İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır”-ŞƏRH

“Münaqişə dövrünə baxsaq, digər dövlətlərdən, xüsusilə Fransadan fərqli olaraq Almaniya münaqişəyə daha balanslı yanaşıb. Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Bu, Azərbaycan dövləti tərəfindən hər zaman yüksək dəyərləndirilib”.

Bu fikirləri Musavat.com-a Prezident İlham Əliyevin Almaniyaya səfərini dəyərləndirərkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib. İkinci Qarabağ müharibəsindən sonra müəyyən dövlətlərin vasitəçilik təşəbbüslərinə diqqət çəkən ekspert qeyd edib ki, Fransa postmünaqişə problemlərinə obyektiv yanaşmadı: “Almaniya isə Azərbaycan və Ermənistan prezidentlərinin Berlində görüşünü təşkil etdi, hər hansı müdaxilə etmədi. Bizim tərəfimizdən mənfi qarşılanan mövqe nümayiş etdirmədi. Digər dövlətlərdən fərqli olaraq Almaniya obyektiv rol oynaya bilər. Hərçənd, Azərbaycan vasitəçilərsiz danışıqlara üstünlük verir, lakin münasibətlərin normallaşması ilə bağlı məkan olaraq müəyyən təşəbbüslər ola bilər. Hər bir halda müsbət dəyərləndiririk. Xüsusilə, Fransanın qərəzli siyasəti fonunda Azərbaycanın rəsmi mövqeyi də ondan ibarətdir ki, Almaniyanın təşəbbüslərinə müsbət yanaşırıq”.

Mətin Məmmədli vurğulayıb ki, AŞPA-dakı bəzi alman deputatlar Azərbaycana qarşı qərəzli mövqedə olsalar da, rəsmi mövqe müsbətdir: “Almaniya bəzi məsələlərdə Fransanı əvəz edə bilər. Sülh üçün vasitəçi platformasına gəlincə, görüşlər müxtəlif ölkələrdə keçirilə bilər. Biz danışıqlarda xüsusi vasitəçi olmadan da nəticə ala bilərik. Hər halda, son aylarla baş verənlər bunu bir daha təsdiq edir. 4-5 ay ərzində Azərbaycan vasitəçi olmadan iki mühüm razılaşma əldə edib. İstənilən halda Azərbaycan obyektiv rolu olan ölkələri müsbət qəbul edir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR