İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qərarlar qəbul etməsinə nail olub-ŞƏRH

 

 

“Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı siyasət və hərbi əməliyyatlar unikal idi. Hesab edirəm ki, bu, tarixə düşəcək. Azərbaycan siyasi müstəvidə uzun müddət torpaqların işğaldan azad olunması, suverenliyin bərpa edilməsi üçün qətiyyətli mübarizə aparıb, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qərarlar qəbul etməsinə nail olub”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması ilə bağlı şərhində deyib. O bildirib ki, Azərbaycan həqiqətləri, Ermənistanın  işğalçılıq siyasəti dünya ictimaiyyətinə çatdırılıb: “Eyni zamanda Azərbaycan ölkə daxilində ciddi iş apararaq dövlətçiliyimizi möhkəmləndirdi. Ordumuzun güclənməsi, müasir tələblərə cavab verməsi üçün böyük işlər aparılıb. Nəticədə 44 gün ərzində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi, Ermənistanın hərbi strukturlarının zəifləməsinə şərait yarandı. Digər tərəfdən ərazidə yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün əməli təkliflər irəli sürüldü".

Deputat bildirib ki, erməni dilində təhsil, hüquq və azadlıqların qorunması, bələdiyyənin formalaşdırılması, dini ibadətin qorunub saxlanılması kimi hüquqlara hörmətlə yanaşılacağına zəmanət verilib:

"Bununla belə Ermənistan və separatçı rejim buna laqeydlik göstərdi. Əksinə, Azərbaycana qarşı vaxtaşırı təxribatlar, terror əməlləri törətdilər. Azərbaycanın antiterror tədbiri keçirməkdən başqa çıxış yolu qalmadı. 1 sutkadan da az müddətdə qeyri-qanuni hərbi dəstələr məğlub edildi, separatçı rejim özünü buraxmaq məcburiyyətində qaldı. Antiterror tədbirləri zamanı yalnız hərbi obyektlər vuruldu. Mülki əhaliyə zərər verməmək, mülki obyektləri dağıtmamaq üçün  ciddi tədbirlər görüldü. Bir nəfər mülki belə həlak olmadı. Eyni zamanda Qarabağı tərk etmək istəyən ermənilərə rahat şərait yaradıldı. Bütün bunlar Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşa hörmətlə yanaşdığının göstəricisidir. Qarabağda qalan əhalinin sağlamlığı, təhlükəsizliyi üçün dövlət tərəfindən ciddi addımlar atılır. Yayılan video görüntülərdən yaşayış binalarının, sosial obyektlərin, infrastrukturun dağıdılmadığının şahidi oluruq. Bir sözlə, Azərbaycan öz hüquqlarını qorumaq ciddi addımlar atır, digər tərəfdən hərbi əməliyyatlar apardıqda belə mülki şəxslərə ziyan dəyilmədiyinin şahidi oluruq. Azərbaycan sivilliyi, dövlətin humanizmini bir daha dünyaya nümayiş etdirdi”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR