Onlayn ictimai-siyasi qəzet
“Ermənilərin Qazaxın 4 kəndini Azərbaycana qaytarmaq niyyətləri yox idi. Kəndlərlə bağlı Ermənistan hökumətinin çıxış yolunun olmamasını başa düşməsi kəndlərin qaytarılması ilə bağlı razılığın əldə olunması ilə nəticələndi”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, 4 kəndin qaytarılması Azərbaycanın müqəddəs torpaqlarına Azərbaycan bayrağının asılması deməkdir, eləcə də böyük Azərbaycan tarixinə, coğrafiyasına qayıdışdır:
“44 günlük müharibə vaxtı Azərbaycan Prezidenti bildirirdi ki, bir qarış torpağı belə kiməsə verməyəcək. Bu, çox vacib amildir. Xüsusilə, tariximizə nəzər saldıqda xanlıqlar dövrünə və ondan əvvəlki dövrlərə nəzər saldıqda görürük ki, müəyyən vaxtlarda ərazilərin mübadiləsi baş verirdi, kimsə kiməsə torpağı pay verirdi. Amma Azərbaycan Prezidenti göstərdi ki, torpaqdan pay olmaz. Hər bir qarış torpaqda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı yatır. Sözsüz ki, bizim onları kimdəsə saxlamağımız yolverilməzdir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan dayanmadı. Fürsətdən yaxşı mənada istifadə etdi. Biz anklavları, kəndləri unutmadıq, bunlar vacib idi”.
Politoloq əlavə edib ki, delimitasiya və demarkasiya ilə bağlı iki ölkə arasında hazırda mütəmadi görüşlər keçirilir, bu görüşlərdə xəritələrin hansı illərə aid olması, sərhədlərin dəqiqləşməsi məsələsi müzakirə edilir:
“Həm də Ermənistanla Azərbaycan arasında hələ sülh müqaviləsi imzalanmayıb. Belə olan təqdirdə Ermənistanın 4 kəndlə bağlı qərar verməsi Prezident İlham Əliyevin iradəsi, onun sistemli siyasəti nəticəsində əldə olundu. Ermənistan hakimiyyəti başa düşdü ki, Azərbaycan Prezidentinin dediklərini etməsələr, onları daha böyük məğlubiyyət, amma bu dəfə başqa istiqamətdə gözləyə bilər.
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması strateji, iqtisadi zəmində təhlil edilməlidir. İrəvanla Rusiya arasındakı, İrəvanla Gürcüstan arasındakı, İrəvanla Şərqi Avropanın Qara dəniz istiqamətindəki marşrut xətti, eyni zamanda İranın Mərkəzi Asiyadakı kommunikasiya xətti məhz bu yol vasitəsilə keçir. Azərbaycan əsgərinin, sərhədçilərinin 4 kəndə qaytarılması o demək olacaq ki, bu ərazilər daha yaxından bizim nəzarətimizdə olacaq, birbaşa olaraq Türkiyə sərhədinə qədər əraziləri öz nəzarətimiz altında saxlayacağıq. Bunun əhəmiyyətini hər kəs bilir, hər kəs Göyçə gölünün əhəmiyyətini bilir, Ermənistan ərazisinə mütəmadi olaraq hansı silahların daşınmasını bilir. Ermənistanın hansı ölkələrdən iqtisadi və nəqliyyat asılılığını da bilirik. Təsadüfi deyil ki, Ermənistandakı müxalifət partiyaları bu kəndlərin verilməsinə etiraz edirdilər, onların yollara nəzarəti itirəcəyini deyirdilər. Təbii ki, yeni yol çəkiləcək, amma yeni yol da Azərbaycan ordusunun nəzarəti altında olacaq”.
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ