İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən çox silah aldığı ölkə - generalın səfərinə sözardı

Putin bu əməkdaşlığa mane ola bilərmi?  

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də Belarus Respublikasında işgüzar səfərdə olub. O, bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb. 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, növbəti il üçün Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin təxminən 5 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.  

Bəs işğalçı Rusiyanın müttəfiqi olan Belarusla hərbi sahədə əməkdaşlığımız nə yerdədir və nə dərəcədə genişlənə bilər? Putin imkan verərmi? Hazırda Azərbaycanın əsas silah tədarükçüsü hansı ölkədir? 

Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola  bilməz” - MÜSAHİBƏ | Modern.az

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a dedi ki, Belarusla Azərbaycan arasında çox xoş münasibətlər var: “Lukaşenkonun ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, hər zaman Ermənistanı deyil, Azərbaycanı dəstəkləyib. Rəsmi Bakının apardığı uğurlu xarici siyasət nəticəsində bu blokun daxilindən, yəni KTMT-dən həm Qazaxıstan, həm də Belarus Azərbaycanı dəstəkləyib. Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli, çox sıx əməkdaşlığa malikdir. Bu ölkələrdən də biri Belarusdur. Bu dövlət hərbi sahə də daxil, bir çox sahələr üzrə ölkəmizlə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar daha da genişlənməkdədir. Azərbaycan tərəfi də bunda çox maraqlıdır. Bir faktı da unutmayaq ki, Belarusun ən ağır zamanlarında Azərbaycan dövləti hər zaman Minskin yanında olub. Hesab etmirəm ki, Rusiya Belarusa tam təsir edə bilər ki, Azərbaycanla əməkdaşlıq etmə. Ölkəmizin hər hansı bir dövlətdən asılacağı yoxdur. Azərbaycanın Türkiyə, Pakistan kimi qardaş ölkələri var. İsrail kimi müttəfiqimiz var. Dünyanın bir çox aparıcı ölkələri ilə əməkdaşlıq edirik. Amerika "907-ci düzəliş"i götürdü. Yaxın gələcəkdə Amerikadan silahlar ala bilərik. Çindən tutmuş bir çox güclü dövlətlərlə müttəfiqliyimiz dərindir. Dünyanın hansı ölkəsinin istəyindən asılı olmayaraq, Azərbaycan bu işləri özünün bildiyi səviyyədə həyata keçirəcək”. 

niyameddin.jpeg (186 KB)

Niyaməddin Orduxanlı 

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab etmir ki, Putin Azərbaycan-Belarus münasibətlərinə mane olmağa çalışsın: “Öncə onu qeyd edim ki, Azərbaycan-Belarus münasibətləri hər zaman yüksək səviyyədə olub. Hər iki dövlət arasında qarşılıqlı əlaqələr və səmimi münasibətlər mövcuddur. Belarus ən çətin vəziyyətlərində Azərbaycandan yardım istəyib. Azərbaycan da dost ölkə kimi Belarusa dəstək olub. Hər iki dövlətin birgə əməkdaşlığa dair rəsmi sənədlərinin imzalanması da baş verib. Azərbaycan Belarusla xüsusən hərbi əməkdaşlığa dair bu günə kimi əməkdaşlıq edir. Bildiyim qədər, həm Vətən müharibəsi dövründə, həm də ondan qabaq Belarusun hərbi sənayesinə daxil olan silah-sursat tədarüklərini həyata keçirmişik. Hətta ən uzaq vuran raketləri bizə Belarus satıb. Belarus Prezidenti Lukaşenko hər zaman Qarabağın Azərbaycan torpağı olduğunu və Azərbaycanın haqlı tərəf olduğunu bəyan edib. Hətta Ermənistan rəhbərliyini açıq şəkildə tənqid də edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin işgüzar səfəri Azərbaycanın müdafiə sisteminin daha da güclənməsinə və daha geniş əməkdaşlığa xidmət edir. Biz tək Belarusla deyil, qardaş Türkiyə, İsrail, İtaliya, Pakistanla da hərbi əməkdaşlığa dair addımlar atırıq və bu çox doğru qərardır. Azərbaycan özünün müdafiəsi ilə bağlı hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayırır. Rusiyanın Belarusla müttəfiqliyinə gəldikdə isə, bunun Azərbaycana heç bir təsiri ola bilməz. Biz unutmamalıyıq ki, bir neçə il bundan qabaq Rusiya Azərbaycanla rəsmi olaraq strateji əməkdaşlığa dair sənəd imzalayıb. Azərbaycan rəsmən Rusiya ilə müttəfiqdir və bu sənədi hər iki ölkənin prezidentləri imzalayıb. İkinci bir tərəfdən, Azərbaycan uzun müddətdir ki, dünyanın hərbi qüdrətinə görə ikinci dövləti olan Rusiya ilə hərbi əməkdaşlığa dair addımlar atır. Rusiya hərbi sənayesinin istehsal etdiyi böyük həcmli silah-sursat almışıq. İnanmıram ki, Putin Belarus-Azərbaycan münasibətlərindən narahat olsun. Rusiya Azərbaycanın haqlı tələbini qəbul etməlidir. Azərbaycan dünyanın ən müasir hərbi sənayesi olan ölkələrlə də əməkdaşlıq etməlidir və silah tədarükümüz əsasən Türkiyə, İsrail, Pakistan və digər ölkələr olmalıdır”. 

Cavanşir ABBASLI, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR