Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Beləliklə, liderlərin 8 avqustda, Vaşinqton görüşündən sonra iki ölkənin XİN başçıları bir araya gəldilər, bu dəfə də məkan ABŞ oldu. Xatırlatmaq yerinə düşər ki, dövlət başçımız Vaşinqton razılaşmalarından sonra mətbuata müsahibəsində bildirmişdi ki, vaxt itirmək olmaz və proses sürətləndirilməlidir. Azərbaycanın müəllifi olduğu sülh təşəbbüslərinə Ermənistandan da dəstək gəlməsi ümidverici fikirlər söyləməyə imkan yaradır. Mülki Müqavilə Partiyasına yenidən sədr seçilmiş Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə partiyasının qurultayında bildirib ki, 1 il 7 aydır Azərbaycanla sərhəddə mərmi atəşi nəticəsində ölən və yaralanan olmayıb. “Bu, sülhdür və bizim məqsədimiz bu bir il yeddi ayı iki, üç, beş, 50, 100 ilə çevirmək və Ermənistanın bütün sərhədlərinə qədər uzanmaqdır”, - deyə Paşinyan əlavə edib. Baş nazir xatırladıb ki, sülh bəyannaməsi imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb.
N.Paşinyanın avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin iştirakı ilə imzalanan sənədlərə istinad edərək növbəti dəfə sülhməramlı mövqe sərgiləməsi radikalları dəli etsə də, inanmaq olar ki, proses məntiqi sonluğuna çatdırılacaq. Azərbaycan Prezidentinin Paşinyana verdiyi ev tapşırıqlarının icrasından çox şey asılıdır, əks halda, sülh sənədinin imzalanması da uzunmüddətli sülhə aparmayacaq. Bunun üçünsə Paşinyan hakimiyyəti tələsməlidir, xüsusən də konstitusiya dəyişiklikləri ilə bağlı cəsarət nümayiş etdirməlidir.
Bu yaxınlarda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, - Rubinyan deyib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirdiyi görüşdə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqlar ikitərəfli əsasda aparılır. Prezident qeyd edib ki, artıq iki ölkə arasında sülh bərqərar olub. Bütün bu gedişat və səslənən bəyanatlar sülh perspektivinə inamı artırır. Xüsusən də rəsmi Bakının təşəbbüsləri önəmli rol oynayır.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen bir müddət əvvəl İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə dolayısı ilə Zəngəzur dəhlizi - Tramp marşrutunun maliyyələşməsi ilə bağlı anons etmişdi. “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır”, - Henrehen bildirib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Austria Press Agentur-Austria Press Agencyə müsahibəsində diqqətçəkən fikirlər səsləndirib. “Keçən ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra biz regionda - Cənubi Qafqazda yeni bir tarixi dövrə daxil oluruq və bu xüsusda avstriyalı həmkarlarımızı və dostlarımızı vəziyyət barədə məlumatlandırmağı məqsədəuyğun hesab etdik”, - E.Əmirbəyov bildirib. (APA) O, konkret olaraq hazırkı Ermənistan Konstitusiyasından qaynaqlanan problemi qeyd edib. Belə ki, konstitusiyanın preambula hissəsində Dağlıq Qarabağa dair ərazi iddiaları mövcuddur. “İmzalanacaq sülh sazişi qarşılıqlı ərazi iddialarından imtinanı nəzərdə tutur”, - Elçin Əmirbəyov qeyd edib. O vurğulayıb ki, regionda uzunmüddətli sülh və sabitlik üçün çox böyük imkanlar var. Cənab Əmirbəyov bu istiqamətdə mühüm addım kimi Ermənistan ərazisindən keçəcək, Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək 43 kilometrlik avtomobil və dəmir yolu xəttinin tikintisini göstərib. “Burada söhbət yalnız Azərbaycanın iki hissəsinin birləşməsindən deyil, həm də Ermənistan və Azərbaycan, eləcə də Asiya və Avropanın birləşməsindən gedir”, - deyə o ənənəvi olaraq Zəngəzur dəhlizi adlanan, lakin Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan layihəni təsvir edib. “Bu, siyasi iradə olduğu təqdirdə, regionda hər kəsin faydalana biləcəyi sülh layihəsidir”, - deyə o, İranın tənqidlərinə münasibət bildirib. Ermənistan tərəfi isə Zəngəzur dəhlizi ilə bağlı “daşı ətəyindən tökmüş” kimi görünür, hətta dəhlizin İran üçün də faydasından bəhs etməkdədir. Bütün bunlar yeni mərhələ sayıla bilər.
Liderlərin təlimatı əsasında bir araya gələn XİN rəhbərlərinin görüşü nə vəd edir? Bütün bunlar sülh müqaviləsinin imzalanması, yaxud Zəngəzur dəhlizində işlərə başlanmasının anonsu sayıla bilərmi?
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, son günlərdə baş verən hadisələr Cənubi Qafqazda yeni bir geopolitik mərhələnin başlanğıcından xəbər verir: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir araya gəlməsi regionda yaranmış müsbət dinamikanın təzahürüdür. Bu görüş sadəcə bir diplomatik təmas deyil, həm də liderlərin Vaşinqtonda əldə etdikləri razılaşmaların davamlılığının təmin edilməsi istiqamətində atılan qətiyyətli addımdır. Prezident İlham Əliyevin Vaşinqton razılaşmalarından sonra "vaxt itirmək olmaz" bəyanatı bu prosesin sürətini müəyyən edən əsas amil kimi çıxış edir".
T.İsmayılov vurğuladı ki, Ermənistan rəhbərliyinin də sülh mesajları verməsi İrəvanın regional reallığı qəbul etməyə başladığını göstərir: “Bu, Azərbaycanın güclü iradəsi və həm hərbi, həm də diplomatik qətiyyəti nəticəsində əldə edilmiş nailiyyətdir. XİN başçılarının görüşü sülh gündəliyinin irəlilədilməsi üçün praktiki addımların müzakirə olunduğu bir platformaya çevrilib. Bu, sülh müqaviləsinin imzalanması prosesinin artıq texniki mərhələyə keçdiyini göstərir, çünki nazirlər liderlərin təlimatları əsasında konkret məsələləri müzakirə edirlər. Eyni zamanda Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın "Tramp Marşrutu Layihəsi"ni (TRIPP) müzakirə etmək üçün ABŞ-yə səfəri regionda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Papoyanın sözlərinə görə, artıq bu layihə çərçivəsində 145 milyon dollarlıq birinci tranş daxil olub. Bu, Vaşinqtonun regional iqtisadi layihələrə dəstək verməkdə maraqlı olduğunu sübut edir. “Tramp Marşrutu Layihəsi”nin əsas komponentlərindən biri kimi Zəngəzur dəhlizi məsələsi də durur. Bu layihə regional kommunikasiyaların açılmasına və Azərbaycanın Qərbə doğru strateji əlaqələrini gücləndirməyə xidmət edir".
STM əməkdaşının fikrincə, bütün bu hadisələr bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır: “XİN rəhbərlərinin görüşü sülh prosesini siyasi müstəvidə irəli aparır, iqtisadi nazirin səfəri isə bu prosesin iqtisadi əsaslarını möhkəmləndirir. Bu, Zəngəzur dəhlizində işlərə başlanması üçün bir anons sayıla bilər. Azərbaycan uzun müddətdir bu dəhlizin regional əməkdaşlıq və sülh üçün əhəmiyyətini vurğulayır. Artıq Ermənistan tərəfi də beynəlxalq təzyiq və iqtisadi fayda naminə bu layihəyə maraq göstərməyə başlayıb. Bu, Ermənistanın öz iqtisadi gələcəyini Azərbaycanla münasibətlərin normallaşmasından asılı gördüyünün bir əlamətidir”. T.İsmayılov qeyd etdi ki, Vaşinqton sülh gündəliyini dəstəkləyir və bu prosesdə fəal rol oynayır: “ABŞ-nin iqtisadi layihələr vasitəsilə regionda mövcudluğunu artırması sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Lakin bu prosesin rəvan getməsi Ermənistanın daxili destruktiv qüvvələrinin təxribatlarından asılıdır. Azərbaycanın mövqeyi qətidir: ya sülh müqaviləsi, ya da sülh müqaviləsi, alternativ ola bilməz! Ermənistan sülh yolunu seçsə, bölgənin iqtisadi inkişafından faydalanacaq. Əks halda, bölgənin gələcəyini Azərbaycanın diktə etdiyi reallıq müəyyən edəcək. Bu danışıqların əsas məqsədi Ermənistanı sülh müqaviləsini imzalamağa və Azərbaycanın ərazi bütövlüyünü tam tanımağa məcbur etməkdir. Bu, tarixi bir məqamdır. Ermənistan konstitusiya dəyişikliyi üçün də çevik addımlar atmalıdır”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ