Onlayn ictimai-siyasi qəzet
Rəqəmlər ürəkaçan deyil; ekspert: “Elmi sahəyə daha çox investisiya yatırılmalıdır və...”
Azərbaycanda elmlə bağlı ən böyük problemlərindən biri ciddi bir tranformasiyadan keçməsidir. “Yeni Müsavat” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu”nda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır.
“Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir.
Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük.
Düşünürəm ki, vacib digər məqam xaricdə təhsil proqramlarıdır. Bu proqramlar Azərbaycanın gələcəyini müəyyən edə bilər. Son 3 il ərzində hər il 400-ə qədər şəxsi xaricdə təhsilə göndərdik. İnanıram ki, onların böyük qismi Azərbaycana töhfələr verəcək", - deyə nazir əlavə edib.
Ümumiyyətlə, son illərə diqqət etsək görərik ki, Azərbaycan alimləri dünya miqyasında irəlidə deyil. Bəs bunun səbəbi nədir? Nəyə görə Azərbaycan alimlərinin etdiyi kəşflər, apardıqları tədqiqatlar dünya miqyasında tanına bilmir?
Yeri gəlmişkən, tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. “AD Scientific Index” təşkilatı tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir. “AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22,350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) üzrə alimlərin reytinqini müəyyənləşdirir.
2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb. Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.
“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətdə mövzu ilə bağlı fikirlərini bölüşüb: “Elm və təhsil naziri Emin Əmrullayev bugünkü çıxışında haqlı olaraq deyib ki, elmin vəziyyəti ürəkaçan deyil. Elmlə bağlı rəqəmlərin ürəkaçan olmaması, Azərbaycanın elmi və təhsil sahəsində müəyyən problemlərin olduğuna işarə edir. Ölkənin elmi fəaliyyət göstəricilərinə dair statistik məlumatlara əsaslanaraq, vəziyyəti daha dərindən təhlil etsək, bir sıra məqamlara aydınlıq gətirmiş oluruq. İlk olaraq burada elmi məqalələrin sayının yetərli olmaması və keyfiyyəti vurğulanmalıdır. Azərbaycanın elmi tədqiqat sahəsindəki göstəriciləri beynəlxalq səviyyədə yüksək deyil. 2022-ci ilin göstəricilərinə görə, elmi məqalələrin sayı. "Scopus" və "Web of Science" kimi beynəlxalq elmi bazalarda yer alan azərbaycanlı tədqiqatçıların məqalələrinin sayı məhduddur. "Scopus"da yerləşdirilmiş məqalələrin sayı 2020-2022-ci illərdə təxminən 2500-3000 civarındadır. Qonşu ölkələrlə müqayisədə, bu rəqəm əhəmiyyətli dərəcədə aşağıdır. Məsələn, Türkiyədə bu göstərici 50.000, İranda isə 60.000-dən çoxdur. Eləcə də jurnalların reytinqi (Q1, Q2, Q3, Q4) - azərbaycanlı tədqiqatçıların məqalələrinin əksəriyyəti aşağı reytinqli (Q3 və Q4) jurnallarda dərc olunur. Q1 və Q2 jurnallarda çap olunan məqalələrin sayı isə çox azdır, bu da elmi tədqiqatların keyfiyyətində ciddi problemlərin olduğunu göstərir. Sitat göstəriciləri - tədqiqatların digər alimlər tərəfindən istinad edilməsi elmin təsirini göstərən əsas göstəricilərdən biridir. Azərbaycan alimlərinin məqalələrinə istinad edilən hallar da çox azdır. Orta istinad göstəricisi beynəlxalq standartlara nisbətdə aşağı səviyyədədir.
İkincisi, elm üzrə maliyyələşdirmə və investisiyalardır. Elmin inkişafı üçün əsas faktorlardan biri də dövlət və özəl sektor tərəfindən maliyyələşdirmədir. Azərbaycanın dövlət büdcəsindən elm və təhsil sahəsinə ayrılan vəsaitin həcmi 2022-ci ildə ÜDM-nin yalnız 0.2-0.3%-ni təşkil etmişdir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2%-dən yuxarıdır. Məsələn, Cənubi Koreyada ÜDM-nin təxminən 4%-i elm və texnologiyaya sərf olunur. Tədqiqat və İnkişaf (R&D) xərcləri- Azərbaycanda R&D xərcləri çox aşağıdır. 2021-ci ilin məlumatlarına əsasən, bu göstərici 0.17% təşkil edir. Bu, beynəlxalq göstəricilərdən, məsələn, Avropa Birliyindəki 2.2% orta göstəricidən xeyli aşağıdır.
Üçüncüsü, elm işçilərinin sayı və keyfiyyəti ilə bağlıdır. Azərbaycanda hər 1 milyon nəfərə düşən alim və tədqiqatçıların sayı təxminən 500-600 nəfərdir. Qonşu ölkələrlə müqayisədə bu rəqəm də çox aşağıdır; məsələn, Rusiyada bu göstərici 3.500-dən çoxdur. Eyni zamanda Azərbaycan elminin yaş strukturu problemlidir. Alimlərin çoxu 50 yaşdan yuxarıdır, gənc alimlərin sayı azdır. Bu da elmin davamlılığı və gələcəyi üçün böyük bir problemdir. Gənc tədqiqatçılara dəstək azdır və onların ölkədən çıxış imkanları daha yüksəkdir, bu da beyin axını problemini yaradır".
Ekspert əlavə edib ki, Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakı da məhduddur: “Avropa İttifaqının Horizon proqramlarında və ya digər beynəlxalq tədqiqat layihələrində iştirak edən azərbaycanlı alimlərin sayı azdır. Bu, həm maliyyələşdirmə, həm də beynəlxalq əlaqələrin zəifliyinə işarədir. Elmi əməkdaşlıq və tədqiqatlarda ölkənin cəlbediciliyi də aşağı səviyyədədir. İnkişaf etmiş ölkələrin elmi institutları ilə mübadilə və birgə layihələr sahəsində də irəliləyiş yoxdur.
Azərbaycan gənc tədqiqatçı və alimlərinin xaricə getməsi, digər ölkələrdə təhsil alıb orada qalması da beyin axını problemi yaradır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin böyük bir hissəsi ölkəyə geri dönmür. Bu da elmi kadr potensialının azalmasına səbəb olur və ölkədə elmin inkişafını ləngidir. Bu göstəricilər əsas götürülərək, Azərbaycanın elminin inkişafını təmin etmək üçün bir neçə təklif verilə bilər. İlk olaraq maliyyələşdirmə artırılmalıdır. Elmi tədqiqatlar və innovasiya sahəsinə dövlət büdcəsindən və özəl sektordan ayrılan vəsaitlərin artırılması lazımdır. Gənc alimlərin tədqiqat aparması və xaricdə təcrübə qazanması üçün xüsusi proqramlar və qrantlar təşkil edilməlidir. Elmi tədqiqatların aparılması üçün lazımi infrastrukturun qurulması, müasir laboratoriyalar və elmi mərkəzlərin yaradılması vacibdir. Beynəlxalq əməkdaşlığın artırılması: beynəlxalq elmi layihələrdə iştirakın artırılması, xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsi üçün strategiyalar hazırlanmalıdır. Nəticə olaraq Azərbaycanın elm sahəsində rəqəmlər ürəkaçan deyil və bu, bir çox sahədə ciddi dəyişikliklərin və islahatların həyata keçirilməsini tələb edir. Elmi fəaliyyətin keyfiyyətini və kəmiyyətini artırmaq, beynəlxalq səviyyədə tanınma əldə etmək üçün elmi sahəyə daha çox investisiya yatırılmalı, gənc tədqiqatçılara dəstək verilməli, infrastruktur və beynəlxalq əməkdaşlıqlar gücləndirilməlidir. Yalnız bu yolla Azərbaycan elmi beynəlxalq səviyyədə rəqabətqabiliyyətli ola bilər".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ