Onlayn ictimai-siyasi qəzet
Ötən il Azərbaycana birbaşa xarici investisiyalar (BXİ) 7 mlrd. dollar təşkil edib. Birbaşa xarici investisiyaların repatriasiyası isə 7,2 mlrd. dollar olub.
Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
Azərbaycandan xaricə birbaşa xarici investisiyalar isə 1,8 mlrd dollara bərabər olub. Ən çox yatırım edilən ölkələr sırasında BƏƏ, Türkiyə, Birləşmiş Krallıq və Gürcüstan yer alıb. (APA)
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində bildirib ki, istənilən sahəyə investisiya ciddi təhlillər əsasında formalaşır:
“Statistik təhlillər aparıldıqdan, SWOT analizi edildikdən, ümumi investisiya portfelinin digər risklər və gəlirlər istiqamətində təhlili həyata keçirildikdən, eyni zamanda diskontlaşdırılmış pul axını (DPX) metodu ilə risk analizi aparıldıqdan sonra investisiya yatırımı ilə bağlı qərar qəbul edilir.
Təkcə investisiya yatırılacaq sektorlar deyil, ölkələr də bu təhlillərin əsasında seçilir. Azərbaycan analizlərin nəticələrinə görə, daha çox BƏƏ, Türkiyə, Birləşmiş Krallıq və Gürcüstana investisiya yatırır. Risk faktorları, investisiyaların geridönüş göstəriciləri, eyni zamanda birmənalı olaraq ölkələr arasında olan münasibətlər amillərini xüsusi vurğulamaq lazımdır, çünki elə ölkə var ki, investisiyanın geridönüşü yoxdur, amma Azərbaycanın həmin ölkə ilə münasibəti yüksək səviyyədədir.
Elə ölkələr də var ki, investisiyaların geridönüşü var, ölkələr arasında münasibətlər də yüksəkdir, amma risk faktorları mövcuddur, məsələn, müharibə amili ola bilər. Buna görə də bir ölkənin xarici investisiya siyasətində risk faktorları, investisiyaların geridönüş göstəriciləri və ölkələr arasında olan münasibətlər əsas rol oynayır”.
İqtisadçının sözlərinə görə, gələcəkdə Azərbaycanın xarici investisiya siyasətində yeni sahələrə yer verilə bilər:
“Türkiyədə infrastruktur, texnologiya, avtomobil sənayesi, BƏƏ-də isə texnologiya, azad iqtisadi zonalarının nüfuzunu nəzərə alsaq, daşınmaz əmlak sektoru kifayət qədər perspektivlidir. Gürcüstanda isə enerji, turizm, kənd təsərrüfatı Azərbaycan və ümumiyyətlə, sahibkarlıq üçün perspektiv imkanları olan sektorlardır.
Birləşmiş Krallıq ən müasir iqtisadiyyatın sektorlarını əhatə edir. Burada maliyyə sektoru xüsusi çəkiyə malikdir. Azərbaycanın hansı dərəcədə və hansı resurslarla iştirakı dövlət qarşısında ilk sualdır. Birləşmiş Krallığın maliyyə sektoruna investisiya yatırmaq hər bir ölkənin arzusudur, çünki hər bir ölkə üçün bu imkanları əldə etmək böyük perspektivlər vəd edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ