadə özünün “X” səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavabında bildirib. “Onun "Fransa hər zaman Ermənistanın yanındadır" ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı", - XİN rəsmisi qeyd edib.
"Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənistanı militarizmə və revanşizmə sövq etdiyini göstərir". Bu barədə İcmanın Fransa xarici işlər naziri Ketrin Kolonnanın açıqlamaları ilə bağlı şərhində bildirilib. Qeyd olunub ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransanın indi Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışması riyakarlığın klassik nümunəsidir. “Azərbaycana qarşı "Ermənilər Qarabağdan güc tətbiq olunması təhlükəsinə görə çıxdılar" kimi iftira atan fransız nazir nədənsə ölkəsinin soyqırımlar, irqçiliklə dolu utancverici tarixini, hələ də başqa xalqları müstəmləkə asılılığında saxlamasını “unudur”. İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə və Azərbaycanofobiyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğrayacaq" - açıqlamada deyilir.
Məhz Fransa kimi dövlətlərin qızışdırıcı siyasətinin nəticəsidir ki, İrəvan davamlı şəkildə beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın daxili işlərinə burun soxur. Fransa XİN-in yersiz iddialarından sonra rəsmi İrəvan Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarət aldığı xunta rejiminin başçılarını müdafiə bəyanatı yayıb. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, Azərbaycanın torpaq bütünlüyünə qəsd etmiş canilərin, müharibə cinayətləri törətmiş şəxslərin cəzalandırılmasına qarşı çıxır ki, bunun da cavabı çox gecikməyib və sərt cavab verilib...
Məhz on illər boyunca “vasitəçi” qiyafəsində bölgədə artistlik edən Fransa rəsmilərinin sayəsində Ermənistan yenidən gərginliyi tətikləməyə cəhd göstərib.
E.PAŞASOY,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ