İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azdrama”da dramatik gözlənti

Azər Paşa Nemətovun vəfatından sonra onun yerinə kimin gətiriləcəyi ilə bağlı müzakirələr qızışmaqdadır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovun vəfatından sonra onun yerinə kimin gətiriləcəyi ilə bağlı müzakirələr qızışmaqdadır. Teatra rəhbər kimi xalq artisti Nurəddin Mehdixanlı, keçmiş rəhbər İsrafil İsrafilov, teatrşünas İlham Rəhimlinin gətiriləcəyi ilə bağlı iddialar var idisə, artıq bu siyahıda rejissor Mehriban Ələkbərzadənin də adı çəkilir.

Mehriban Ələkbərzadə "Azdram"a gətirilir Yeni Sabah

Mehriban Ələkbərzadə

Rejissor bu barədə yayılan iddialarla bağlı “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Qeyd edim ki, bu barədə hələ ki heç bir rəsmi məlumat yoxdur və nazir əmri imzalayana qədər də bu haqda danışmağın artıq olduğunu düşünürəm. Əmr imzalansın, rəhbər seçilsin, bundan sonra danışaram. Kim rəhbər olarsa, Allah xeyir versin. 25 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləmişəm. Mən ilk təcrübəmi orada almışam, ilk tamaşalarımı orada hazırlamışam. Ancaq hazırkı yerimdən də narazı deyiləm - Gənc Tamaşaçılar Teatrının baş rejissoruyam. Necə məsləhət bilsələr, elə də olar”.

Yayılan iddia ilə bağlı Akademik Milli Dram Teatrından “Yeni Müsavat”a verilən açıqlamada isə Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına rəhbər təyin olunması ilə bağlı heç bir rəsmi informasiya olmadığını deyiblər: “Rəsmi informasiya yoxdursa, bunu şərh etmək doğru deyil. Teatra rəhbər təyin etmək mədəniyyət nazirinin səlahiyyətindədir. Əgər hər hansı təyinat olarsa, bununla bağlı Mədəniyyət Nazirliyi açıqlama yayacaq”.

Teatrşünas İlham Rəhimli isə səslənən iddialara bu cür cavab verib: “Şəxsən mənim AMDT-ha rəhbərlik etmək fikrim yoxdur, çünki direktor vəzifəsini icra etmək kimi qabiliyyətim yoxdur. O ki qaldı kimin bu vəzifəyə gətirilməsinə, əlbəttə ki, bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi qərar verəcək. Bu vəzifədə kimi görmək istəyirəm - deyə bilərəm ki, çox sayda rejissor, bu vəzifəyə layiq olacaq dostlarım var. İndi birinin adını çəksəm, digərinin xətrinə dəyər. Ona görə də qeyd edirəm ki, rəhbərlik kimi gətirərsə, o da bu vəzifədə çalışar. Bizə uğur diləmək qalır”.

Oxu.az - Nurəddin Mehdixanlı: Yarıçılpaq gəzənə qızım deyə bilmərəm

Nurəddin Mehdixanlı

Xalq artisti Nurəddin Mehdixanlı “Yeni Müsavat”a açıqlamasında Akademik Milli Dram Teatrının tələblərinin daha yüksək olduğunu və bunun üçün də təyinat məsələsi zamanı teatrın kollektivinin də rəyi alınmalı olduğunu vurğulayıb: Əlbəttə ki, təyinat məsələlərini bizlər həll etmirik, bunun üçün səlahiyyətli orqanlar var. Lakin düşünürəm ki, teatr spesifik bir yerdir, orada sənətkarlar, yaradıcı insanlar çalışırlar. Teatra rəhbər təyin edəndə ömrünü, həyatını bu sənətə həsr etmiş insanların da rəyi nəzərə alınmalıdır. Axı bu teatr fabrik deyil ki, kimisə birbaşa təyin edir və deyirlər ki, onu qəbul edin. Bu vaxta qədər təyinatlar bu cür oldu və həmin təyinatların acı nəticələrini gördük və bu gün də yaşayırıq. Ona görə də kimliyindən asılı olmayaraq, hər kimsə teatra rəhbər gətirilirsə, mütləq şəkildə bizim rəyimiz soruşulmalıdır. Kollektivin rəyi olmasa kimsə təyin olunarsa, teatrda çalışa bilməyəcək. Çünki hər halda, bura Akademik Milli Dram Teatrıdır, onun tələbləri daha yüksəkdir. İndi bəziləri var ki, bu məsələdə adlarını təklif edir, adlarının hallanması yönündə çalışırlar, amma nahaq yerə özlərini yormasınlar. Hamımız bir-birimizi tanıyır, kimin kim olduğunu bilirik. Bundan sonra da kimlərsə teatrı talamaqla, onu hörmətdən salmaqla, özünün hansısa şəxsi, maddi maraqlarını təmin etmək üçün rəhbərliyə gəlib çıxmaq istəyirsə, biz buna imkan verməyəcəyik".

Teatrın digər aktyoru, əməkdar artist Füzuli Hüseynov isə təyinatla bağlı məsələyə sosial şəbəkədə münasibət bildirib. “”Azdrama"dan bəzi çaqqal səsləri gəlir. Çaqqalın işi ulamaqdır. Unutmayın", - deyə aktyor qeyd edib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR